“İlham Əliyevin apardığı islahatlar nəticəsində Azərbaycan çox dəyişib” – Türkiyə prezidenti

17:32 26.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini başa vuraraq Ankaraya dönərkən təyyarədə jurnalistlərin suallarını cavablayıb. Bildirib ki, “Bir millət, iki dövlət” deyiminə uyğun olaraq, Türkiyə ilə Azərbaycan arasında əlaqələr gündən-hünə genişlənir, dərinləşir. 

“Bu ziyarətimizdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının sayca 8-ci toplantısını keçirdik. Ümumilikdə 14 saziş imzaladıq. Bu anlaşmalar çərçivəsində 2019-cu ildə ticarət əlaqələrimizin həcmi təxminən 4,5 milyard dolları ötdü. Bununla kifayətlənə bilmərik, hesab edirəm ki, 2023-cü ildə ticarətin həcmini 15 milyard dollara çatdırmalıyıq və bunun üçün yaxşı potensial da var. Eyni zamanda, Azərbaycanla Bakı-Tiflis-Qars Dəmir yolu və TANAP kimi böyük layihələrə də imza atdıq. Qarşılıqlı sərmayə qoyuluşunun həcmi də sürətlə artmaqdadır. Müdafiə sənayesi sahəsində də sıx əməkdaşlıq edirik. Regional məsələlərdə Azərbaycanla tam həmrəylik içindəyik. Erməni iddiaları, İslam düşmənçiliyi, irqçilik və ayrıseçkiliklə mübarizə məsələlərində də Azərbaycanla birlikdə addım atırıq” deyən dövlət başçısı ölkələrimiz arasında mövcud olan əlaqələrdən məmnun qaldığını dilə gətirib.

Türkiyə prezidenti bildirib ki, Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın yanındadırlar. O, qeyd edib ki, işğal altındakı Azərbaycan torpaqları artıq azad olunmalı və bölgəyə sülh, sabitlik gəlməlidir. Prezident Ərdoğan deyib ki, "Minsk prosesi" 25 ildir Azərbaycanın başını qatmaqla məşğuldur. Nəticəsi budur ki, nə ABŞ, nə də Rusiya bu 25 il ərzində münmaqişəni həll etməyə səy göstərməyib. O, erməni vəhşiliyinin təzahürü olan Xocalı soyqırımının növbəti ildönümünün qeyd edildiyini xatırladaraq, bu qətliamı törədənləri lənətlədiyini bildirib. Ərdoğan, 1992-ci il fevralın 26-da baş verən soyqırımda şəhid edilən 613 azərbaycanlının yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib, səbr diləyib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, səfər çərçivəsində keçirilən görüşlərdə bəzi çox həssas məsələlərə aydınlıq da gətirilib. “Bunlardan biri kimi, Naxçıvanla Türkiyə arasında təbii qaz xəttinin sürətli tikintisi üçün ilk addımı atdıq, lazımi təlimatları verdik. 60 kilometr bizim İğdırdan sərhədə, 60 kilometr də Naxçıvanın mərkəzindən sərhədədək kəmər tikiləcək. Ümumilikdə 160 kilometr olacaq bu təbii qaz boru xəttini sürətlə tikib bitirməklə Naxçıvanı iki stiqamətdən gücləndirmək istəyirik. Normal vəziyyətdə qaza olan tələbatını İrandandan idxal hesabına qarşılayan Naxçıvana bu yolla bizdən də alternativ xətt çəkilmiş olacaq” deyən R.T.Ərdoğan qeyd edib ki, Bakıya səfəri zamanı bağlanmış 14 sazişin içində həm də Naxçıvanla Qars arasında dəmir yolunun tikintisi var. Bu sazişin icra edilməsi Naxçıvanın daha muxtar, daha sərbəst inkişaf etməsinə imkan verəcək.

Türkiyə prezidenti deyib ki, mədəniyyət müstəvisində eyni tarixi paylaşan, eyni havanı udan millətik. O, bu ilin iyun ayında Avropa çempionatı çərçivəsində A Milli Futbol Komandasını izləmək üçün məhz Bakıya gələcəklərini də vurğulayıb.

“Siyasi müstəvidə, Türkiyə-Azərbaycan münasibətlərində heç bir problem yoxdur və ola da bilməz. Hər zaman bir-birinə arxa duran iki dövlətik. Hərbi sferada da həmrəyliyimiz davam etməkdədir. Birlikdə hərbi təlimlər keçiririk, hərbi tədris veririk. Biz “Efes” təlimlərinə azərbaycanlı qardaşlarımızı da dəvət etdik, inşallah gələcəklər. Azərbaycan FETO ilə mübarizə məsələsində ilk gündən Türkiyəyə lazımi dəstəyi verməkdədir” deyən Ərdoğan, bu günlərdə keçirilmiş parlament seçkilərindən dolayısı Azərbaycan xalqına uğurlar diləyib.

“Mətbuat konfransında da dediyim kimi, Heydər Əliyev dönəmində də Azərbaycana getmişdim. 1992-ci ildə də Ərbakan hocamızla bərabər getdik. O zaman marketlərdə, bazarlarda elə də çox çeşiddə məhsul görməzdiniz. Ciddi mənada sıxıntının olduğu bir dönəm idi və o vaxtlar bu günkündən çox fərqli idi. Təbii ki, Heydər Əliyevlə keçid dövrü başa çatdı. Mərhum Heydər Əliyevlə başlayan və İlham Əliyev qardaşımızla davam edən islahatlar nəticəsində hər şey dəyişdi. Prospektlər, yollar, gördüyünüz bütün bu sənət əsərləri ortaya çıxdı” deyib Türkiyə prezidenti.

Prezident Ərdoğan əlavə edib ki, bu gün gördüklərinin heç biri 20 il əvvəl olmayıb. Ona görə də, o dövr xatırlanmazsa, şərtləri öyrənilməzsə, byu günü anlamaq olmaz. “Bu islahatlar, bu dəyişiklik, Heydər Əliyevin və İlham Əliyevin əməyi sayəsində olub. İlham Əliyevin liderliyində olan Azərbaycan, xüsusilə müdafiə sahəsində böyük uğurlara imza atıb. Ermənistanla olan sıxıntılar harda gldi özünü göstərə bilmədi. Onların məqsədi bu olub: irəli getmək, inkişaf etmək. Şəxsən mən bu gün azərbaycanda çox güclü dəyişikliyin şahidiyəm. Hətta keçmişdə neft quyularının olduğu mənzərəni də bilirəm. Amma indi neftin, təbii qazın çıxarıldığı ərazilər belə dəyişib. Hər şeyin haqqını vermək, nahaq danışmamaq lazımdır. Azərbaycanda həyata keçirilən islahatlar prosesinin bundan sonra daha sürətlə aparılacağına inanıram”, - deyib prezident Ərdoğan.

Oxunma sayı 123
Siyasət rubrikasından digər xəbərlər