"Dövlət dəstəyi proqramı biznesin və iqtisadiyyatın şəffaf olan hissəsini əhatə edir” - Ekspert

10:58 06.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə yaradılan işçi qruplar tərəfindən mövcud vəziyyətlə əlaqədar müxtəlif sahələrə dövlət dəstəyini nəzərdə tutan 10 proqram hazırlanıb. Qeyd edək ki, bu paketin hazırlanmasında məqsəd koronavirusun iqtisadiyyata, eləcə də sahibkarlara vurduğu ziyanın minimumlaşdırılması və bununla bağlı dövlət tərəfindən həm birbaşa maliyyə dəstəyi, həm də dolayı dəstək proqramının təqdim olunmasıdır.

Dəstək proqramına vergi güzəştləri, kreditlərə güzəştin tətbiq edilməsi, ipoteka kreditləşməsinin genişləndirilməsi, faizlərin subsidiya edilməsi kimi tədbirlər daxildir. Proqram praktik olaraq həm sahibkar, həm də özəl sektorda muzdla çalışan vətəndaşlarımızın dəstəklənməsini həyata keçirir. Proqramın hazırlanması və bütövlükdə nəzərdə tutulan fəaliyyətlərin reallaşması üçün ayrılan vəsait isə 2,5 milyard manatdır. Bu rəqəm Azərbaycanda ÜDM-in 3 faizi deməkdir. Müşahidələr onu göstərir ki, Azərbaycan koronavirusun iqtisadiyyata, eləcə də sahibkarlara vurduğu ziyanın minimumlaşdırılması ilə bağlı tədbirlərə ayırdığı vəsaitin ÜDM-dəki həcminə görə MDB-də birincidir. Bu da ondan xəbər verir ki, hökumət koronavirusun ziyanlarını mövcud maliyyə imkanları daxilində azaltmağa çalışır.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, öz fəaliyyətində şəffaflığı təmin edən, “kölgə” iqtisadiyyatından uzaq sahibkarlıq subyektləri dövlətin dəstəyini ciddi şəkildə hiss edəcəklər. Dəstək proqramında 290 mindən çox mikro və fərdi sahibkarın dəstəklənməsi nəzərdə tutulub. Bu istiqamətdə VÖEN-lə işləyən sahibkarlara da maliyyə dəstəyi həyata keçiriləcək. Bu, təxminən 292 min mikro və fərdi sahibkarın faydalanmasına imkan verəcək. Eyni zamanda, kreditlərə güzəştlər veriləcək. Belə ki, sahibkarların əldə etdiyi kreditlərin faizlərinə 10 faiz subsidiya tətbiq olunacaq. Eləcə də postkoronavirus dövründə həmin sektorda fəaliyyət göstərən sahibkarların cəlb etdiyi kreditlərin 60 faizinə qədər dövlət dətəyinin verilməsi nəzərdə tutulub. Bütövlükdə təkliflər həm birbaşa dəstəyin nümayiş etdirilməsi, həm də təşviqedici fəaliyyətləri nəzərdə tutur.

Mövzu ilə bağlı fikirlərini hafta.az-a bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, mart və fevral ayında pandemiya ilə bağlı formalaşan yeni vəziyyət Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərib:

"Əslində Azərbaycan iqtisadiyyatı 2020-ci ilə optimist başlamışdı. Lakin çox təəssüf ki, mart və fevral ayında formalaşan yeni konyuktur bu sahə üçün çətinliklər yaradıb. Belə ki, koronavirusla bağlı pendemiya dünya ölkələrinin iqtisadiyyatının zəifləməsinə, eləcə də təcridlərə gətirib çıxarıb. Bu isə öz növbəsində sonradan əmtəə bazarlarında tələbin aşağı düşməsi və eyni zamanda OPEC+ ölkələrinin razılaşmaması fonunda neftin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxarmaqla Azərbaycan iqtisadiyatı üçün 2 istiqamətdə çətinliklər yaradıb. Birincisi, tədiyyə balansının, xarici ticarət saldosunun qorunması və bu fonda manatın məzənnəsinin indiki risklərdən müdafiə olunması, ikincisi idə dövlət büdcəsinin gəlirlərində xüsusilə də, həm neft həm də qeyri-neft seqmentindən qaynaqlanan dövriyyənin azalmasına hesabına daxilolmaların azalması bunun da son nəticədə dövlət büdcəsinin icrasında yaradacağı çətinliklərdir. Bununla yanaşı məşğulluq problemi də özünü göstərir. Çünki sosiol izolyasiya tədbirləri bu sahəyə də təsirsiz ötüşmür. Hazırda baş verən proseslərin qarşısının alınması istiqamətində, ən azından sahibkarların bu prosesdən daha az ziyanla çıxması istiqamətində dövlət tərəfindən addımlar atılır. Məsələn, dövlət dəstək proqramları nəticəsində sahibkarlara işçilərinin əmək haqlarını ödəmək üçün maliyyə dəstəyi veriləcək. Dövlətin yaratdığı bu imkanlardan süi-istifadə hallarına yol verilməməlidir. Xüsusilə də sahibkarlar muzdlu işçilər üçün ayrılan vəsaiti mənimsəməməlidirlər”.

Ekspert vurğulayıb ki, dövlət dəstəyi proqramı biznesin və iqtisadiyyatın şəffaf və qanuni olan hissəsini əhatə edir: “Məsələn, paketdə 300-400 min muzdlunun əmək haqqı konpensasiyası məsələsi var. 300-400 min muzdlu ölkədə 5 milyon məşğul insanın təxminən 6 faizini əhatə edir. Yerdə qalan 94 faizin aqibətinin necə olacağı məlum deyil. Eyni zamanda özəl sektorda durum belədir ki, 1000 manat əmək haqqı alan şəxslərin əmək müqaviləsində bu məbləğ 250 manat göstərilir. Çünki vergidən yayınmaq üçün minimum əmək haqqı qeyd olunur. Qanunsuz və gizli fəaliyyət göstərirlər, bir çox sahibkarlar və vətəndaşların böyük əksəriyyəti gizli məşğulluğun predmetidirlər”.

Oxunma sayı 47