"Hazırda şərtlərin dəyişilməsinə ehtiyac yoxdur"- Yeganə Laçınzadə

17:15 23.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə kirayə mənzillərin satış öhdəliyi verilməsi istiqamətində layihənin icrasına başlanıldı. İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytında prosesin gedişi barədə, eləcə də kirayə satışa çıxarılan mənzillər haqqında məlumatlar əks olunurdu. Məlum pandemiya başlayandan sonra bir sırxa xidmət sahələrində, eləcə də dövlət müəssisələrində işlər dayandırıldı. Bəs kirayə mənzillərin satışı ilə bağlı son vəziyyət necədir, pandemiya vaxtı hansı işlər görülüb və nə zaman işlər yenidən aktiv mərhələyə keçəcək? Hafta.az-ın sorğusunu İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə cavablandırıb. O bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir: "Ölkədə tətbiq olunan karantin rejiminə baxmayaraq, sənədlərin qəbuluna başlandığı dövrdən bu günə kimi 2461 vətəndaşla görüş keçirilib. Sənəd təqdim edən vətəndaşların müraciətləri Fond tərəfindən operativ təhlil olunaraq müvafiq qərarlar qəbul edilib. Fondun razılıq barədə qərarını əldə edən vətəndaşlardan 331-i mənzil seçimini edib və onlardan 264-ü ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatmışdır. 60 vətəndaşa rəsmi gəlirlərə malik olmaması, ödəmə qabiliyyətinin kifayət etməməsi, aktiv vaxtı keçmiş öhdəliyinin olması səbəbindən Fond tərəfindən imtina edilib. Eyni zamanda bildirmək lazımdır ki, qaydalara uyğun olaraq, yaşayış sahəsinin seçimini təyin olunmuş vaxt ərzində həyata keçirməyən, təyin olunmuş rəsmiləşdirmə tarixində görüşə gəlməyən, qabaqcadan ödəniş məbləğini vaxtında ödəməyən vətəndaşlara da sistem tərəfindən avtomatik imtina verilir. Kirayə mexanizmi çərçivəsində mənzillər kifayət qədər əlverişli şərtlərlə vətəndaşlara təklif olunur. Qeyd etmək lazımdır ki, bu prosesdə, ilk növbədə, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müraciətlərin elektron sistem vasitəsilə həyata keçirilməsi təmin edilib və bu proses hazırda davam etdirilir. Əhaliyə xidmət səviyyəsinin keyfiyyətli təşkili baxımından sənəd qəbulu əvvəlcədən müəyyən olunan növbəlilik əsasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə həyata keçirilir. Bundan başqa, kirayə mənzil mexanizmi vasitəsilə rəsmi gəlirlərə malik bütün vətəndaşlara layihədən faydalanmaq imkanı verilir. “Elektron ipoteka və kredit zəmanət” sistemi Elektron Hökumət Portalına inteqrasiya olunduğundan vətəndaş barədə zəruri məlumatlar elektron formada aidiyyatı dövlət qurumlarının məlumat bazasından əldə edilir. Başqa sözlə, vətəndaşların əlavə sənəd toplamadan müraciət edə bilməsi üçün bütün imkanlar yaradılıb. Ümumiyyətlə, kirayə mexanizmi çərçivəsində Fond tərəfindən borcalanın gəlir səviyyəsi, kredit tarixçəsi, yaşı baxımından əlverişli və yumşaq tələblər müəyyənləşdirilib. Faiz baxımından da mexanizm üzrə şərtlər sərfləlidir. Fond tərəfindən vətəndaşlara təklif olunan mənzillər yerləşdiyi ərazi üzrə orta bazar göstəricilərindən aşağı qiymətlərlə alınıb. Fondun vətəndaşlara kirayə təklif etdiyi mənzillər üzrə bütün dövr ərzində illik xərc 4%-dək müəyyənləşib. Bu xərclərə Fondun mənzillərin alınması üçün 3% həcmində cəlb etdiyi vəsaitlərin dəyəri, sığorta və digər xərclər daxildir. Vətədaşların uzun müddətli ödəmə imkanı ilə (3 ildən 25 ilədək) əldə etdikləri kirayə mənzillərə görə müqavilə müddətinin sonuna kimi dəyişilməyənməbləğdə vəsait ödəməsinə baxmayaraq, daha tez müddətdə ödənişləri həyata keçirmək istədikdə onlara ödənişdə güzəştlər edilir".

Y. Laçınzadə əlavə edib ki,Kirayə mənzil mexanizmində ilkin ödəniş tələbi nəzərdə tutulmayıb və vətəndaş yalnız ödəmə qabiliyyətinə və seçdiyi mənzilə uyğun müəyyən edilmiş aylıq ödəniş məbləğinin 12 mislini qabaqcadan ödəməklə kirayə mənzil əldə edə bilər: "Bu isə şəxsi yığımları kifayət etməyən və ya az olan vətəndaşların yaşayış sahəsinə olan tələbatını ödəmək üçün əlverişli imkandır. Nəticə etibarilə, mexanizm vasitəsilə şəxsi vəsaiti yetərli olmayan, ipoteka kreditlərinə çıxış imkanları məhdud olan vətəndaşların yaşayış sahəsinə tələbinin ödənilməsi ilə onların mənzil şəraitinin yaxşılaşdırılması təmin edilir. Gələcəkdə ehtiyac yaranarsa, vətəndaşların tələbləri (sorğu əsasında) nəzərə alınmaqla təkmilləşdirmə işləri aparıla bilər. Hazırda isə mövcud şərtlər vətəndaşlar üçün kifayət qədər əlverişlidir və şərtlərin dəyişilməsinə ehtiyac yoxdur".

 

Oxunma sayı 2377