17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

19:50 17.06.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür. Qeyd edək ki, bu günün qeyd edilməsi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Sənəddə dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji və sosial-iqtisadi problemdir. Səhralaşmanın yaranmasının əsas səbəbi antropogen faktorlar və iqlim dəyişkənliyidir. Səhralar planetin quru ərazisinin beşdəbirindən çoxunu əhatə edir və hər qitədə mövcuddur. Hər il dünyada təxminən 12 milyon hektar məhsuldar torpaq yararsız vəziyyətə düşür. Məhsuldar torpaqlar ağır səhra ərazisinə çevrilir və problem böyüyür. Səhralaşma bütün dünyada təxminən 1,5 milyard insana təsir göstərir. Hər il səhralaşma və quraqlıq kənd təsərrüfatında təxminən 42 milyard dollar itkiyə səbəb olur.

Qeyd edək ki, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Buna görə Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxsılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998-ci il 24 aprel tarixində "Səhralaşmaya qarşı mübarizə" Beynəlxalq Konvensiyasına qoşulub. Dünyanın 170 ölkəsinin qoşulduğu Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

Birləşmiş Millətlər Təşkilatının Konvensiyasında tərəflərin ümumi öhdəliklərinə gəlincə, tərəflər bu Konvensiya üzrə öhdəliklərini, əsas diqqəti bütün səviyyələrdə uzunmüddətli strategiyanın hazırlanması və cəhdlərin əlaqələndirilməsinin vacibliyinə yönəldərək, şəraitdən asılı olaraq və mövduc və yaxud gələcək iki tərəfli və çoxtərəfli müqavilələrdə, yaxud belələrinin qarşılığında fərdi və yaxud birlikdə yerinə yetirir.

Konvensiyanın Tərəflərinin xüsusi öhdəlikləri də var. Belə ki, bu ölkələr səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin zəiflədilməsinə birinci növbəli diqqət yetirmək və onları özünəməxsus şəraitləri və imkanlarına uyğun olan bərabər ehtiyatlar ayırmaq, səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin zəiflədilməsi üzrə sabit inkişaf planları və strategiyası çərçivəsində strategiya hazırlamaq və prioritetləri müəyyənləşdirmək, səhralaşmanın əsasını təşkil edən səbəblərin aradan qaldırılması məsələlərinə baxmaq və səhralaşma prosesinin inkişafına şərait yaradan sosial-iqtisadi amillərə xüsusi fikir vermək, yerli əhalinin məlumatlandırılmasının təmin edilməsinə yardım etmək və səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin aradan qaldırılmasında onun, xüsusilə də qeyri-dövlət təşkilatlarının yardımı ilə qadınların və gənclərin iştirakını təmin etmək kimi öhdəliklərə malikdirlər.

Yeri gəlmişkən, Azərbaycanda da torpaqlar müxtəlif dərəcədə erroziyaya məruz qalıb. Respublikada  ümumi torpaq fondunun sahəsi 8,641 milyon hektardan artıqdır. Bunun 4,47 milyon hektarı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 milyon hektarı suvarılan torpaqlardır. Respublika ərazisinin 3,240 milyon hektarı və ya 37,4 faizi istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və s.) torpaqlardır. Ərazinin geoloji quruluşundan, relyefindən, iqlim şəraitindən, torpağın rütubətlənmə şəraiti və mexaniki tərkibindən, sukeçirmə qabiliyyətindən, strukturundan və s. asılı olaraq yaranan ekocoğrafi problemlər də müxtəlif olur.

Azərbaycanda torpaqların 36,4 faizi müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1faizi zəif, 10,7 faizi orta, 11,6 faizi şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Azərbaycanın ayrı-ayrı regionlarının təbii şəraitindən və antropogen təsirlərdən asılı olaraq eroziya proseslərinin intensivliyi və forması müxtəlif dərəcədə inkişaf edib. Odur ki, Mil və Qarabağ düzlərində torpaqların 30,8 faizi, Quba-Xaçmaz zonasında 48,2 faizi, Abşeron yarımadasında 40,3 faizi, Şirvan düzündə 27,7 faizi, Şəki-Zaqatala zonasında 55,7 faizi eroziya proseslərinə məruz qalıb. Bura su, külək və irriqasiya eroziyasına məruz qalan bütün torpaqlar aiddir.

Su eroziyası dağlıq ərazilərdə, xüsusilə Böyük Qafqazın cənub və qismən şimal-şərq yamacında geniş yayılıb. Meşə örtüyü zəif olan yamaclarda, xüsusilə Şinçay, Kişçay, Girdimançay, Pirsaat və Qozluçayda dağıdıcı sellər daha tez-tez müşahidə olunur. Qeyd olunan çaylar qədər daşqınlara məruz qalan Katex, Mazımçay və Balakən çaylarının hövzələri Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir və ona görə də buradakı meşələr, subalp və alp çəmənlikləri çox yaxşı mühafizə olunduğundan eroziya prosesi zəif gedir və adı çəkilən çaylarda sel hadisələrinə təsadüf edilmir. Meşə zonasından yuxarı subalp və alp çəmənliklərdə eroziya prosesinin inkişafına təkan verən əsas amil mal-qara və qoyun sürülərinin göstərdiyi antropogen təzyiqin getdikcə güclənməsidir. Bu səbəbdən yaranan eroziya proseslərinə məruz qalan torpaqlar Quba, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Gədəbəy, Daşkəsən və işğal olunmuş Kəlbəcər və Laçın rayonlarının dağ çəmənliklərində daha çox sahə tutur.

Su eroziyası ilə yanaşı külək eroziyası da torpaqlara ziyan vurur. Onun ən çox yayıldığı yerlər Abşeron yarımadası, Qobustan, Samur çayından başlamış Qızılağac körfəzinə qədər Xəzər dənizinin sahil zonası, Mil və Muğan düzləri, Ceyrançöl, Acınohur düzü və Bozdağ sistemidir. Buradakı təsərrüfat sahələrinə külək eroziyasının vurduğu ziyan çox böyükdür. Məsələn, küləklərin hakim olduğu ərazilərdə torpaq örtüyü sovrularaq öz münbitliyini itirir, məhsuldarlıq dəfələrlə azalır və bəzi hallarda tamamilə sıradan çıxır. Respublikada külək eroziyasına məruz qalan torpaqların ümumi sahəsi 200 min hektardır.

Torpaqların şoranlaşması isə Azərbaycanda ən böyük ekocoğrafi problemlərdən biri hesab edilir. Ölkədə şoran torpaqların ümumi sahəsi 2 milyon hektardan artıqdır və bunun 1,32 milyon hektarı Kür-Araz ovalığındadır. Müəyyən edilib ki, respublikanın suvarılan torpaqlarının (1,43 milyon. ha) 600 min hektardan çoxu şoranlaşıb və bunun 224 min hektarı daha şiddətli şorlaşmış torpaqlardır. Beləliklə, ən çox şorlaşmaya məruz qalan torpaqlar Kür-Araz ovalığındadır. Bundan əlavə Siyəzən, Xızı rayonlarında, qismən Abşeron yarımadasında, Naxçıvan MR-da, Ceyrançöldə, Acınohur düzündə və s. yerlərdə də şoran torpaqlar mövcuddur. Məhsuldarlığı xeyli aşağı salan şorlaşmaya qarşı vaxtında tədbirlər görülmədikdə onun sahəsi genişlənərək daha böyük ərazidə torpaq və həm də bitki örtüyünün deqradasiyasına gətirib çıxarır. Digər tərəfdən mütəxəssislərin fikrincə, suvarma qaydalarına düzgün əməl olunmadıqda əvvəlcədən şor olmayan, yaxud əsaslı yumadan sonra düzgün istifadə olunmayan sahələr şorlaşır. Bu prosesə təkrar şoranlaşma deyilir. Şoranlaşmış torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün əsas vasitə onların su ilə yuyularaq duzlardan təmizlənməsidir. Yuma aparmaq və yuyulacaq sahələrdən duzları çıxarmaq üçün yeni kollektor-drenaj şəbəkəsinin yaradılması və köhnə şəbəkənin tam bərpa edilməsi əsas məsələdir. Çoxillik tədqiqatların nəticələri göstərir ki, respublikada torpaq sərvətlərinin deqradasiyası əsasən, üzvi maddənin (humus) itkisi, bioloji fəallığın zəifləməsi, fiziki aşınma, torpaq eroziyası (külək, su eroziyası vasitəsilə), torpaqların şorlaşması və şorakətləşməsi, qida çatışmamazlığı, rütubət çatışmamazlığı, texnogen və kimyəvi çirklənmə, torpağın-sənaye, şəhər, yol, kanal, aeroport, oyun meydançaları, kanal, su hövzələri, tikintilər, zibilxanalar, borular, neft mədənləri, bataqlıqlaşma, subasma və s. amillərdən asılıdır. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda torpaq örtüyünün ekocoğrafi vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi tələb olunur. Buraya istehsal vasitələri və torpaq ehtiyatları üzərində mülkiyyət formasının dəyişdirilməsi, torpaq və su ehtiyatlarının dəqiq inventarizasiyası, torpaq kadastrı, torpaqların keyfiyyətcə qiymətləndirilməsi, kompleks meliorativ tədbirlərin həyata keçirilməsi, eroziya təhlükəsinə qarşı mübarizə, torpağın münbitliyi və suvarma sularının keyfiyyəti üzərində monitorinq aparılması və s. aiddir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 7879