“8103”-lə rayondan çıxmaq istədi – 10 sutkalıq həbsə düşdü  - Günün təzadları

19:16 22.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən 2 saatlıq çıxmağa icazə aldığı halda rayo ərazisini tərk etməyə cəhd göstərdi.

Hafta.az yazır ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, aprelin 20-də adı çəkilən vətəndaş müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib.

Bu zaman rayonun çıxışında xidmət aparan polis əməkdaşları vətəndaşa karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər.

Ş. Əliyev polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq Samux rayon Polis Şöbəsinə gətirilib.

Aidiyyəti məhkəmənin qərarı ilə Ş. Əliyev 10 gün müddətə inzibati qaydada həbs edilib.

 

Koronavirusdan sağalmış həkimlərin rəngi qaraldı

Çinin Uhan şəhərində yeni növ koronavirusdan (“COVİD-19”) sağalan kardioloq Yi Fan və uroloq Hu Veifenqin dərilərinin rəngi dəyişdi.

Hafta.az yazır ki, APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, həkimlər iki ay müddətində koronavirusdan müalicə olunublar.

Yerli mütəxəssislər həkimlərin dərisinin rənginin dəyişməsinə səbəb kimi virusun qaraciyəri zədələməsini göstəriblər.

Xuaçjun Elm və Texnologiya Universitetinin əməkdaşı Song Jianxin bildirib ki, müalicə prosesində həkimlərin daxili orqanları zədələnib.

Onun sözlərinə görə, qaraciyərlərdə toplanmalı olan dəmir, orqanlar düzgün çalışmadığından qan damarlarına dolub və buna görə də onların dərisinin rəngi dəyişib.

Qeyd olunub ki, müəyyən müddət keçdikdən sonra həkimlərin dərisinin rəngi əvvəlki vəziyyətinə qayıdacaq.

ABŞ-ın Yel Universitetinin kardioloqu Harlan Krumholz isə vurğulayıb ki, COVİD-19 ancaq tənəffüs yolu xəstəliyi deyil, koronavirus ürək, qaraciyər, böyrəklər və beyinə də təsir edə bilər.

 

Paşinyan evini internetdə satışa çıxardı

Ermənistan Baş nazirinin  şəxsi mənzini satışa çıxardığı bəlli oldu.

“Təsadüfən The.am.am saytının ev satışı bölməsində Nikol Paşinyanın“ Hayrenik ”kinoteatrının qarşısındakı mənzilini satdığını öyrəndik”.

Hafta.az xəbər verir ki,  bunu Ermənistanın "Hraparak" qəzeti yazıb. 

Nəşrin yazdığına görə, bu, Nikol Paşinyanın Lori mərzinin Kurtan kəndindən olan, 1988-ci il zəlzələsində evsiz qalmış Mehak adlı yoxsul erməni ilə söhbətində barəsində qürurla danışdığı mənzildir. 

“Əliniz, ayağınız var.  Mənim də evim yox idi. Evi haradan aldım?

24 saat işlədim və evimi yaratdım. Siz də gedib işləyin və bir ev qurun… " –deyən işğalçı ölkə baş naziri sonradan həmin vətəndaşdan üzr istəmişdi.

“İndi yeni bir ev "yaratmaq" vaxtıdır. Mənzil fevralın 27-dən bəri satılır, 85 min dollara qiymətləndirilir. Başqa sözlə, koronavirusun yayılmasından əvvəl satışa çıxarıldı və “fövqəladə vəziyyət” elan edildi. Göründüyü kimi, Baş nazir bir hökumət kottecində yaşayaraq yeni bir ev almaq qərarına gəlib və ailənin keçmiş 3 otaqlı mənzilə qayıtması ehtimalı azdır…” – erməni qəzeti belə yazıb.

 

Kişini yolun ortasında oğurladılar

Sosial şəbəkələrdə Rusiyanın Vladivostok şəhərində kişinin yolun ortasında oğurlanmasını əks etdirən videoyazı yayıldı.

Hafta.az Musavat..com-a istinadla xəbər verir ki, kadrlarda bir qrup silahlı insanın naməlum şəxsi minivenə otuzduraraq qaçırdığını görmək olar.

Məlumata əsasən, bir müddət sonra o, tapılıb. Vəziyyəti ağır olan 33 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

 

Tovuzda sərxoş ata oğluna xəsarət yetirdi

Tovuz rayonunda ata övladının başına çaydanla vurdu.

Hafta.az yazır ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Sərxoş vəziyyətdə olan ata ailədaxili münaqişə zəminində oğluna xəsarət yetirib.

Hadisənin təfərrüatları araşdırılır.

 

Oxunma sayı 29