"Rusiya silahını Ermənistana həm kreditlə satır, həm də peşkəş edir" - POLİTOLOQ 

16:55 13.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Hafta.az-ın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib.

Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Politoloq Elxan Şahinoğlu hafta.az-a dövlət başçısının Rusiya rəhbəri ilə telefon danışığı barədə danışarkən bildirdi ki, Rusiya birinci dəfə deyil ki, Ermənistana silah satır:

“Rusiya silahını Ermənistana həm kreditlə satır, həm də peşkəş edir. Bu, bizim üçün yeni xəbər deyil. Dövlət başçısının dediyi kimi, Rusiya Tovuz əməliyyatından sonra Ermənistana ikinci dəfə silah göndərib. Prezident də buna görə rəsmi Moskva rəhbərinə sərt şəkildə suallarını verdi. İşğalçı Ermənistana dəstəyin məzmunu ondan ibarətdir ki, Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyə qalxmalıdır və Azərbaycan üçün başqa seçim qalmır. Bu zəng təsadüfi deyil və Ermənistana sosial bir mesajdır. Bu hərəkətlər iki ölkə – Rusiya-Azərbaycan arasında münasibətlərə də təsir edə bilər. Düzdür, Rusiya bizə qonşu ölkədir. İqtisadi-ticari əlaqələrimiz var. Amma işğalçı ölkəyə dəstək verməsi münasibətlərdə müsbət rol oynamayıb, oynamayacaq da”.

Oxunma sayı 1595
Siyasət rubrikasından digər xəbərlər