"Suriya şiələrinin başına bu oyunu biz açdıq" - Hizbullahın keçmiş baş katibi

11:24 01.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Suriyada yaşanan qorxunc vəziyyət, türk əsgərlərin şəhid edilməsi ilə daha da ağırlaşıb. Qarşıdurmanın tərəfləri Türkiyə və Bəşər Əsədin timsalında Suriya olsa da, heç kimə sirr deyil ki, Türkiyəyə qarşı yerüstü döyüşləri İran və Hizbullah, hava hücumlarını isə Rusiya aparır. Əsədin seçilmiş, legitim hakimiyyət olduğunu isbatlamağa və bu səbəbdən də onun yanında olduqlarını dilə gətirən İran və Hizbullah, eləcə də Rusiya, illərdin Suriyada öldürülən insanlara görə məsuliyyət daşıyırlarmı? Bir zamanlar İsraillə mübarizəni özünə ana xətt seçən Hizbullahın Suriyada Türkiyəyə qarşı döyüşməsi nə dərəcədə doğrudur? Bu suallara Hizbullah təşkilatının keçmiş Baş katibi, tanınmış şiə lider Şeyx Sübhi ət-Tufeyli cavab verir. Buyurun, oxuyun:

- Bu gün biz Suriyada döyüşürük..

- Kim döyüşür?

- Hizbullah!

- Niyə döyüşürlər, bəlkə Suriyadakı livanlılıarı qorumaq istəyirlər...

- Mən yalan danışaraq barmaqlarımın arxasında gizlənə bilmərəm. Suriyada heç bir şiənin kimdənsə qorunmağa ehtiyacı yoxdur. Axı onlara qarşı cüzi də olsa təhlükə hiss olunmur. Amma biz Hizbullah onları aldadaraq bataqlığın dibinə soxduq! Bu gün şiələr məhz bizim səhvlərimiz üzündən bu vəziyyətə düşüblər. Bəli, biz səbəb olduq onların təhlükəyə düşməsinə. Suriya şiələrinə toxunacaq ən kiçik zərərin belə məsuliyyəti bizim üzərimizdədir. Açıq deməyi bacarmalıyıq: Suriya şiələrinin başına bu oyunu biz açdıq. Onların biz Hizbullahın dəstəyinə, yardımına qətiyyən ehtiyacları yoxdur.

- Axı Hizbullah deyir şiələrin müqəddəs yerləri dağıdılır və sair...

- Seyyidə Zeynəb məqbərəsni nəzərdə tutursunuz, orada məzar daşlarını qorumağa ehtiyac yoxdur. Siz elə bilirsiniz ki, biz şiələr seyyidə Zeynəbi svirik, sünnilər nifrət edir, əsla! Seyyidə Zeynəbi məzhəbindən asılı olmayraq bütün müsəlmanlar sevir, baş tacıdır hər kəsin. Sadəcə siyasi məqsədlər üçün belə təxribat yaradılır. Tam məsuliyyətimlə deyirəm: Suriyada istədiklərini etmək üçün guya seyyidə Zeynəbin türbəsini və ya hansısa iki şiə livanlının həyatını qorumaq iddiasını ortaya atırlar ki, bu ölkədə  olmalarını legitimləşdirsinlər. Bunlar sadə insanları aldatmaq üçün bəhanədir. Əsl səbəb isə Əsədin hakimiyyətini qorumaqdır. O hakimiyyəti ki, öz xalqını qətlə yetirir. Əsədin iqtidarına nəzər yetirəndə düşünürəm: necə ola bilər ki, bir hakimiyyət öz xalqının başına bombalar yağdırır, raketlərlə vurur, minlərlə günahsız, əliyalın insanı heç bir səbəb olmadan, sadəcə azad mövqe sərgilədikləri üçün öldürsün? Dəhşətdir! İndi bir çoxları Əsədi məsum göstərir, hətta onu İslam dünyası üçün dəyərli biri adlandırır. O zaman mən sual verirəm: Əsəd hakimiyyəti İsrailin zülmü altında can verən Fələstin xalqı üçün nə edib indiyədək? Bəlkə elə Suriyanın öz ərazisinin bir hissəsini (Collan təpələri - Vüsal Tağıbəyli) də onillərdir işğal edən İsrailə bircə güllə atıb? Bu zaman ortaya başqa bir sual çıxır: Suriyada dərinləşən problemdən kim yararlanır, əlbəttə ki, İsrail.

- Bu doğrudur, qonşu ölkələrin başının qarışıq olması İsrailə öz planlarını sərbəst icra etmək üçün lazımdır...

- Bəli, bu gün biz Hizbullah Suriyada müharibə aparmaqla İsrailin maraqlarına xidmət edirik. Hələ bu harasıdır, açıq danışaq, əslində heç kim şiələrin və ya sünnilərin qalib gəlməsini istəmir. Qarşı tərəfin tək arzusu budur ki, hər iki məzhəb toqquşmalar içində zəifləsin, məhv olsun.

- Belə çıxır ki, Suriyada baş verənlər İsrailin istəyidir?

- Tək İsraildən söhbət getmir, Avropa, Amerika da eyni məqsədi güdür – bu Qərbin illərdir həyata keçirməyə çalışdığı ssenaridir. Onlar istəyir ki, müsəlman ölkələrinin hər birində, o cümlədən, Suriya və Livanda məzhəb toqquşması yaradaraq müsəlmanları öz-özlərinə döyüşdürüb, zəiflətsinlər. Bu İslam dünyasının zəiflətmək üçün düşünülüb. Bu gün biz Hizbullahın Suriyada olması Qərb blokuna verə biləcəyimiz ən yaxşı dəstəkdir. Buna görə də dünya hər zaman bizi əhəmiyyətsiz təşkilat kimi görəcək. Buradan İran hakimiyyətinə səslənirəm: ey iranlı siyasətçilər, müqəddəs Qüdsü işğal edənlərin maraqlarına xidmət edirsiniz!

- Hesab edirsiniz ki, Hizbullahın Suriyada olması qanunsuzdur və Livana geri dönməlidir?

- Yenə deyirəm: Suriyada heç bir şiənin qorunmağa səbəbi yoxdur. Əksinə, Hizbullah Suriya şiələrinin başına dərd açıb, burada öldürülən hər bir şiənin məsuliyyətini daşıyır. Suriyada dağıdılan hər bir evin, kəsilən hər bir ağacın məsuliyyəti Hizbullah və İranın üzərindədir. Suriya şiələrini Livan və bu coğrafiyada gedən iyrənc məzhəb qarşıdurmasından xilas etmək bizim borcumuzdur.

- Ümumiyyətlə, Suriya münaqişəsinin mahiyyəti nədən ibarətdir?

- Bu gün Suriyada bir xalq var, bir də onu idarə edən zalım hakimiyyət. Suriya xalqı, fərq etməz şiə olsun, ya sünni, ondan qurtulmaq istəyir. Onlara mane olmağa haqqımız yoxdur. Biz şiələr özümüzü İmam Hüseynin ardıcılı sayırıq və yüzillərdir ona edilən haqsızlığa ağlayırıq. Biz İmam Hüseyndən danışanda deyirik ki, o həyatını haqsızlığa və zalımlarla mübarizəyə həsr edib. Yaxşı, indi nə oldu ki, zalımı dəstəkləməyə başlamışıq. Hətta deyərdim ki, biz günah işləyirik! Necə ola bilər ki, bütün günü mediaya açıqlamalarda İsraili yerdən yerə çırpırıq, amma əmələ gələndə gənclərimizi başqa yerlərdə qurban veririk. Bu gənclər bizim üçün çox qiymətlidirlər. Mən o gənclərin həyatı üçün narahatam. Onlardan hər birinin döyüşmək üçün Suriyaya göndərildiyini, öldürüləndən sonra cəsədini basdırmaq üçün Livana gətirdiklərini eşidəndə ürəyim parçalanır. Elə bilirəm ki, həmin gəncin cəsədi ilə birlikdə ruhum da dəfn olunur. Niyə belə günahlara, xətalara səbəb verilir? Bu haramdır! Gəncləri müsəlmanların müdafiəsi üçün yetişdiririk, amma Qərbin maraqları uğrunda ölümə göndəririk. Bilirəm ki, İsrail və Qərb Hizbullahın etdiklərindən çox məmnundur. Bəzən insanlar mənə sual verir ki, İsrail Livana – Hizbullaha hücuma keçə bilərmi? Cavab verirəm ki, niyə, nə səbəbə? Əksinə, Hizbullah Suriyada döyüşməyə davam etdikcə, İsrail onu qoruyacaq. Tam səmimiyyətimlə deyirəm: bu gün heç kim, heç bir dövlət, İsrailin maraqlarını Hizbullah qədər müdafiə etmir.

- Hizbullah lideri Şeyx Nəsrullah mediaya açıqlamasında İsraili kəskin tənqid edib, hər hansı hücum edəcəyi təqdirdə, bu ölkəyə raket zərbəsi endiriləcəyi ilə hədələyib...

- Amma İsrail heç vaxt Hizbullaha hücum eləməz, əksinə onu qoruyur. Hizbullah bu ölkəyə İslam hümmətini parçalamaq üçün lazım olan vasitədir. Qərb və Amerika da bu planın ortağıdır. Fikir verin: hansısa ölkə Suriya müxalifətinə silah-sursat verdimi, yox! Əsədin hakimiyyətini kim qorudu indiyədək, xalqın ona qarşı qəzəbini kim yatırdı, Amerika. Bilin ki, Amerika Əsəd rejiminin hakimiyyətdən düşməsini qətiyyən istəmir. Bilir ki, illərdir Suriya xalqını öldürür Əsəd iqtidarı, amma səsini çıxarmır. Biz yaxşı bilirik ki, onillərdir Suriya zindanlarında nələr baş verib, amma heç kim heç nə demir. Çünki dünya və xüsusiən də ərəb ölkələri bütün bu baş verənlərə göz yummaqla cinayətə ortaq olub.

- Suriyada öldürülən Hizbullah döyüşçüləri şəhid sayılırlarmı?

- Hansı haqla şəhid sayılmalıdırlar? Günahsız müsəlman uşaqları qətlə yetirdikləri üçünmü, heç bir günahı olmayan insanların evlərini başlarına yıxdıqlarına görəmi, bəlkə Fələstinin qurtuluşu naminə həlak olublar? Əlbəttə ki, şəhid deyillər. Əksinə, hamısı cəhənnəmə gedəcəklər, Quranın ayələri açıq yazır bunları, istəyən oxusun.