2021-ci ilin dəbi - torpaq və çəhrayı rənglər, yapon dalğası...

11:01 04.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Moda - geyim, ayaqqabı, aksessuarlar, saç düzümü, mebel dəsti, makiyaj və hətta gündəlik həyatda istifadə etdiyimiz əşyaların, il ərzində populyarlığını müəyyən edən anlayışdır. Bir sözlə, moda elə həyatın özüdür. İstər kişi, istərsə də qadınların böyük əhəmiyyət verdikləri modada hər il fərqli yeniliklərlə bərabər, keçmiş illərin trendləri də yenidən gündəmə gələ bilər. Paltarlarda, aksesuarlarda və ayaqqabılarda hər il müxtəlif rəng və modellər məşhurluq qazanır. Xanımların daha çox əhəmiyyət verdiyi modanın, yeni trendlərini müəyyən edənlər də elə onlar özləridir. Həyatın ritmini tutmaq istəyən belə şəxslər, dəb və moda aləmini yaxından izləyir, geyimlərində və yaşamlarında mövcud ahəngi qorumağa çalışır.

Moda demək heç də, bahalı paltar, ayaqqabı və aksessuarlar demək deyil. Burada  diqqət edilən ən mühüm məqam, seçilən bütün detalların bir birinə uyğun gəlməsidir. Yəni paltar, ayaqqabı, saç düzümü, makiyaj çanta və digər aksessuarların bir-biri ilə uyğunluq təşkil etməsi moda mənasına gələ bilir. Geyimlərinizin rəngindən tutmuş, aksesuarlarınızın forma və ölçülərinə qədər hər şey vəhdət təşkil edirsə, deməli siz dəbli görünürsüz.

Hafta.az-ın əməkdaşı, 2020-ci ilin son ayında olduğumuzu nəzərə alaraq, şarmlı görünməyi sevənlər üçün, yeni ilin, yeni dəb trendləri haqqında bir qədər araşdırma apardı.

İlk olaraq müsahibimiz, modelyer-dizayner Şəlalə Maqsudova oldu. O, 2021-ci ildə, daha çox hansı rəng tonlarının, parçaların, aksesuarlar, ayaqqabı və çantaların aktual olacağı barəsində fikirlərini bizimlə bölüşdü.

Modelyer deyir ki, artıq 2020 ilin sonudur. Elə bu səbəbdən də, il boyu populyar olan qara, göy və qırmızı rənglər yavaş-yavaş yavaş keçid edir. Öz yerini isə, 2021-ci ildə torpaq və çəhrayı rənglərə verir:

“Bu il həm üst, həm də gündəlik geyimlərdə daha çox  həmin rənglərin çalarlarına üstünlük veriləcək. Ağ və qara isə, hər zamankı kimi, klassika olaraq dəyişməz qalacaq”.

Ş.Maqsudova onu da vurğulayır ki, ötən əsrin geyimləri zaman-zaman  geriyə qayıdır. Buna hazırda trend olan geyim nümunələrində də, asanlıqla rast gəlmək mümkündür:

“Baxın biz, əvvəlki dövrlərə nəzər salsaq görərik ki, indi  dəbə gələn bütün geyimlərimiz keçmişimizdən qaynaqlanır. Dəb zamanla qayıdış edir. Götürək elə, hal-hazırda 2021 ci ilin dəbi olan yun, trikotaj, maxor tipli parçalardan hazırlanmış boş tökülən geyimləri. Onlar, 70-ci illərin ən dəbdə olan paltarları olub. Demək moda həqiqətən, zamanla qayıdış edir. 2021-ci ilin qış kolleksiyasına da, nəzər salsaq bunu tam aydın görə bilərik. Dizdən aşağı, yarım trapes, biçilmiş, boş ətəklər, yundan hazırlanmış, bədən ölçüsündən bir az artıq olan boş jaketlər, hətta üst geyimləri olan, dizdən, belində remənlə hazırlanmış olan paltolar, çiyindən aşağı, boş biçilmiş, dizdən olan frenclər belə, bizə 70 ci illərin dəbini xatırladır”.

Mütəxəssis növbəti ildə dəbdə olacaq, ayaqqabı və çanta modelləri barəsində də fikirlərini bildirdi. Onun sözlərinə görə, artıq, 1 rəngdən ibarət olan çəkmələri biz bu sezonda görməyəcəyik. Yeni il həm də, yeni tərz və yeni stil deməkdir:

“Növbəti il, 2 rəngin çalarından hazırlanmış, üstü zəncir, dəmir, parlaq broşlar, parlaq remenlərlə bəzədilmiş, orta enli daban, dəri  çəkmələr qış kolleksiyasına daxil olacaq. Çantalara gəldikdə isə, iki rəngin qarışığı, dəridən və ya parçadan ibarət olan, kiçik yaxud da, böyük ölçülü çantalar gündəmdə olacaq”.

Dizayner sonda onu da qeyd etdi ki, pandemiya  moda aləminə geyimlərlə yanaşı, trend maskaları da, gətirib. Bu səbəbdən də, bir çox məhşur geyim firmaları, öz maska brendlərini təqdim ediblər.

Daha sonra 2021-ci ildə trend olacaq, makiyaj və saç düzümləri ilə  bağlı, tanınmış stilist Pərviz Mirzəyevin də, fikirlərini öyrəndik. O, deyir ki, 2020-ci ildən fərqli olaraq, daha çox, “nyud” və qabarıq makiyajlar dəbdə olacaq:

“Bu il daha çox həcimli kirpiklərə və sadə makiyaja üstünlük verilirdisə, növbəti ildən bunun tam əksi olacaq. Artıq dəbə təbii, kirpiksiz, lakin, qabarıq makiyajlar gəlməkdədir. Əsasən mat və neon tonlarda make uplar ilin trendinə çevriləcək”.

Stilist onu da söyləyir ki, saç kəsimində, yeni ildən yapon dalğası deyilən formalar daha çox dəbdə olacaq. Pandemiya isə, bütün sahələrdə olduğu kimi, dəb aləminə də mənfi təsir edib:

“Düşünürəm ki, növbəti il pandemiya, yeni trendlərin ləngiməsinə, daha gec tanınmasına təsir edəcək”.

Biz də onu deyə bilərik ki, heç nə dəbdən düşmür, sadəcə olaraq, bəzi əşyalar, doğru zamanda, doğru kombinasiyada istifadə edilməyi gözləyir. Dəb təkrarlanandır, hər kəsin tərzi isə, elə onun modasıdır.

Oxunma sayı 880