İcra başçısı məhkəməyə gətirildi –Günün təzadları

18:26 12.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimat ilə əlaqədar Səbail Rayon Məhkəməsinə gətirildilər. 

Hafta.az-ın yazdığına görə, "Report"un əməkdaşı xəbər verir ki, məhkəmə təqdimata baxaraq qərar qəbul edəcək.  Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçrdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. Həmçinin rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.

 

Ermənistan spikerinin yeni müşavrinin Qarabağda işləyəcəyi bilindi

Azərbaycan Respublikasının ermənilərə işğal etdirilmiş  20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “qanunverici orqanı”nın keçmiş rəhbəri Aşot Qulyan  işğalçı Ermənistanın parlament sədri Ararat Mirzoyanın müşaviri təyin olundu.

Hafta.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bununla bağlı A.Qulyan Ermənistan spikerinə minnətdarlıq məktubu ünvanlayıb. 

Həmin məktubda maraqlı məqam üzə çıxır.  Separatçı rejimin sabiq “spikeri” qeyd edir ki, işğalçı ölkənin spiker köməkçisi kimi o, elə Qarabağda - Azərbaycanın işğal altındakı torpaqlarında işləyəcək.  Məqsəd “iki erməni respublikasının parlamentləri arasındakı əlaqələri daha da inkişaf etdirməkdir”.

 

Sulutəpədə ustanı öz çəkici ilə döydülər

Bakının Binəqədi rayonunda kafedə dava düşdü. Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, hadisə Sulutəpə kafesində baş verib. 1965-ci il təvəllüdlü Həsənağa Həbibov usta kimi çalışdığı yerin yaxınlığında kafedə tanımadığı dörd nəfərlə mübahisə edib. Həmin şəxslərdən biri H.Həbibova məxsus çantadan çəkic çıxararaq onun başına vurub. Yaralı başından xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

 

AzTu-nun kafedra müdiri yalan məlumata görə azad olundu

Azərbaycan Texniki Universitetinin (AzTU) “Xarici dillər” kafedrasının müdiri Yusif Süleymanov öz vəzifə səlahiyyətlərinə səhlənkar yanaşaraq pandemiya dövründə tələbələrə imtahanla bağlı yanlış məlumat vediyinə görə vəzifəsindən azad edildi.  Hafta.az yazır ki, Qxu.az-a bu barədə AzTU-dan məlumat verilib.  Bildirilib ki, öz vəzifə öhdəliklərini aşaraq tələbələrə imtahanların keçirilməsi ilə bağlı yalan məlumat verdiyinə və tələbələr arasında çaşqınlıq yaratdığına görə kafedranın professor-müəllim heyətinə xəbərdarlıq edilib.  “Xarici dillər” kafedrasının müdiri vəzifəsi müvəqqəti olaraq rektorun beynəlxalq əlaqələr üzrə müşaviri Nigar Sultanovaya həvalə edilib. Eyni zamanda, “Xarici dillər” kafedrasında tədrisin təşkili vəziyyətini öyrənmək və günün tələblərinə uyğun səviyyədə qurmaq məqsədilə, kafedrada ciddi metodoloji və təşkilati dəyişikliklərə ehtiyac yarandığı nəzərə alınaraq professor-müəllim heyətinin attestasiyasının keçirilməsi qərara alınıb. Professor-müəllim heyətinin attestasiyaya hazırlığına yardım məqsədilə kənardan müvafiq dillər üzrə uyğun sertifikata malik mütəxəssislər cəlb edilməklə treninqlərin keçirilməsinə göstəriş verilib.

 

Baş nazir  vəzifəsindən azad edildi

Suriya prezidenti Bəşşar Əsədin sərəncamı ilə baş nazir İmad Xamis vəzifəsindən azad edildi.

Hafta.az yazır ki, “Report” SANA-ya istinadla xəbər verir ki, dövlət başçısı baş nazir vəzifəsini icra etməyi ölkənin su ehtiyatları naziri Hüseyn Arnosa həvalə edib.

İ.Xamis 2016-cı ildən ölkənin baş naziri vəzifəsində çalışırdı.

Oxunma sayı 3885