İllərlə üzləşdiyimiz real təhlükə – Asbest şiferlər niyə zərərsizləşdirilmir? - ARAŞDIRMA  

14:43 02.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir çox insanlar asbest–şiferlərin təhlükəli olması barədə məlumatlı deyillər. Aparılan araşdırmalar onu göstərir ki, asbest-şiferləri insan orqanizmində ciddi xəstəliklər yaradır.

Beynəlxalq Əmək Təşkilatının 162 saylı qərarına əsasən, asbest-şifer tipli məhsulların Avropada istifadəsinə qadağa qoyulub. Bir neçə il bundan əvvəl belə bir məhdudiyyətin ölkəmizdə tətbiq olunacağı barədə rəsmi şəkildə açıqlama verilsə də, azbest-şiferlərinin hələ də istehsalına tam qadağa qoyulmayıb.

Məsələ ilə bağlı hafta-az-a danışan ekspert Elmar Nurəliyev deyir ki, Beynəlxalq Əmək Təşkilatı eləcə də Avropa Birliyi asbest-şifer tipli məhsullardan istifadənin, hətta olunduğu yerlərdə yaşamağın, işləməyin insanlara zərərli olduğunu bildiriblər:

“Bir çox ölkələrdə bu məhsulun istehsalına və satışına qadağa qoyulub. Asbestin zərərli olması “BET” tərəfindən sübut olunsa da, bundan tamamilə imtina edilməsi barədə qərar verilməyib. Hətta Rusiyada asbestin istehsalında, eləcə də satışında artım var. Azərbaycanda da konkret asbest şiferlərdən, borulardan kiminsə zərər çəkdiyi sübuta yetirilməyib. Bu vasitədən daha çox rayon yerlərində su borularında istifadə olunur. Asbest özü kanserogendir. Kimyəvi təsirlərə və istiliyə davamlı olmasına görə müxtəlif təyinatlı geyimlərdə istifadə edilir. Ən yaxşı yanmaya davamlı olan paltarların, uniformaların yanğına qarşı hazırlamasında asbest materialına üstünlük verilir. Brezetdən və asbestdən yanğına davamlı olduğu üçün yanğın yorğanlarında istifadə olunur. Təbii ki, bunu əvəz edəcək məhsullar da var”.

Ekspert qeyd etdi ki, tərkibi kimyəvi cəhətdən insanlar üçün zərərli olmayan, digər maddələrlə reaksiyaya girməyən, beynəlxalq sertifikatları olan, sağlamlığa zərəri olmadığına dair akreditasiyadan keçmiş hər bir tikinti materialından istifadə etmək mümkündür.

Nəfəs və ya içmə yolu ilə insan orqanizminə daxil olan asbest məhsul kanserogen maddə olduğu üçün müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Hətta 1970-ci ildən aparılan tədqiqatlar nəticəsində asbestin ölüm tozu olduğu sübut edildi. Belə bir fakt aşkar olunsa belə, yenə də çoxmənzilli evlərin dam örtüklərində asbest məhsulundan istifadənin şahidi oluruq.

Professor, həkim Adil Qeybulla hafta.az-a bildirdi ki, asbest şiferlərinin kanserogen olması sübuta yetirilib:

“Asbest ağciyər xərçəngi, bronxlarda, tənəffüs yollarında ən ağır xəstəliklər yaradır. Bəzi qaz sobalarında çuqunların arasında asbestdən istifadə olunur. Əvvələr də dam örtüklərində asbest-şifer tipli məhsullarına üstünlük verirdilər. Amma hal-hazırda təhlükəli olduğu üçün tikinti sənayesindən çıxarılır. Bu baxımdan yeni binaların şiferlərini təmin etmək üçün daha yeni materiallar var. Məsələn, dizayında şiferdən də yaxşı görünən materiallar var. Bu baxımdan bunlardan istifadə olunmalıdır”.

Ekspert həmçinin dedi ki, ümumiyyətlə, keyfiyyətsiz, insan orqanizminə ziyanlı və xüsusilə istehsaldan çıxarılmış, qadağan olunmuş sənaye məhsullarının istifadəsi qanunla məsuliyyət daşıyır.

Asbest-şiferlərinin insan həyatı üçün təhlükəli olması barədə ilk açıqlama Azərbaycan Milli Akademiyasının Radiasiya Problemləri İnstitutu tərəfindən yayılmışdı. Həmin açıqlamada bildirilirdi ki, dam örtükləri üçün istifadə olunan asbestin hazırlanması zamanı tərkibinə xezantil və amfibol asbesti qatılır ki, bu da insan orqanizmində həftələrlə qalaraq sağalmaz xəstəliklərin yaranmasına gətirib çıxarır.  

Kimya üzrə ekspert Müslüm Əhmədoğlu hafta.az-a bildirdi ki, asbest şiferinin radiasiya təhlükəsi yox, kimyəvi təhlükəsizliyi çox mühümdür:

“Əsas məsələ odur ki, asbest şiferlər hazırlananda materialın tərkibinə liflər qatılır. Həmin bu liflər istifadə olunduqda, asbestin daxilində kimyəvi təsirini itirərək, külək vasitəsilə yayılmağa başlayır. Bu liflərin diametri o qədər kiçikdir ki, nəfəs yolu ilə insanların ciyərlərinə asanlıqla daxil olur. Bu isə kanserogen xəstəliklərin yaranmasına səbəb olur. Bütünlüklə nə qədər istifadədə varsa, tədricən sıradan çıxarılmalıdır. Ekologiya Nazirliyinin təhlükəli tullantılar poliqlonu var. Bu tullantıların zərərsizləşdirilməsi və ya basdırılması da həmin ərazidə həyata keçirilməlidir. Bu prosesi əvvəllər də davam etdirərək təhlükəli tullantıları ətraf mühitdən uzaqlaşdırmağa nail olublar. Əsas məsələ odur ki, istifadədən çıxarılan asbest tullantılarının zərərsizləşdirilməsi müəssisə daxilində həll edilsin. Bunların da istehsal markaları, xüsusi beynəlxalq standartları var. Hazırda regionlarda istifadə olunan asbest şiferləri köhnə qaydalar əsasında hazırlanıb. Bu isə müasir istehsal şərtlərinə uyğun deyil”.

Onun sözlərinə görə, beynəlxalq standart özünü “Rotterdam Konvensiyası” göstərir: “Beləki bununla əlaqədar Rotterdam Konvensiyası həmin asbest –şiferlərin zərərləşdirilməsini nəzərdə tutur. Hal-hazırda Azərbaycanın bu konvensiyaya qoşulması gündəmdədir. Sənədin imzalanması istiqamətində iş aparılır. Əgər bu konvensiyaya qoşulsaq, o zaman belə materialların, tullantıların zərərsizləşdirilməsi daha ciddi şəkildə həyata keçiriləcək”.

Beləliklə, inanırıq ki, bir neçə il əvvəl hökumət tərəfindən sözügedən təhlükənin aradan qaldırılması ilə bağlı irəli sürülən təşəbbüs elə təşəbbüs olaraq qalmayacaq. Bu istiqamətdə real addımlar atılacaq.

Şahnun Qasımova

Oxunma sayı 136
Sosial rubrikasından digər xəbərlər