İkigünlük karantindən sonrakı Bakı - Maska taxmaq və sosial məsafəni gözləmək vacibdir-REPORTAJ

12:42 08.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə iki gün çox ciddi karantin rejimi oldu. Şənbə və bazar günlərində bütün xidmət sahələri işlərini dayandırdı, vətəndaşların yaşayış yerlərini tərk etməmələri bildirildi. Bu iki gün ərizində koronavirusa yoluxmanın sayında azalma müşahidə olunsa, deməli, belə addımları davam etdirmək məqsədə uyğun sayılar.

Bu gün yeni iş həftəsidir. İnsanlar iki gün evdən bezmişcəsinə işə qaçırlar. Dayanacaqlarda insanların sıxlığı müşahidə olunur. Eləcə də metro və avtobuslarda da vəziyyət belədir.

Biz də iki gün karantin rejimini evdə keçirən insanların fikirlərini öyrənmək istədik. Bir neçə sakinin fikrlərini bir kəlmə ilə ifadə etsək yerinə düşər:

“Evdə oturmaq çox ağırdır”. Lakin əksəriyyət bunun sağlamlığımızı qorumaq üçün zərurət olduğu qənaətindədir.  

Bu gün Bakı şəhərinin ayrı-ayrı yerlərindəki vəziyyəti çəkdik. Əvvəlki günlərlə müqayisədə maska istifadə edənlərin sayı çoxalıb. Demək olar ki, əksəriyyət insanlar təhlükəni anlayır və maska istifadə edirlər. 

Maska istifadə etməyən insanlar da var. Onların da fikrini öyrənmək istədik.

Sakin Rəhim Həsənov deyir ki, maska istifadə edirəm, amma istidir, nəfəsim kəsilir:

"Ona görə metro və avtobuslarda maska da istifadə edirəm. Açıq havada isti imkan vermir ki, nəfəs alasan".

Samirə xanım isə düşünür ki, masqa taxmaqla, taxmamaq arasında elə ciddi bir fərq yoxdur:

"Metrodan istifadə edən sərnişinlərin çoxu eyni maskadan təkrar-təkrar istifadə edir. Yəni polisin içəriyə buraxması üçündür. Amma sərnişinləri də qınamaq olmaz. Maskanın qiymətini aşağı salmalıdırlar. Çünki birdəfəlik istifadə üçündür. Paltar deyil ki, dəfələrlə geyinəsən". 

Bununla belə insanlar artıq koronavirusdan qorunmaq üçün və cərilənməmək üçün maskadan istifadəyə meyl göstərirlər. Əslində bu bizim sağlamlığımız üçündür. İsti yay aylarında vəziyyətin normallaşması və məhdudiyyətlərin aradan qaldırılması öz əlimizdədir. Qaydalara nə dərəcədə ciddi əməl edilsə korona təhlükəsinin sovuşması da bir o qədər tez olar. Gəlin qaydalara hamılıqla əməl edək...

Hafta.az insanların sıx olan yerlərindən görüntüləri təqdim edir.

 

Oxunma sayı 8588