"Yanımda 2 yaşlı uşağa güllə dəydi, öldü" - Xocalı şahidi

13:35 26.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Birdən atmağa başladılar. Ayaqyalın çıxdıq. Uşaqlarım onda körpə idi. Hərəsinin cibinə adını, soyadını yazıb cibinə qoydum ki, mən ölsəm uşaqlarımı tapsalar qohumlarıma versinlər".

Bunu hafta.az-a açıqlamasında Xocalı soyqırımının canlı şahidi Sədaqət Allahverdiyeva deyib. O, bildirib ki, 2 gündən sonra Ağdama yetişə biliblər:

"Biz Xocalıdan 40-50 nəfərlik dəstə ilə çıxdıq. Ağdama 14 nəfərlə çatdıq. Qaynımı, qaynatamı, qaynanamı yolda plomyotla öldürdülər. Düz erməninin üstə gedirdik. Atışma düşəndə yarımız meşəyə qaçdıq. Gecənin düşməyini gözlədik. Gecə Kətik deyilən yerlə gedib birtəhər Ağdama çıxa bildik. Yol boyu meyidlər vardı. Bircə ona yanıram ki, 28 ildi intiqamımız alınmadı. Qiyamətə qalmasın, alınsın. Yanımda 2 yaşlı uşağa güllə dəydi, öldü. Heç kimə aman vermirdilər".