İCBSS-də Azərbaycanın enerji siyasətinə dair məqalə dərc olunub

10:22 03.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi (İCBSS) tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Azərbaycan COVID-19 pandemiyası zamanı etibarlı enerji tərəfdaşı kimi” adlı tədqiqat işi çap olunub.

Hafta.az yazır ki, məqalədə müəllif COVID-19 pandemiyasının qlobal enerji bazarına mənfi təsir etdiyini vurğulayır və Azərbaycanın da digər enerji ixrac edən ölkələr kimi qlobal enerji bazarlarında mənfi tendensiyalardan təsirləndiyini qeyd edir. Ş.Hacıyev qeyd edir ki, hadisələrin bu cür inkişafı fonunda neft qiymətlərinin  ucuzlaşması ilə mübarizə aparmaq və qiymətləri sabitləşdirmək məqsədilə aprel və iyun aylarında OPEC+ görüşləri qlobal enerji bazarlarında COVID-19 pandemiyasının təsirinin azaldılması istiqamətində mühüm addım olub.

“Azərbaycan da OPEC+ formatı çərçivəsində uğurlu və məhsuldar əməkdaşlığını davam etdirir və OPEC+ sazişlərini neft qiymətlərinin stabilləşdirilməsi üçün olduqca vacib hesab edir”, - müəllif qeyd edir.

Ş.Hacıyev bildirib ki, Azərbaycan beynəlxalq enerji əməkdaşlığını dəstəkləyir və Xəzər xam neftini qlobal enerji bazarlarına nəql edən  Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək Cənub Qaz Dəhlizi  kimi nəhəng enerji layihələrinin təşəbbüskarıdır: “Bu gün əminliklə demək olar ki, Azərbaycan səmərəli enerji istehsalçı-istehlakçı dialoqu və vahid strategiya qurmağı bacardı”.

Oxunma sayı 2846