26 nəfərin öldüyü narkoloji mərkəzin son durumu: qapısı bağlı, pəncərələri sınıq, vahiməli şöbələr...

16:20 20.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu dəfə yolumuzu 2 il əvvəl od tutub yanan və 26 nəfərin ölümünə səbəb olan narkoloji dispanserdən saldıq. Daha doğrusu, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzindən. Xatırlayırsınızsa, həmin vaxt yanğın  xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş vermişdi. Böyük faciə yaşanmışdı.

Hafta.az-ın əməkdaşı adıçəkilən məkanda olub. Respublika Narkoloji Mərkəzinin son durumu haqqında məlumatlar əldə etməyə çalışıb.

Əvvəlcə onu qeyd edək ki, bizi səssizliklə boğuşan vahiməli bir məkan qarşıladı. Qapısı bağlı idi. İçərisi də səliqəsiz. Heç kim gözə dəymirdi. Nə qarovulçusu, nə də gözətçisi vardı. Daha dolğun müşahidə aparmaq üçün yaxınlıqdakı damın üzərindən tut ağacına, oradan da hasarın üzərinə qalxdıq. İçəriyə boylandıq. Bir-birindən aralı şöbələr olduqca vahiməli görünürdü...

Gördük ki, mərkəzin içərisini ot basıb. Qapıları kilidlənib. Hətta asfaltların üzərindən də dizə qalxan otlar boy verməyə başlayıb.

İçəriyə boylananda ancaq sınıq pəncərələr, çərçivəsindən çıxmış qapılar, ot basmış səkilər və əhəngləri saralmış ağaclar gözə dəyirdi. Bir də müəyyən bir tərəfdə uçuq-dağıq hasarların qalıqları gözə dəyirdi. İçəri keçməyə icazəmiz olmadığından hasarın üstünə çıxıb şəkillər çəkdik. Buradan iki il əvvəl yanan ikinci korpusun qalıqları görsənməsə də, izlərini – yanmış taxta qırıqlarını görmək mümkün idi.

Bir də... mərkəzin damlarının üstündə iri dəftərlər gözə dəyirdi. Vərəqləri açılmışdı. Adlar, soyadlar, tarixlər, təvəllüdlər gözə dəyirdi. Tarixlər isə 2016-2018-ci illərə aid idi. Qənaətimiz və düşüncəmiz ondan ibarətdir ki, çox güman, bunlar mərkəzin xəstələri ilə bağlı qeydiyyat dəftərləridir və lazımsız olduğu üçün bina ilə bərabər yiyəsiz qalıb.

İki il əvvəl deyilirdi ki, yeni bina tikiləcək. Mərkəz də oraya köçürüləcək. Amma həmin faciənin üzərindən iki il iki ay müddət keçib. Ortada heç nə yoxdur. Hələlik nə yeni mərkəzdən bir xəbər var, nə də ruhi disponserdən... Amma bu məsələyə bir az sonra yenidən qayıdacağıq.

Mərkəzlə bağlı rəsmi məlumat alacaq kimsə olmadığından ərazidə yaşayan insanlarla söhbətləşməli olduq.

Ağababa adlı sakin deyir ki, mərkəz yanğından iki-üç ay sonra Maştağaya köçürülüb. Hazırda xəstələr orada müalicə alır. Hətta bu ərazidən olan və mərkəzə qeydiyyatlı bir qonşusu da hazırda Maştağadakı şöbədə müalicəsini davam etdirir.

Bəs buranın aqibəti necə olacaq?

Sakinlərlə söhbətimiz zamanı onlardan bir neçə istiqamətdə məlumatlar aldıq. Bir qism sakin bildirdi ki, artıq ərazi Səhiyyə Nazirliyinin və ya TƏBİB-in balansında deyil. Səhiyyə Nazirliyindən bu iddialara cavab əldə edə bilmədik. Bəzi sakinlər isə qeyd etdilər ki, bura artıq özəl mülkiyyətdir. Yəni, başqa bir fiziki şəxsə, daha doğrusu, adını-sanını bilmədikləri iş adamına satılıb. Bəziləri isə deyir ki, keçmiş mərkəz hansısa fiziki şəxsə yox, hüquqi şəxsə icarəyə verilib. Burada dəniz tullantıları məhsulları müəssisəsi açılacaq. Nə zaman açılacaq- buna da cavab verən tapılmadı.

Sözün düzünü uşaq deyər, deyib atalar – təxminən 12-13 yaşlarında bir uşaq söhbətə qarışdı və bildirdi ki, bura artıq Mühafizə şirkətinin əməkdaşlarının ixtiyarındadır. Paytaxtda fəaliyyət göstərən mühafizə şirkətlərindən biri burada öz şöbəsini açacaq. Yenə də uşağın yalnçısıyıq. Abduləli adlı bu uşaq onu da deyir ki, hazırda əraziyə yalnız bir qarovulçu nəzarət edir: “O da tez-tez gəlmir. Arada-sırada gəlib baş çəkir. Qısa müddət sonra ərazini yoxlayıb gedir. Amma keçən il mühafizəçi geyimində çoxlu kişilər gəlmişdi. Axşamtərəfi idi. Baxdılar, danışdılar, getdilər”.

Niyə Allah ümidinə qalıb?

Buranın yiyəsiz olduğunu görüncə istər-istəməz ağlımıza gələn ilk sual o oldu ki, nəzarəti zəif olan binadan oğurluq edilməzmi?  Həmsöhbət olduğumuz sakinlərdən bunun səbəbini soruşduq. Bildirdilər ki, buradan vaxtilə 26 meyid çıxıb. Hər kəs üçün qorxulu və vahiməli məkan təsiri bağışlayır. Bir qadın isə əminliklə deyir ki, heç kim oraya oğurluğa getməz: “Birincisi, oğrular qorxaq olurlar. Onlar belə qorxulu yerə niyə girsinlər ki? Hamı bilir ki, orada ruh var. 26 adamın ruhu dolaşır orada. İkincisi də orada taxta-tuxtadan başqa nə var axı. İçəridə lazımlı olan hər şeyi boşaldıb aparıblar. Hətta dəmir çarpayılara qədər aparıb getdilər. Qalan elə bu dörd divarlardır. Onların içində də heç nə yoxdur. Elə hasardan baxanda da görünür, hər şey ortadadır”.

Yerli camaatın “kisəsindən gedən” mərkəz...

Sakinlər deyirlər ki, bu mərkəz yerli sakinlərin “kisəsindən gedib”. Səbəbini də özlərinəməxsus şəkildə izah edirlər. Deyirlər ki, bu ətrafda əhalinin sıxlığı az olmasına baxmayaraq, iki il əvvələ qədər burada xeyli dükan və mağazalar vardı. Xırdavat, geyim dükanları, siqaret köşkləri daha çox üstünlük təşkil edirdi. Həmin mağazalar xəstə yaxınları, mərkəzə gələnlər üçün təşkil edilmişdi. Çünki təlabat vardı. Dəhşətli yanğından sonra mərkəz bağlandı və bu məqam mağazalardan, dükanlardan da yan keçmədi. Onların da fəaliyyətini dayandırmasına səbəb oldu. İndi yaxınlıqda “Sadiq market” adlı dükan qalıb və ətrafda yaşayanlar ancaq oradan gündəlik təlabatlarını ödəməyə çalışırlar.

Bəs yeni disponserdən nə xəbər?

Ərazidə olarkən adının açıqlanmasını istəməyən bir tibb işçisi isə söhbətləşdik. Əvvəllər mərkəzi disponserdə çalışıb. Hətta bir müddət Narkoloji Mərkəzdə də işləyib. Onun dediklərinə görə, yeni narkoloji-ruhi disponser yaxın günlərdə istifadəyə veriləcək. Dəqiq tarixini bilmir. Açılışda ölkə rəhbərliyinin də iştirak edəcəyini, bunun üçün də işlərin sürətləndirildiyini vurğulayır.

Bildirir ki, mayın sonu, iyunun əvvəllərində ən müasir tələblərə cavab verəcək yeni narkoloji-ruhi disponser istifadəyə veriləcək. Həmsöhbətimin sözlərinə görə, yeni narkoloji ruhi dispanserin ən geci iyunun 15-nə kimi açılışı olacağı gözlənilir: “Yeni dispanserin Sabunçu rayonu ərazisində, kənd Maştağa deyilən ərazidə tikilir. Tikinti işləri artıq bitib. Disponser 4 mərtəbəli və 4 korpusdan ibarətdir. 300 çarpayılıqdır. Təzə dispanser ən müasir tələblərə cavab verir. Xaricdən ən bahalı, müasir avadanlıqlar gətirilib”.  

O da bildirilib ki, hazırda disponserdə tikinti işləri tam başa çatdırılıb. Texniki işlər həyata keçirilir. Eyni zamanda, binanın içərisində son tamamlama işləri aparılır.

Oxunma sayı 396