“Dövlətçilik mövqeyindən çıxış edən qəzetlərimizin sıradan çıxacagına inanmıram” - Cahangir Məmmədli

15:16 20.07.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin açdığı cığırla nə az, nə çox düz 145 ildir ki, yol gəlir. Bu yol mətbuatımız üçün heç də hamar olmayıb. Qeyd edək ki, 22 iyul tarixi həm də "Həftə içi" qəzeti üçün müstəsna əhəmiyyətə malikdir. Qəzetimiz məhz 1998-ci il Milli Mətbuat Günündə ilk dəfə oxucuları ilə görüşə gəlib.    

Milli Mətbuatın 145 illiyi ərəfəsində “Həftə” içi qəzeti olaraq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Jurnalistika fakültəsinin nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli ilə mətbuatımızın keçdiyi 145 illik yola işıq tutmağa çalışmışıq:

- Mətbuatımızın 145 illik tarixi, sözün əsil mənasında, böyük bir tarix hesab olunur. Azərbaycan mətbuat tarixinin formalaşmasının xalqımızın həyatında çox böyük bir önəmi var. Düzdür, bizdə Fransa, İtaliya, Türkiyə ilə müqayisədə mətbuatın formalaşması gec başlayıb. Amma buna baxmayaraq çox sürətlə inkişaf edib. Yəni, XIX əsrin ikinci yarısının maarifçiləri, başda Həsən bəy olmaqla cəmiyyəti maarifləndirmək üçün çox böyük çaba göstərdilər. Həsən bəy Zərdabinin buraxmış olduğu qəzetin səhifələrində tərəfsizlik, qərəzsizlik və dəqiqlik prinsipinə necə əməl etdiyini söyləmək olar. Məhz həmin materiallara yenidən diqqət salanda açıq şəkildə görmək olur ki, H.Zərdabi özünün ilk qəzeti ilə Azərbaycanın ilk milli qəzeti tərəfsiz, qərəzsiz və dəqiq informasiyanın tərəfdarı olub. Bu amil də onun təcrübəsində daha geniş anlamda həyata keçirilib. Ona görə də, belə bir addım böyük bir məktəb rolunu oynamış olub. H.Zərdabinin özündən sonra gələn Azərbaycan mətbuatının nümayəndələri bu məktəbdən bəhrələnib. Bundan sonra isə, Azərbaycanda yeni məktəblər meydana çıxdı. Əgər H.Zərdabi məktəbi bir tipoloji fakt olmuşdursa, onun ətrafında yaranan Azərbaycan jurnalistikasının sonrakı inkişafında mətbuatın çox geniş tipoloji spektri yarandı. Hətta elə bir mühit yetişdi ki, 1906-cı ildə Molla Nəsirəddin kimi, böyük bir satirik jurnal meydana çıxdı. Beləliklə də, Azərbaycan mətbuatında satirik jurnalistikanın da əsası qoyulmuş oldu. Bununla yanaşı, "Fyuzat" ədəbi məktəbi yaradıldı. Ona görə də, tam cəsarətlə demək olar ki, 1900-cü illərdə fəaliyyət göstərən mətbuat orqanlarının böyük əksəriyyəti millətə xidmət edən, milli müstəqilliyə çağırış notları ilə çap edilən bu qəzetlərin hər biri bir məktəb rolundadır. Məhz bu məktəbin davamı və nəticəsi Azərbaycan Xalq Cümhuriyyəti deyilən bir faktı ortaya qoymuş oldu. Bu fakt isə Şərq dünyasında birinci olaraq müstəqil respublikanın yaranmasına gətirib çıxarmış oldu.  Sonrakı dövrlərdə isə sovet dövrü mətbuatı meydana çıxmış oldu. Bunu isə sovet jurnalistikası adlandırırdılar. Məhz belə bir absurd və rus jurnalistikasının dəmir senzurası altında 1804-cü ildən 1991-ci ilə qədər davam edən senzuranın altında Azərbaycan mətbuatı fəaliyyətini davam etdirdi. Nəhayət isə, biz mətbuatın dəmir senzura sistemindən tam mənası ilə imtina etdik. 1992-ci ildə qəbul olunmuş KİV haqqında qanun və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası birdəfəlik olaraq senzuranı qadağan etdi. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə birdəfəlik olaraq senzuranın qalıqları tamamilə aradan qaldırıldı. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qanun  beynəlxalq aləmdə və Avropa sisteminə söykənərək, tam demokratik prinsiplərə əsaslanır. Bu mənada, Azərbaycan jurnalistikasının qanunvericilik bazası da yarandı və bu bazanın əsasında Azərbaycan jurnalistikası böyük sürətlə inkişaf etməkdədir.

-Sizcə, bu gün müasir Azərbaycan mətbuatı “Əkinçi” ənənələrinə sadiqlik nümayiş etdirə bilirmi?

- Təbii ki, hazırda Azərbaycanda “Əkinçi” ənənələrini davam etdirən, bu ənənəyə sədaqət göstərən çox mətbuat orqanı var. Elə biri də sizin “Həftə içi” qəzeti. Düzdür, bu gün dünya dəyişir, texnologiya sürətlə inkişaf edir. Bu dəyişim sistemində ənənələrə sədaqət göstərənlər də, göstərməyənlər də var. Jurnalistikaya qeyri-peşəkarlar, hətta onların arasında orta məktəbi tam bitirməyənlər də var. Bugünkü reallıq ondan ibarətdir ki, heç bir təhsili, diplomu olmayan  “jurnalistlər” mediada at oynadırlar. Çünki Azərbaycanda KİV haqqında qanunvericilik o qədər azad və sərbəsdir ki, 18 yaşı tamam olmuş hər kəs qəzet, sayt yarada, televiziya aça bilər. Bəziləri də bundan sui-istifadə edirlər. Amma bununla yanaşı, Zərdabi, Axundov ənənələrinə riayət edən, onların yolu ilə gedən mətbu orqanlarımız az deyil. Onlar yaşamaqdadırlar. Hansı mətbu orqan əməl etmirsə, hansı qəzet Azərbaycan mətbuatının ənənələrindən kənara çıxırsa, onların ömrü də uzun olmur. Baxın, 1918-ci ildən yaranan “Azərbaycan” qəzeti, “Kommunist” qəzetinin “Xalq qəzeti” variantı, sonralar yaranmış “525-ci qəzet”, “Şərq” qəzeti, “Kaspi” qəzeti və. s “Əkinçi” ənənələrinə son dərəcədə sadiqdirlər. Ona görə də geniş oxucu auditoriyasına malikdirlər.

- Hazırda informasiya texnologiyalarının inkişafı fonunda çap mediasının həm sosial şəbəkələrə, həm də onlayn mediaya uduzduğu önə sürülür. Bu tendensiyanın çap mediasını tədricən sıradan çıxaracağı barədə mülahizələr mövcuddur. Bununla bağlı siz nə düşünürsünüz?

- Təxminən 6 il bundan öncə Amerikada “Washington Post” qəzeti  elan etmişdi ki, biz kağız variantından xilas oluruq və fəaliyyətimizi elektron formatda davam etdirəcəyik. Amma keçə bilmədilər. Çünki elektron variantdan gələn reklam gəlirləri çap formatı ilə müqayisədə bir neçə dəfə aşağı oldu. Onlar da gördülər ki, cap formatı heç nə əvəz etmir. Düzdür, bunlar transmilli qəzetlərdir. Belə qəzetlər keyfiyyətli qəzetlər sisteminə aiddir. Bizim özümüzdə də təxminən 10-15 qəzet var ki, reklam bazarı zəif olsa da, bu bazara girə bilməsələr də klassik ənənələrə sədaqət göstərirlər, o ənənələrdən uzaqlaşmırlar. Ona görə də həmin qəzetlərə dövlət tərəfindən mütəmadi olaraq dəstək verilir. Bu yaxınlarda Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqəsi oldu. Həmin prosesdə müəyyən məsələlərdə mən də iştirak etdim. Demək olar ki, müsabiqə olduqca obyektiv və şəffaf keçirildi. Nəticədə 18 qəzetə dövlət dəstəyinin verilməsi barədə qərar qəbul olundu. Mətbuata dövlət dəstəyi hər zaman olacaq. Nə qədər ki, mənim Prezidentim var, bu dövlət dəstəyi özünü göstərəcək. Çünki Heydər Əliyevin qoyub getdiyi azad mətbuat konsepsiyası İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bəzən ele düşünürlər ki, dövlətin dəstək verdiyi mətbuat orqanlarından dövlət ancaq onu müdafiə etməyi tələb edir. Qətiyyən belə deyil. Mən bunu işin içində olduğuma görə deyirəm. Həmin qəzetlərin heç birindən belə tələblər yoxdur. Amma bu qəzetlərin içində vətəndaşlıq mövqeyindən, dövlətçilik mövqeyindən çıxış edən qəzetlərimiz var ki, onların nə vaxtsa sıradan çıxacagına mən inanmıram.

- Məlum olduğu kimi, bu yaxınlarda Ermənistanın Tovuz rayonu istiqamətində törətdikləri təxribatın nəticəsi olaraq cəbhədə vəziyyət yenidən gərginləşib. Müharibə şəraitində yaşayan ölkə olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Sizin də vurğuladığınız kimi, ermənilərin törətdikləri təxribat nəticəsində cəbhədə vəziyyət yenidən gərginləşib. Bu gün mən ön xəttə peşəkar jurnalistləri görürəm və onlar xalqımızı, dünya ictimaiyyətini dəqiq, operativ şəkildə məlumatlandırırlar. Onların fəaliyyəti ilə qurur duyuram, çox vaxt da narahatçılıq keçirirəm. Çünki ön xəttə işləmək, xəbər hazırlamaq asan deyil. Əsl jurnalistlərin o cəsarəti qarşısında baş əyirəm. Bu gün jurnalistlər erməni xəyanətinin iç üzünü açmaq, onu dünya ictimaiyyətinə çatdırmaq üçün bütün gücləri ilə çalışırlar. Xüsusilə TV-lərimizin bu istiqamətdə rolu danılmazdır. Amma bir məsələyə də toxunmalıyam ki, bu gün sosial şəbəkələrdə özünü jurnalist adlandıran bəzi şəxslər var ki, onlar suyu bulandırmaqla məsğuldurlar. Ümumiyyətlə, sosial şəbəkə söz azadlığının ideal məkanıdır. Bu ideal vasitədən adam kimi, Azərbaycanın bu günkü şəraitində Vətən və qeyrət deyə işləyən jurnalistlərə mane olanlar elə qeyrətsiz insanlardır. Peşəkar, qabaqcıl jurnalistlərə canımı qurban edərəm. Onların sayı çoxdur. Həmin jurnalistlər olan yerdə sosial şəbəkələrdəki şəbədələr heç nəyə nail ola bilməyəcəklər.

- Cahangir müəllim, mətbuatda çalışan peşəkar jurnalistlərdən çoxunun müəllimi olmusunuz. Pedaqoji fəaliyyətinizi hazırda da davam etdirməkdəsiniz. Bir neçə il öncə jurnalistikaya qəbul qaydalarında dəyişiklik edildi. Yeni qaydalarla jurnalistika fakültəsinə qəbul olmuş tələbələrdən gözləntiləriniz nədən ibarətdir?

- Bilirsiniz, ortada yaxsı məhsul olması üçün ilk növbədə xammal yaxşı olmalıdır. Mən düşünürəm ki, biz jurnalistika fakültəsinə qəbul zamanı müsabiqə keçirilməsini tətbiq etməklə çox böyük səhvə yol verdik. Gərək bu təklifin reallaşması üçün heç Prezidentə müraciət etməzdik. Çünki yeni qaydaların tətbiqindən sonra gördüm ki, fakültəyə xeyli dərəcədə savadsız uşaqlar gəlib çıxdı. Düzdür, onların içərisində çox istedadlı olanlar da var. Bəzən elə yazılar ortaya qoyurlar ki, adam heyran qalır. Lakin yenə də mən çox istəyərdim ki, bu müsabiqə söhbəti ortadan qaldırılsın və əvvəlki illərdə olduğu kimi fakültəmizə yenidən yüksək ballı, savadlı uşaqlar gəlsinlər. Amma bu bir az mürəkkəb söhbətdir və mənim arzumdan asılı məsələ deyil. Bütün bunlara baxmayaraq biz yenə də çalışırıq ki, xammalı zəif olan tələbədən də yaxşı jurnalist hazırlayaq. Demək olar ki, bu məsələdə fakültəmizin bütün müəllimləri səfərbər olublar.

Oxunma sayı 730