700 bal toplamış məzunlar indi haradadırlar?

10:39 17.09.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən hər il ali məktəblərə hazırlaşan abituriyentlər üçün qəbul imtahanları keçirilir.  2020-2021-ci tədris ili üzrə qəbul imtahanları başa çatıb. Hazırda abituriyentlər ixtisas seçimi mərhələsindədirlər. Hər il ixtisas qrupları üzrə müəyyən sayda abituriyent olur ki, onlar maksimum nəticə – 700 bal toplayırlar. Məlumat üçün bildirək ki, ölkəmizdə bu uğura ilk dəfə 2007-ci ildə rast gəlinib. Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı 123 nəfərdir. Bu il isə ümumilikdə ixtisas qrupları üzrə 2 nəfər 700 bal toplayıb.

Bir məqamı vurğulayaq ki, əslində, qəbulda belə nəticə göstərənlər cəmiyyətdə həmişə birmənalı qəbul edilmir. Belə ki, rekord nəticə göstərən məzunların əldə etdiyi uğur ciddi müzakirələrə səbəb olur.    Düzdür, çox vaxt məsələyə müsbət yanaşma görürük, amma bəzən belə iddialar da ortaya atılır ki, bal sistemi nisbi olduğundan, həmin abituriyentlər bu nəticəni təsadüfi toplayırlar. Həmçinin, onların universitet dərslərində uğursuz olması da səsləndirilən iddialar arasındadır. Qeyd edilir ki, həmin şəxslər qəbul imtahanlarında 700 bal toplasa da, təhsil aldıqları müddətdə göstəriciləri aşağı olur. Elə buna görə də bəziləri 700 bal toplamağın gələcək karyera fəaliyyətində o qədər əhəmiyyət kəsb etmədiyi qənaətindədir. Biz də bu iddialara aydınlıq gətirmək məqsədilə vaxtilə qəbul imtahanlarında rekord nəticə göstərmiş məzunların hazırda harada olması və hansı işlə məşğul olduğu ətrafında araşdırma aparmaq qərarına gəldik.

Qeyd edək ki, “Həftə içi” qəzeti və hafta.az saytı olaraq bu məsələ ətrafında yaranan suallarımıza Təhsil Nazirliyi vasitəsilə cavab tapacağımızı düşünərək sözügedən quruma sorğu göndərdik. Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirdilər ki, adıçəkilən qurum tərəfindən 700 bal nəticə göstərən məzunların statistikası aparılmır: “2020/2021- tədris ili üçün qeyd edə bilərik ki, 2 nəfər bu göstəriciləri əldə edib”.

 

Bakı Ali Neft Məktəbi liderliyini qoruyur

Yeri gəlmişkən, apardığımız araşdırma nəticəsində məlum olur ki, ali məktəblərə qəbul imtahanlarında rekorda imza atan məzunların əksəriyyəti Bakı Ali Neft Məktəbini seçirlər. Adıçəkilən təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zamirə Adilova da hafta.az-a açıqlamasında bu faktı təsdiqləyib.

Qurum rəsmisi deyib ki, 2012-2019-cu illərdə keçirilən qəbul imtahanlarının nəticələrinə görə yüksək bal toplamış abituriyentlər Bakı Ali Neft Məktəbinin (BANM) ixtisaslarını seçiblər: “Son 8 il ərzində keçirilmiş qəbul imtahanlarının nəticələrinə görə Bakı Ali Neft Məktəbinə qəbulda ümumi orta bal 667 (Dövlət Sifarişli) olub. Qəbul göstəricilərinə görə, Bakı Ali Neft Məktəbi respublika 1-ni qoruyub saxlayır. Yarandığı ildən indiyədək BANM-in 26 tələbəsi 700 bal toplayaraq ölkə üzrə rekorda imza atıb. 2018-ci ildə rekord qeydə alınıb. Belə ki, 16 tələbə ən maksimal – 700 balı toplamağa nail olub. 700 bal toplayan tələbələrin əksəriyyəti Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçiblər. Ötən tədris ilində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülərək, birinci qrup üzrə ən yüksək nəticə nümayiş etdirib. Ali Məktəbin yarandığı ildən ötən dövr ərzində Prezident təqaüdçülərinin sayı isə 150 nəfərə çatıb.

Ötən il BANM-ə qəbul olan tələbələrin 103 nəfəri 650-dən çox bal toplayıb. 2019/2020 tədris ilində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub. Eyni zamanda, Ali Məktəbin bütün məzunları beynəlxalq, transmilli və yerli neft-qaz şirkətlərində işlə təmin olunurlar”.

Məlumat üçün bildirək ki, 2014-cü ildə ilk dəfə Bakı Ali Neft Məktəbi üzrə 700 bal toplayan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının məzunu Eltun İbrahimov olub. O, hazırda Almaniyanın Passau Universitetində "Mobil və inteqrasiya olunmuş sistemlər" ixtisası üzrə magistratura təhsili alır.

Neft-qaz mühəndisliyi ixtisasının məzunu Məmmədli İsa da 700 bal toplayaraq təhsilini uğurla davam etdirib və hazırda bp şirkətində çalışır.

Neft-qaz mühəndisliyi ixtisasının məzunu Abbasov Nihad isə 2019/2020-ci il məzunudur. O, hələ ali məktəbi bitirməzdən bp şirkətindən iş təklifi alıb və hazırda orada çalışır. Abbasov Nihad bu il Ali Məktəbi ixtisas birincisi olaraq “Fərqlənmə” diplomu ilə bitirib. Ali məktəblər arasında “İlin uğurlu tələbəsi” adına layiq görülüb. O, Prezident təqaüdünü təhsil müddətinin sonunadək saxlamağa müvəffəq olub. Bundan başqa, SOCAR tərəfindən təsis olunan “Xoşbəxt Yusifzadə” adına təqaüdün ilk sahibi də o olub.

700 bal toplayan Sultanlı Nadir Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında V kursda, Qabil Əliyev Kimya mühəndisliyi ixtisasında IV kursda təhsil alır.

Mahirə Əsədzadə isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında IV kursda təhsilini davam etdirir. O, 2019-2020-ci tədris ilinin yaz semestrində İspaniyanın Alkala Universitetində 1 semestr müddətinə təhsil alıb. Əslən Cocuq Mərcanlı kəndindən olan Mahirə Əsədzadə Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən təntənəli mərasimdə çıxışı ilə yadda qalıb.

Abdulla Əsgərzadə, İlqar Məmmədov, Kənan Məhəmmədli, Xalidə Əliyeva Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Jalə Məmmədova Kimya mühəndisliyi ixtisasında IV kursda təhsilini davam etdirirlər.

Məmmədov İlqar, Məhəmmədli Kənan, Əsədov Vasif, Zeynallı Azər, Abiyev Anar, Mehdizadə Sona, Qarayev Rüstəm Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında III kursda təhsil alırlar. Qədirli Şəkər, Aşirov Aslan, Zamanlı Elgün, Fərzəliyev Xəyal, Bayramova Əsra, Məhərrəmli Tapdıq hazırda İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbələridirlər.

 

Qəbul imtahanında 700 bal toplayan ilk abituriyent

Bu abituriyent Emil Abbasovdur.  Belə ki, Azərbaycanda test üsulu ilə qəbul imtahanı 1992-ci ildə tətbiq olunsa da, 2007-ci ilə kimi 700 bal nəticə göstərən abituriyent olmamışdı.

O, 2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. Həmin il Emil Abbasovdan başqa daha 2 məzun da rekord nəticə əldə ediblər. O, BDU-da 1 semestr oxuduqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. O, hafta.az-a açıqlamasında bildirib ki, hazırda ADA Universitetində “Instructor of Computer Science” (Kompüter Elmləri) üzrə baş müəllim işləyir. Eyni zamanda, hazırda ABŞ-da doktorantura üzrə təhsil almaqdadır.

 

700 ballı biznesmen

Elvin Dadaşsoy- bu ad biznes sahəsi üzrə maraqlananlara çox yaxşı tanışdır. Qeyd edək ki, Elvin Dadaşsoy 2008-ci ildə 700 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsinə daxil olub. O, bu nəticəsinə görə hətta Prezident tərəfindən ev ilə də mükafatlandırılıb.

Elvin bizimlə söhbətində etiraf edib ki, ali məktəbdə təhsil aldığı dövrdə göstəriciləri elə də yüksək olmayıb, hətta Prezident təqaüdündən belə kəsilib. Səbəb isə qəbul olduğu ixtisasda özünü tapa bilməməsi olub: “Mən elə birinci semestrdə anladım ki, dövlət idarəetməsi mənim üçün maraqlı deyil və bizneslə bağlı kitablar oxumağa, təlimlərə qatılmağa başladım. İkinci kursda Prezident təqaüdündən kəsildim, çünki İngiltərədə oxumaq üçün hazırlaşırdım. Eyni zamanda, işləməyə başlamışdım. Beləliklə də tamamilə biznes sahəsinə yönəldim.Universitet dövründə dövlət idarəçiliyini deyil, daha çox biznes sahəsini öyrəndim. Ona görə öyrənmə baxımından universitet təhsilim çox uğurlu olmadı. Həmin illər ərzində müəyyən qədər biznes sahəsini öyrənə bildim. Hazırda Azərbaycan Diplomatik Akademiyasında MBA təhsili alıram və təhsilimi bu il başa vuracağam. 35 yaşımda isə dünyanın daha prestijli universitetlərinin birində biznes sahəsi üzrə PhD təhsili almaq istəyirəm”.

Qeyd edək ki, Elvin Dadaşsoy hazırda təhsilini davam etdirməklə bərabər, həm də bir sıra uğurlu biznes layihələrinə imza atıb. O, çoxlarına yaxşı tanış olan Panda School Uşaq İnkişaf Mərkəzi brendinin yaradıcısıdır. Hazırda bu şəbəkənin ölkənin müxtəlif ərazilərində 15 filialı fəaliyyət göstərir. Bundan başqa, həmsöhbətimiz şirniyyat sahəsində fəaliyyət göstərən bir biznesdə təsisçilik hüququna malikdir. Eyni zamanda, Dadaşsoy Biznes School adlı şirkətə sahibdir.

Müsahibimiz söhbət əsnasında 700 bal toplamağın onun karyerasında dönüş nöqtəsi olduğunu da vurğulayıb:

"İlk ona görə ki, 700 bal topladıqdan sonra kifayət qədər yerlər məni müsahibələrə çağırdı. Cənab Prezident tərəfindən mənzillə mükafatlandırıldım. 700 bal toplamağın mənə mənfi təsirləri də oldu. Düzünü desəm, bu nəticə məndə arxayınlıq yaratmışdı. Özümu dağın zirvəsində hiss edirdim. Bu bir növ eqo partlaması idi. Sonradan o eqonu zərərsizləşdirməyi bacardım. İndi gələcəklə bağlı müxtəlif planlar qururam. İstəyirəm ki, gələcəkdə müxtəlif sahələrdə investisiyaları olan bir holdinq yaradam. Hansı ki, bu holdinqdə biz kifayət qədər insanı işlə təmin edə biləcəyik".

 

Oxunma sayı 1646