İlham Əliyev Pakistan İslam Respublikasının dövlət başçısına məktub göndərib

23:53 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə məktub göndərib.

Hafta.az-ın məlumatına görə, məktubda deyilir:

"İlk öncə Sizə səmimi salamlarımı yetirir, Azərbaycan və Ermənistanın dövlət sərhədində baş vermiş hadisələrə verdiyiniz obyektiv qiymətə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm.

Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri cəbhənin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, hərbi təxribata əl atmışdır. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri həlak olmuş və yaralanmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi avantürist və təcavüzkar siyasətindən əl çəkməmiş, ölkəmizin hərbi və mülki obyektlərinin bombalanması əmrini vermişdir.

Bu hadisələr adi sərhəd toqquşması kimi deyil, Ermənistanın işğalçı siyasətinin davamı olaraq qəbul edilməlidir. 30 ilə yaxın müddətdir ki, Azərbaycanın 20 faiz torpağı - Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon erməni işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır".

Təsadüfi deyil ki, 1992-ci ildə Xocalıda törətdikləri soyqırımına görə cəzasız qalan bu şəxslər bu gün yenə də mülki əhalini, uşaq, qadın və qocaları hədəfə alaraq qətlə yetirir. Son hadisələrdə hərbçilərimizdən başqa sıravi mülki vətəndaşlarımız arasında həlak olan və yaralananların olması bunun əyani sübutudur.

Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər. Azərbaycanın hərbi qüdrəti, qəhrəman övladlarımızın qətiyyəti və şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı alınmış və bundan sonra da alınacaqdır.

Qardaş Pakistanın ölkəmizin haqq işində daim göstərdiyi həmrəyliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, qardaş Pakistan İslam Respublikasına daim firavanlıq və əmin-amanlıq arzulayıram".

Oxunma sayı 2302
Siyasət rubrikasından digər xəbərlər