83 yaşlı nənə üzgüçülük üzrə dünya çempionu oldu - GÜNÜN TƏZADLARI

18:12 10.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan olan 83 yaşlı Nina Maksimova qış üzgüçülüyü üzrə dünya çempionatının qızıl mükafatçısı oldu. Hafta.az-ın yazdığına görə, o, 3-9 fevral tarixlərində Sloveniyanın Bled gölündə keçirilən turnirdə 25 və 50 metr məsafələrdə birinci olaraq iki qızıl medal qazanıb. Çempionatda 36 ölkədən 1042 idmançı iştirak edib. Turnirin keçirildiyi göldə suyun temperaturu müsbət 1 dərəcə olub. Bildirilir ki, N.Maksimova ümumən üzgüçülüklə 77 il, qış üzgüçülüyü ilə isə 30 ildir məşğul olur. O, üzgüçülük üzrə yarışlarda bir çox mükafat alıb.

 

Planetdə 150 milyon insanın Məhəmməd adı daşıdığı bilindi

Peyğəmbərimizin (s) adı olan Məhəmməd namı bütün dünyada çox məşhurdur. Hafta.az xəbər verir ki, “İndependent” nəşrinin yazdığına görə, hazırda planetdə 150 milyon oğlan uşağı və kişi Məhəmməd adını daşıyır.  İndi dünyada  populyar olan bu ad, nəhayət, ABŞ-da da uşaqlar arasında ən çox yayılmış adlardan birinə çevrilib. “BabyCenter” valideyn saytı yazır ki, İslam Peyğəmbərinin(s) adı oğlanlar üçün ən populyar 10 ad arasında qiymətləndirilib. ABŞ-da Məhəmməd adının populyarlığı 2013-cü ildə ilk 100-lüyə daxil olandan bəri davamlı olaraq böyüyür, lakin 2020-ci ilədək ilk 10-luğa düşməyib. Bu gün isə artıq Məhəmməd ilk onluqda olan müsəlman mənşəli yeganə ad deyil. Qadın adları arasında "səmavi", "uca" mənasını verən Aliya adı da fəxri onuncu yeri tutub.

 

Gölməçəyə düşən avtomobil buz bağladı

Türkiyənin Adana şəhərinin Tufanbeyli qəsəbəsində yoldan çıxaraq gölməçəyə düşən minik avtomobili buz bağladı. Hafta.az Musavat.com-a istinadla   xəbər verir ki, hadisə maşının sürüşərək buzlu yoldan kənara çıxması nəticəsində baş verib. Sürücü canını çətinliklə qurtarsa da, maşın suyun içində qalıb. Az sonra avtomobil 18 dərəcə soyuq temperaturda buza bürünüb. Çarəsiz sürücü başqa bir maşınla evinə yollanıb. Qeyd edək ki, Tufanbeylidə soyuq hava şəraitinin üç gün davam edəcəyi bildirilir.

 

Müsəlman həkimlər koronavirusun effektiv müalicə yolunu tapdı

Malayziya xəstəxanalarında koronavirusla mübarizədə uğur əldə olundu. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, bu günədək ölkədə koronavirusa(“CoV-2019n”)  yoluxmuş 3 nəfər müalicə edilib. Ümumilikdə Malayziyada  bu virusa 17 yoluxma halı qeydə alınıb. Xəstələrin 12 nəfəri Çindən, 5-i isə malayziyalı olub. Fevralın 9-da axşam müsəlman həkimlər tərəfindən müalicəsi aparılan 63 yaşlı Çin vətəndaşının analizləri onun tamamilə sağaldığını göstərib. Adam paytaxt Kuala-Lumpurdakı bir xəstəxananın təcridxanasında simptomatik müalicə alıb.  “7 və 8 fevral tarixlərində keçirilmiş iki paralel test “2019-nCoV” virusu üçün mənfi nəticə verdi. Xəstə bu gün xəstəxanadan buraxılacaq", - deyə Malayziya Səhiyyə Nazirliyinin baş direktoru Nur Hişam Abdulla bildirib.  Fevralın 4-də Çindən olan dörd yaşlı bir qız da müalicə alıb və Lanqkavi adasındakı xəstəxanadan buraxılıb. Ölümcül infeksiyadan sağalmış üçüncü şəxs Uhan şəhərindən olan 40 yaşlı bir kişi olub. O, Cohor-Baru şəhərindəki bir xəstəxanada müalicə alıb və fevralın 8-də tibb müəssisəsindən buraxılıb.  Malayziyadakı xəstəxanalardakı 3 koronavirus xəstəsinin müvəffəqiyyətlə sağaldılması malayziyalılar və dünya üçün bir ümid işığıdır.

 

Çinlilər donuz sümüyündən təsbeh istehsalına başladı

Sosial şəbəkələrdə muncuqların donuzun sümüklərindən necə hazırlandığını göstərən video yayıldı. Hafta.az bu haqda xarici İslam saytlarına istinadla xəbər  verir. Videonun şərhçisinin sözlərinə görə, Çində donuz sümüklərindən bu məhsullara xüsusi tələbat olduğu Səudiyyə Ərəbistanına satış üçün göndərilən təsbeh düzəltmək üçün istifadə olunur.

"Zəvvarlar Həcc zamanı həmin təsbehləri satın alır və  donuz sümüyündən düzəldilməsindən şübhələnmədən onları hədiyyə üçün evlərinə aparırlar" deyilir.

Oxunma sayı