“Vəsait birbaşa işçinin deyil, müəssisənin hesabına köçürüləcək” - Ruslan Atakişiyev  

19:06 01.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hafta.az saytının müsahibi İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevdir.

İqtisadçı ekspert hazırda ən çox müzakirə edilən dövlətin iqtisadi yardım paketi ilə bağlı suarrımızı cavablandırıb:

-Ruslan müəllim, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına,eləcə də ölkə vətəndaşlarına təsirlərinin azaldılması ilə bağlı dövlət tərəfindən hazırlanan dəstək proqramını necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi,  koronavirusla bağlı məhdudiyyətlərin tətbiq olunması iqtisadiyyatın qeyri-neft sektorunda işləyənlərə, həm də biznes strukturların fəaliyyətinə öz təsirini göstərib. Bir çox sahələr var ki, demək olar, fəaliyyətlər dayanıb. Azərbaycan dövləti tərəfindən sahibkarlar və biznes strukturlarını nəzərdə tutan dəstək proqramı bir neçə istiqaməti əhatə edir. Birinci proqram əsasən muzdlu işçiləri əhatə edir. Ümumiyyətlə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq 12-yə yaxın sahə müəyyənləşdirib ki, həmin sahələr həyata keçirilən tədbirlərdən birbaşa təsirə məruz qalır. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Məsələn, birinci proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Digər tərəfdən, dəstək proqamında sahibkarlar və biznes strukturları üçün digər kredit faizlərinin dövlət tərəfindən ödənilməsi, ipoteka kreditlərinə dəstək verilməsi kimi məsələlər də öz əksini tapıb. Bu da koronvirus dövründə sahibkarlıq subyektlərinin dayanıqlığının təmin edilməsinə xidmət edir. Burada əsasən də tikinti sektorunun koronovirusdan sonrakı inkişafını təmin etməklə bağlı bir sıra məsələlər öz əksini tapıb. Eyni zamanda, bu həm də sosial sahədir, çünki, vətəndaşlar yeni mənzillərə sahib olarkən bu onların rifah səviyyəsini qaldırır. Bu baxımdan sahənin canlanması ölkə üçün çox vacibdir. Sözsüz ki, dünyada, eləcə də ölkəmizdə pandemiya ilə bağlı görülən tədbirlər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Lakin pandemiyanın nə qədər davam edəcəyini bilmədiyimiz üçün bu cür qabaqlayıcı tədbirlərin görülməsi düşünürəm ki, həm sahibkarlar, həm də ümumilikdə ölkə iqtisadiyyatına böyük dəstək olacaq.

- Dövlət dəstəyinin forma və istiqamətləri barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, muzdlu işçiləri olan müəssisələrə tapşırıq verilib ki, bu çətin dövrdə öz işçilərini ixtisar etməsinlər. Bunun əvəzində isə hökümət həmin sahibkarlıq subyektlərinə işçilərin maaşının 50 faizini ödəyəcəyini təklif edir. Yəni,  bu müəssisələrin əmək haqqı fondu var ki, məhz həmin fondun 50 faizini dövlət ödəyəcək. Azərbaycanda orta əmək haqqı meyarı 712 manatdır. Bu o deməkdir ki, onun yarısını dövlət ödəyəcək. Yəni, deyək ki, bir müəssisədə 5 nəfər işçi var və işçilərin 1 aylıq əmək haqqı fondu 3 min manatdır. Həmin vəsaitin 1500 manatını dövlət qarşılayacaq. Bu da sahibkarların çətin məqamda yükünün azaldılmasına xidmət edəcək. Bununla təxminən 300 minə yaxın özəl sektorda çalışanlara dəstək veriləcək. Digər bir yardım istiqaməti isə özəl və ya dövlət universitetlərinin ödənişli təhsil alan tələbələri ilə bağlıdır. Belə ki, pandemiya ilə bağlı bəzi ailələrin gəlirləri azalıb ki, onlar da təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Bu vəsaiti də dövlət öz üzərinə götürüb.

- Dövlət dəstəyi proqramında həssas qrupların sosial müdafiəsinin gücləndiriləcəyi məsələsi də yer alıb. Bu istiqamətdə konkret kimlərə maliyyə dəstəyi veriləcək?

- Ümumiyyətlə, həssas qruplar dedikdə təqaüdçülər, ünvanlı sosial yardım alanlar, əlillər, şəhid ailələri başa düşülür. Amma bu pandemiya dövründə daha bir həssas qrup formalaşıb ki, onlar günəmuzd işləyən vətəndaşlardır. Tutaq ki, müxtəlif bazarlarda qeyri-rəsmi əmək müqaviləsi olmadan çalışan insanlar, taksi sürücüləri, təmir sexlərində çalışanlar və.s izolyasiya tədbirləri ilə bağlı işsiz duruma düşüblər. Həmin şəxslərlə bağlı müvafiq tədbirlər proqramı hazırlanır. Bu dəstək ya məşğulluğun təmin olunması, ya da ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi formasında olacaq. Onu da qeyd edim ki, ölkədə muzdla çalışan insanların sayı az deyil. Hamıya da məlumdur ki, ölkədə müqaviləsiz və ya muzdla çalışan 100 minlərlə insan var. Belə desək, təxminən 1 milyona yaxın bu tipli işlərdə çalışan insanlar var. Digər bir yardım istiqaməti isə özəl və ya dövlət universitetlərinin ödənişli təhsil alan tələbələri ilə bağlıdır ki, onu da vurğuladım. Dövlət sektorunda çalışanlarla bağlı isə hansısa problem yoxdur. Bu sahədə 900 mindən çox insan var  ki, onlar büdcədən maliyyələşirlər. Bu şəxslərlə bağlı dövlət dəstək proqramında heç bir dəstək paketi nəzərdə tutulmur. Yəni, onların əmək müqavilələrində nəzərdə tutulan qaydada ödənişləri eyni ilə davam edəcək. Eyni zamanda təqaüdçülərlə bağlı əlavə dəstək paketi ilə bağlı məlumat yoxdur. Əsas hədəf onların  təqaüdlərinin vaxtı-vaxtında ödənilməsidir ki, bununla bağlı heç bir problem yoxdur.

-Bəs, dövlətin pandemiyadan əziyyət çəkən qruplara ayıracağı vəsaitdə ünvanlılığın təmin olunmasına nəzərət hansı formada həyata keçiriləcək?

- Dövlət işçi üçün nəzərdə tutduğu vəsaiti birbaşa işçiyə deyil, müəssisənin hesabına köçürəcək. Amma aidiyyəti qurumlar bu vəsaitin ünvana çatıb-çatmamasına nəzarət edəcək. Çünki hər bir müəssisənin işçisinin sayı və əmək haqqı fondu barədə məlumatlar aidiyyəti qurumlar tərəfindən əvvəlcədən əldə ediləcək. Bununla da vəsaitin unvana çatıb-çatmaması müəyyən olunacaq.

Oxunma sayı 63