"Zeytun bağları"nda quruyan ağaclar - REPORTAJ-FOTOLAR

10:36 17.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakıda ən böyük yaşıllıq zolaqlarından biri də Binəqədi rayonu ərazisindəki zeytun bağlarıdır. Qeyd edək ki, buradakı zeytun ağaclarının ən azı 50 yaşı var.

Ətraf ərazidə yaşayan sakinlər hazırda 6-cı və 9-cu mikrorayon ərazisində yerləşən bu yaşıllıq zolaqlarının hazırkı vəziyyətinin heç də yaxşı olmadığını bildirirlər.

Biz də həmin ünvanda olduq. Ətraf ərazilərdə yaşayan sakinlərin hafta.az-a verdiyi məlumata görə, əvvəllər bu bağlarda daha yaşlı ağaclar var idi. Bəzi zeytun ağacları  təbiətin göstərdiyi mənfi təsirlər nəticəsində qurudu, bəziləri isə antropogen təsirlərə də məruz qaldı.

İki istiqamətli əkilən zeytun ağaclarının bir qisminə qulluq göstərilib. "Heydər Əliyev" məscidi illə üzbəüz əkilən ağacların diblərinə texniki qulluq var. Təəssüf ki, əks istiqamət üçün isə bu sözü deyə bilmərik. Xüsusilə də, Zərifə Əliyeva adına parkın arxa tərəfində yerləşən geniş bir ərazini əhatə edən zeytunluğun iç hissələrinə getdikcə ağacların baxımsız qaldığı daha aydın müşahidə edilir. İşlək yol kənarı ərazisinə düşən hissələrdə isə vəziyyət fərqlidir. Buradakı zeytun ağacları daxili hissələrlə müqayisədə daha canlıdır.

Sakinlər də bildirirlər ki, bu ağaclara qayğı çox azdır: "Bütün ağaclar qulluq tələb edir. Lakin ildə bir dəfə diblərini belləmək kifayət etməz. Onun üçün mütamadi məşğul olmaq lazımdı".
 
 
Hər səhər zeytunluqda övladları ilə səhər gəzintisinə çıxan Fəridə xanım bildirir ki, indi qış mövsümüdür. Ağacların "ağlar" günü zeytunun yetişmə mövsümünə təsadüf edir:

"Həmin vaxt burada bir çox insanlar zeytunu necə gəldi yığırlar. Ağacların iri budaqları qırılır. Bar verən zoğlar tamamilə məhv edilir. Artıq ildən ilə quruyan, məhv olan zeytun ağaclarının sayı daha da artır. Quruyan ağacların isə yerinə yenni tinglər əkilmir. İki il öncə zeytunluq ərazisində sakinlərin rahat gəzintisini və istirahətini təmin etmək üçün velosiped yolları çəkildi. Bu yaxşıdır. Çünki Bakının ən təmiz havası olan yerlərdən biri məhz bu ərazidir. Lakin ağaclara qulluq da lazımdır".

Qeyd edək ki, Bakıda bir çox aktiv sürüşmə zonaları var. Bu sürüşmələrin qarşısının alınmasında ən mühüm vasitə isə yaşıllıq zolaqlarının salınmasıdır. Gəlin bu təhlükədən qorunmaq üçün sahib olduğumuz yaşıllıqların məhvinə imkan verməyək.