"Sərhəddə vəziyyətin həll olunması hər iki xalqın marağındadır" - XİN başçısı

13:48 12.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankar, Moskvada Çinin Dövlət Müşaviri və Xarici İşlər naziri Vang Yi ilə bir araya gəlib.

Hafta.az yazır ki, tərəflər Hindistan - Çin sərhədindəki mövcud gərginliklə əlaqədar ətraflı müzakirə aparıblar. İki saat yarım davam edən görüşdə Hindistanın XİN başçısı 1976-cı ildə səfirlər səviyyəsində münasibətlərin bərpasından və 1981-ci ildən etibarən sərhəd danışıqlarının aparılmasından bu yana Hindistan - Çin münasibətlərinin müsbət xətt üzrə inkişaf etdiyini vurğulayıb. Deyib ki, bəzən hadisələr baş versə də, sərhəd bölgələrində əsasən sülh və əminamanlıq mövcud olub. Nəticədə, ölkələrarası əməkdaşlıq bütün sahələrdə genişlənib.

"Hindistan tərəfi sərhəd probleminin həllinin vaxt və səylər tələb etdiyini qəbul etsə də, sərhəd ərazilərində sülhün və əminamanlığın qorunub saxlanmasının əlaqələrin inkişafı üçün vacib olduğu da açıqdır. Lakin Ladaxın şərqindəki son hadisələr, istər-istəməz ikitərəfli münasibətlərin inkişafına öz təsirini göstərdi. Bu səbəbdən mövcud vəziyyətin təcili həll olunması hər iki xalqın marağındadır", - deyib XİN başçısı S.Caişankar.

Çin tərəfi qoşunların yerləşdirməsi ilə bağlı əsaslı bir açıqlama verməyib. Çinin ön cəbhə qoşunlarının faktiki nəzarət xətti ətrafında baş verən çoxsaylı toqquşmalara yol açan davranışı, ikitərəfli razılaşmalara və protokollara əhəmiyyət verilmədiyini göstərib. Hindistan tərəfi sərhədyanı ərazilərin idarəedilməsinə dair bütün razılaşmalara tam riayət olunmasını gözlədiyini və status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə icazə verməyəcəyini açıq şəkildə bildirib. Həmçinin, Hindistan qoşunlarının sərhəd ərazilərinin idarə edilməsinə aid bütün razılaşmalara və protokollara diqqətlə əməl etməsi də vurğulanıb. Bildirilib ki, bütün toqquşma sahələrindən qoşunlar tamamilə geri çəkilməlidir. Gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün bu zəruridir. Qoşunların daimi postları üzrə yekun yerləşdirilməsi və prosesin mərhələləri hərbi komandirlər tərəfindən işlənib hazırlanmalıdır.

Məlumat üçün qeyd edək ki, tərəflər hərbi qüvvələrin sərhəd bölgəsindən geri çəkmək barədə razılaşıblar və artıq geriçəkilmə prosesinə start verilib. 

Oxunma sayı 3503