"Məhdudlaşdırıcı tədbirlər aqrar sahəyə təsir etməməlidir" - Rəylər

13:10 06.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə yayılan koronavirus təhlükəsinə görə ciddi karantin rejimi tətbiq olunub. Zəruri olmayan sahələr işlərini müvəqqəti dayandırıb. Maraqlıdır COVİD-19 pandemiyası ölkədə aqrar sektora necə təsir edəcək?

Hafta.az-a danışan iqtisadçı ekspert Nicat Nəsirli dedi ki, Nazirlər Kabineti 2020-ci il 4 aprel tarixli 126 nömrəli Qərarına əlavələr edib. Bu əlavələr kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin karantin günlərində hərəkətini tənzimləyir:

“Hüquqi şəxslər, hüquqi şəxs olmayan fiziki şəxslər əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə icaze.e-gov.az portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir. Fermerlər, tədarükçülər və təchizatçılar, aqronomlar, baytar həkimlər, zootexniklər, süni mayalanma mütəxəssisləri, mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə), mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər) olduğu kənd daxilində sərbəst qaydada hərəkət edəcəklər, olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə hərəkət edəcəklər. Müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər. Şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, arayışın üzərlərində olması məcburidir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, aqrar sahə proritet sahə olmalıdır. Karantin tədbirlərinə görə bu sahədə bu və ya digər formada hər hansı axsamalara yol vermək olmaz:

"Aqrar sahəyə bu vaxt daha çox diqqət lazımdır. Məhsulun əkinindən tutmuş, məhsula qədər nəzarət və qulluq lazımdır.  Karantin dövründə məhdudlaşdırıcı tədbirlər aqrar sahəyə təsir etməməlidir. Hökümət tərəfindən elə addımlar atılmalıdır ki, fermerlər heç bir ehtiyac duymasınlar. Ciddi dəstək proqramlarına ehtiyac var. Düzdür son zamanlar ölkədə aqrar sahəyə dəstək çox yaxşıdır. Həm maddi, həm texnika, gübrə ilə bağlı yardımlar olur. Bu yardımlar yenidən çoxaldıla bilər. Ərzaq təhülkəsizliyi üçün bu addımlar mütləq atılmalıdır. Çünki virusun bitəcəyi tarix bəlli deyil".

Oxunma sayı 315