"Operativ tədbirlərin görülməsi öz səmərəsini verdi"- Millət vəkili 

11:26 07.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Koronovirus pandemiyasının dünyada yaratdığı ağır şəraitdən az itki ilə çıxmaqdan ötrü Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında dövlət və hökumət qurumlarımızın həyata keçirdiyi önləyici tədbirlər, fövqəladə hallarda yorulmaq bilmədən bacarıqla işləmələri rəğbət doğurur. Belə bir vəziyyətdə cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmələri və dövlət başçımızın söylədiyi nitq böyük əhəmiyyət daşıyır”.

Bu sözləri hafta-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maska qıtlığı mövcuddur:

“İstehsalçı ölkələrin tibbi maska ixracı ilə yanaşı, istehsal avadanlığının və xammalın ixracını da dayandırmaları müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, millətimizin sağlamlığının etibarlı təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşan dövlət başçımızın tapşırığına uyğun olaraq aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalının Azərbaycana gətirilməsinə nail olub.

Fikrimcə, bu açılışa sadəcə yeni bir müəssisənin qurulması kimi qiymət vermək məhdud yanaşma olardı. Hər şeydən əvvəl, müəssisənin açılışı bir daha göstərdi ki, cənab Prezidentin siyasətinin başlıca məqsədi yaranmış şəraitdə millətimizin və dövlətimizin qorunması, insanlarımızın bu xəstəliyə yoluxmasının qarşısının alınması, sağlamlığının etibarlı təmin edilməsidir. Məhz operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun önləyici addımların atılması öz səmərəsini verdi. Çevik idarəçilik və dövlətimizin sahibkarlara dəstəyi nəticəsində ölkəmizin maska ilə təchizat sarıdan idxaldan asılılığına son qoyuldu və yerli istehsala keçildi. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edən müəssisədə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Həm də nəzərdən qaçırmayaq ki, bu iş iki həftə ərzində görülüb. İkincisi, qısa müddətdə ölkəmizdə dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Üçüncüsü, müəssisənin açılışı ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricilərindən biridir. Dördüncüsü, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bütün bunlar yeni iş yerlərinin açılması deməkdir. Nəhayət, koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərsə də, cənab Prezidentimizin öz nitqində dediyi kimi, ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, həm də məşğulluqla bağlı problemlər öz həllini tapsın. Nitqində dövlət başçımızın sahibkarlara iş yerlərini ixtisar etməmələrinə dair çağırışı və tələbi hamının ürəyindəndir”

Oxunma sayı 66
Sosial rubrikasından digər xəbərlər