“Ermənistan artıq ordu yarada bilmir” – Müsahibə

12:48 24.09.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbaycan ərazilərini işğalı məsələsi beynəlxalq təşkilatların bir çox qərar və bəyanatlarında öz əksini tapsa da, torpaqlarımızın azad olunması ilə bağlı verilən qərarların icra mexanizmi işləmir. İşğal siyasəti yürüdən və maşa olan bu dövlətin məhz bundan bəhrələndiyi sirr deyil.

Bu günlər 75 illiyini qeyd edən BMT kimi nüfuzlu beynəlxalq təşkilatın torpaqlarımızın işğaldan azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasında sərgilədiyi acizlik, bu qurumla bağlı gözləntiləri doğrultmur. Ölkəmizin daxili və xarici təsirlərə qarşı dayanıqlığı qanunla necə tənzimlənir və erməni separatçılarının ölkəmizə qarşı apartığı ideoloji terrora qarşı xaricdə baş qaldıran həmlələr daha çox nəyə yönəlikdir? 

Bu və digər məsələlərlə bağlı “hafta.az”-a müsahibə verən millət vəkili Bəhruz Məhərrəmov mühüm məqamlara toxunub.

 

-Bəhruz müəllim, bu günlər BMT özünün 75 illiyini qeyd edir. O BMT ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı heç bir addım ata bilmir. Ermənistanın beynəlxalq hüququ tapdalayaraq, beynəlxalq hüquqa barmaqarası yanaşması nə dərəcədə bu dövlətin iradəsinə bağldır və buna nə zaman son qoyulacaq?

- Ermənistanın təcavüzkarlıq aktı sırf  BMT-nin 10-dan artıq sənədində öz əksini tapıb. Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı BMT-nin 4 qətnaməsi, Təhlükəsizlik Şurasının 7 bəyanatı, Baş Assambleyasının 1 qətnaməsi var. Bütün bunların fonunda Ermənistan beynəlxalq hüququ tapdalayır, beynəlxalq hüquqa barmaqarası yanaşır və nəticələri aradan qaldırmaq əvəzinə, yenidən hərbi ritorikaya üstünlük verir. Bu da Ermənistanın öz iradəsi ilə olan bir məsələ deyil. Ermənistan maşa dövlətdir, Ermənistan iqtidarı kukla bir iqtidardır. Ermənistanda müharibə imitasiyası yaradıb danışıqları pozmaqla ölkə daxilində Paşinyan hakimiyyətinin ömrünü uzatmaq istəyirlər. Ermənistan vətəndaş müharibəsi ab-havasındadır və parçalanmış cəmiyyəti var. Erməni cəmiyyəti bu birliyə məhz Azərbaycanla düşmənçilik eyforiyası çərçivəsində nail olmaq istəyir.  Ermənistan nə müharibə apara biləcək, nə də buna gücü çatacaq bir dövlət deyil və demoqrafik vəziyyəti buna imkan vermir. Təsəvvür edin ki, Ermənistanda 1,6 milyon əhali var, bunun da əksəriyyəti qocalar, qadınlar uşaqlardır. Bu baxımdan Ermənistanda hərbi vəziyyətlə bağlı qanun qəbul edilib və ictimai müzakirələrə verilib. Orda qadınların və yaşlıların orduya çağrılması, çağırış yaşının azaldılması kimi nüanslar var. Ermənistan artıq ordu yarada bilmir. Bütün bunların fonunda baş verənlərin sadəcə diasporadan və ayrı-ayrı beynəlxalq təşkilatlardan yardım dilənmək şərtləridir. Azərbaycanın səbri hədsiz deyil, artıq cənab Prezident özü ən ali səviyyədə bildirdi ki, biz artıq məcbur olub beynəlxalq hüququ bir kənara qoyub ədaləti öz gücümüzə bərpa edəcəyik. Hesab edirəm ki, artıq Ermənistan dövləti, erməni insanı bu bəyanatdan real şəkildə qorxmalıdır.

-Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayır. İstədiyi vaxt təxribat törədir, istədiyi vaxt köçürülmə aparır, seçki keçirir, bir sözlə istədiyi oyunları oynayır. Belə bir atmosfer Azərbaycanın sosial sferasında psixoloji terror effekti verir. Sosial ictimaiyyətdə belə bir qəzəb hissi yaranıb ki, nə qədər “zəifdir, gücsüzdür” deyilsə də, erməni öz bildiyini edir. Bu düşüncədən necə azad olmalıyıq?

 - Reallıq ondan ibarətdir ki, bu gün ərazilər Ermənistanın və Ermənistanı himayə edən dövlətin nəzarəti altındadır. Torpaqlarımız işğalçının nəzarətində olduğu üçün  ermənilər bu addımları ata bilir. Biz bu günə qədər danışıqlara xələl gətirməmək, beynəlxalq hüququn münaqişələrin dinc yolla nizamlanması prinsipinə,  imkanlarına xələl gətirməmək üçün susurduq. Görürsüz ki, artıq nə xalqın, nə də dövlətin gözləmək fikri, istəyi yoxdur. O da reallıqdır ki, uzun müddət nəticəsiz olan danışıqları göz ardına alan işğalçının Qarabağda apardığı oyunlar istər-istəməz belə fikirlər yarada bilər. Lakin bu vəziyyət Azərbaycan ordusunun, Azərbaycan dövlətinin gücü ilə həllini tapacaq. İnfrastruktur da, ora köçürmələr də, ermənilərə işləyən nə varsa, hamısı gələcəkdə Azərbaycan əhalisinə xidmət edəcək. Və eyni zamanda kimlər ki, ora qanunsuz  köçürülüb, onların hamısı Azərbaycanın ərazisinə qanunsuz sərhəddi keçmiş və yaxud da digər qanunsuz əməllərinə görə ittiham olunaraq qanun qarşısında cavab verəcəklərkm.

- Bir qədər öncə müəyyən kadr islahatları əsasında bəzi vəzifəli şəxslərin, icra məmurlarının vəzifələrindən uzaqlaşdırılandan sonra müxalifətə keçib hökumət-xalq arasında narazılıq yaradacağı ilə bağlı fikirlər də  meydana çıxdı. Məsələyə bu aspektdən yanaşılarsa buna qarşı hansı addımların atıldığını söyləyə bilərik?

- Dünyanın sivil ölkələrində istər nazir, istər ayrı ayrı yüksək vəzifəli şəxslər olsun, işdən çıxarılandan sonra hakimiyyət üçün ehtiyat edəcəyi qüvvəyə çevrilir. Amma Azərbaycana nəzrə yetirsək, burada hakimiyyətdən kənarlaşdırılmış heç bir kəsin xalq, ictimaiyyət arasında  nüfuzu yoxdur. O sabah partiya yaratsın, istər hansısa siyasi birlik, qurum yaratsın ora qohumlarından başqa heç kimi yığa biləcək durumda deyil. Üstəlik o, bu günə qədər dövlət vəzifəsində olarkən xalqdan özünü mühafizə edib. Onların xalq arasına çıxmağa üzü də yoxdur. Əlləri korrupsiyaya batmış, ədallətsizliyə batmış adamların bu gün hakimiyyəti nədəsə günahlandırmağa mənəvi haqqları yoxdur. Kadr islahatı ilə bağlı bu məsələ narahatlıq doğurmur. Lakin nəzərə alaq ki, həmin şəxslər korrupsiya yolu ilə kifayət qədər vəsait yığa biliblər və üstəlik bunların digər dövlətlərlə də bağlantıları var. Bax bu, artıq narahatlıq doğuran məqamdır. Lakin bir neçə gün əvvəl Ermənistanın təcavüzkarlığı, müharibəyə hazırlaşması ilə bağlı münasibətdə Azərbaycan Prezidenti eyni zamanda dedi ki, xüsusi xidmət orqanlarımız bir çox məsələlərlə bağlı bizə ətraflı məlumatlar verirlər. Azərbaycanda çox peşəkar hüquq-mühafizə sistemi, güc strukturu, xüsusi xidmət orqanları fəliyyət göstərir. Bu baxımdan bizim təhlükəsizlik xidmətləri atılacaq hər hansı neqativ addımlardan bir addım qabaqdadır və bu istiqamətdə fəaliyyət göstərirlər. Sadəcə bu qruplar  özlərinin maliyyə imkanları hesabına bəzi ələbaxan media qrupları, qərəzli mövqedə olan jurnalist heyəti formalaşdırıblar. Amma bunların heç bir gücü qalmayıb. Xalq kimə inandığını və kimin arxasında olduğunu bilir.

-Xarici ölkələrdə fəaliyyətdə olan müəyyən onlayn TV-lər var ki, Azərbaycanla bağlı neqativlər saçırlar. Bu cür medianın fəaliyyətinin düzgün tənzimləməsi üçün hüquqi baxımdan hansı təsir elementlərindən istifadə oluna bilər?

-Bizim inzibati məsuliyyəti müəyyən edən qanunvericiliyimiz var. Bizim cinayət məcəlləsinin məkana görə qüvvəsi var.  Burda Azərbaycandan kənarda Azərbaycan dövlətinə və vətəndaşlarına münasibətdə cinayət törətmiş şəxslərə dair davranışın və onların məsuliyyətə cəlb olunmasına dair əsasları müəyyən olunub. Bu istiqamətdə addımlar atılmalıdır. Əgər ortada cinayət əməli varsa, əgər ortada dövlətə qarşı aşkar xəyanət və pozuntu halları mövcuddursa təbii dövlət  beynəlxalq hüquqi əməkdaşlıq imkanlarından yararlanıb bu şəxslərin cəzalandırılmasına nail oluna bilər.

Baxaq görək, xaricdə onlar nə ilə dolanır, nə ilə yaşayır. Məsələ ondan ibarətdir ki, onların bir çoxu Azərbaycandakı müəyyən işdən qovulmuş və sair məmurların pulu hesabına dolanırlar. Həmin şəxslərin  başqa adlar altında xaricdə kifayət qədər geniş biznesləri var. Bu gün Ermənustan kimi dövlətlər, ayrı-ayrı beynəlxalq təsisatlar Azərbaycanı öz təsiri altına almaq istəyir. Bu gün Azərbaycan beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirən dövlət kimi tanınır. İri təşkilatlar bu kimi söyüş söyən adamları maliyyələşdirmir. Onları ayrı-ayrı beyin mərkəzləri, ayrı-ayrı institutlar maliyyələşdirə bilər. Belə xırda qruplar yalnız elə özümüzün daxilindən korrupsiyaya bulaşmış insanlar tərəfindən maliyyələşdirilir.

 

Oxunma sayı 431