İnsanlığa qənim kəsilmiş müharibələr (ARAŞDIRMA)

17:10 15.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Düz 30 il əvvəl İraq qoşunları bir gecənin içində Küveyti işğal edəndən və ABŞ bu ölkəni işğaldan qurtarmaq bəhanəsilə bölgəyə ordu yeridəndən sonra, Yaxın və Orta Şərq müharibə meydanına çevrilib. Çox qəribədir ki, bu gün bölgənin hansısa ölkəsində yaşanan qanlı toqquşmaları izləyənlər sabahhəmin hadisələri öz ölkələrində yaşayırlar. Sanki, münaqişə və müharibələr bir-biri ilə zəncirvari bağlıdır.

Əslində belədir, çünki bir münaqişə zamanında həll olunmursa, mütləq fəsadını qonşu dövlətlərin və cəmiyyətlərin ərazilərində göstərməyə başlayır. Bu yerdə, nə vaxtsa ölkəmizdəki səfirlərdən birinin dediyi söz yadıma düşdü. O deyirdi ki, Kəşmir münaqişəsi həll olunsa, Asiyadakı bütün milli-etnik problemlər avtomatik həllini tapacaq. O cümlədən, Azərbaycan torpaqlarının 20 faizinin 30 ildir işğalına səbəb verən Qarabağ münaqişəsi də.

Bir məsələ var ki, Qarabağ münaqişəsi 30 ildir davam edir, insanların səbrini daşdırıb və hər kəs bu cansıxıcı qarşıdurmadan birdəfəlik qurtulmaq istəyir. Bəs daha uzun və daha çox can itkisinə səbəb olan müharibələr cəmiyyətlərə necə təsir edib, onlar düşdükləri şəraitdən necə xilas olublar? Ziyanları-itkiləri çox olubmu? Bu suallar əsasında kiçik araşdırma etdim. Dünya tarixində mövcud olmuş qanlı toqquşmalardan bəzilərinin fəsadlarına diqqət yetirdim. Hansı nəticələrə gəldim, birlikdə baxaq:

Maraton müharibəsi qədim tariximizin daş kitabələrindən bizə çatan amansız qırğındır. Bu, eramızdan əvvəl 490-cı ildə Afina dövlətinin ordusu ilə farslar arasında yaşanmış ilk müharibədir. Yunan ordusu ilə general Datisin komandanlığındakı Əhəməni-fars qoşunları Maraton ovalığında üz-üzə gəlir. Yunanların qəti qələbəsi ilə nəticələnmiş bu müharibədə 200 mindən çox insan həlak olub.

Tarixdə məşhur olan monqol-tatar istilalarını da qeyd etməliyik. Onillərlə davam edən monqol-tatar istilaları Asiyadan Avropayadək hər yeri qan gölünə çevirib desək, yanılmarıq. Çünki bu istilaların bir şüarı olub: qılıncdan keçir və yandır. Çingiz xanla başlayıb oğulları, nəvələri – sülaləsi tərəfindən idarə edilmiş və təxminən 160 il sürəm monqol-tatar istilaları nəticəsində, müxtəlif qaynaqlara əsasən 30-40 milyon nəfər arasında insan həlak olub.

Əmir Teymurun (Topal Teymurun) istilaları haqqında hər bir azərbaycanlı yaxşı bilir. Ən azından “Nəsimi” filmini izlədiyimiz üçün bu şəxs haqqında ibtidai də olsa məlumatlıyıq. Tarixdə çox acımasız insan olaraq xatırlanan Əmir Teymur, dövlətinin böyüməsi və güclənməsi üçün əlindən gələni edib. Bütün bu işləri görmək üçün isə 15 milyon insanın qanını tökməli olub.

Məhşur Napaleon istilalarından da söz açaq. Tarixi mənbələrə görə, təxminən 15 il (1800-1815-ci illər) davam edən Napaleon istilaları nəticəsində həlak olan insanların sayı 4 milyonla 6,5 milyon arası olub. Napaleonun apardığı döyüşlərdən ən şiddətlisi Vaterlou döyüşü adı ilə hafizələrdə qalıb.

Belə bəlli oldu ki, dünyada ən uzun sürən müharibə “335 il müharibəsi”dir. Mənbələrə əsasən, 1651-ci il mart ayının 30-da başlayan bu savaş 1986-cı il aprelin 17-də başa çatıb. Söhbət Niderlandla Scilly adaları arasında gedən müharibədən gedir. 1987-ci ildə sülh müqaviləsi imzalandı və acı proses sona yetdi. Çox maraqlıdır ki, üç əsrdən artıq davam edən bu müharibə zamanı bir dəfə də olsun tərəflər arasında silahlı toqquşma yaşanmayıb. Əslində bu müharibədən əvvəl də tərəflər arasında “80 il müharibəsi” adı ilə tarixə düşmüş qarşıdurma olub və o 1568-ci ildə başlayıb 1648-ci ildə Vestfaliya sazişinin bağlanması ilə başa çatıb. Amma əlbəttə, tərəflər arasında münasibətlər çox pis idi və nəticə olaraq 1651-ci ildə Niderland (o vaxtkı Hollandiya), Scily adalarına yenidən müharibə elan edərək 335 il sürəcək müharibənən əsasını oyub.

Tarixdə bizə məlum olan ən qısamüddətli müharibə 1896-cı il avqustun 27-də Böyük Britaniya ilə Zənzibar arasında baş verib. Bu müharibə cəmi 38 dəqiqə sürüb. Həmin vaxt adanın İngiltərəpərəst sultanı vəfat edir. Elə həmin gün taxta çıxmalı olan vəliəhd şahzadə öz əmisi oğlu Xalid bin Bargas tərəfindən qətlə yetirilir. Beləliklə, ingilislərə qarşı mövqeyi ilə seçilən Bargas sultan olur. 1896-cı il avqustun 27-də səhər saat 9-da ingilislər hücuma keçir və sultan Bargas qaçaraq Almaniya konsulluğunda gizlənir. Beləliklə, müharibə 3 dəqiqə ərzində başa çatır və ingilislər öz adamları olan Hamud bin Məhəmmədi taxta çıxarır.

I Dünya müharibəsi ötən əsrin başlanğıcını müəyyənləşdirən fəlakətdir. Qavrilo Princip adlı serb mənşəli millətçinin Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frans Ferdinanda və onun xanımı Sofiyaya sui-qəsd təşkil edir ki, bu da yeni müstəmləkələr həvəsində olan bütün dövlətləri hərəkətə keçirir. Dörd il sürən (1914-1918-ci illər) müharibənin nəticəsində sərhədlər dəyişir və 17 milyon insanın hayatına son qoyulur.

Türk tarixinin qüruru olan Çanaqqala döyüşləri rəşadət rəmzi sayılsa da, təəssüf ki, çox böyük insan itkisinə səbəb olub. Türkiyə torpaqlarına qarşı hücuma keçmiş İngiltərə, Fransa, Britaniya İmperiyasına daxil olan Avstraliya, Yeni Zelandiya və Hindistan Çanaqqala boğazına nəzarəti ələ keçirmək üçün apardıqları işğalçılıq müharibəsində 46 min itki verdi. Türkiyənin itkiləri isə 56 min nəfər civarında olub.

II Dünya müharibəsi də yaxın keçmişdə baş verən ən amasız, qanlı tarix kimi hafizələrdədir. 1939-cu ildə başlayıb 1945-ci il may ayının 9-da başa çatan müharibənin ən böyük fəsadı insan itkisidir. Döyüşlərdə, aclıqdan, xəstəlikdən və sair ölənlərin ümumi sayı 60 milyon nəfər civarında olub. Müharibənin acı təsiri və insan itkiləri dünyanın bütün qitələrini vurub.

Koreya müharibəsi də tarixin acı həqiqətlərindəndir. Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş üç illik müharibədir. Buna dünya müharibəsi də demək olar. Çünki Şimali Koreyanın tərəfində SSRİ və Çin, Cənubi Koreyanın tərəfində isə ABŞ, Britaniya, BMT bayrağı altında onlarla digər dövlətlər döyüşüb. Nəticədə Cənubi Koreya cəbhəsində ümumilikdə 180 min, Şimali Koreya cəbhəsində isə 370 min hərbçi həlak olub. Bundan əlavə, Cənubi Koreyada 1 milyon, Şimali Koreyada isə 1,5 milyon mülki vətəndaş müharibədə həyatını itirib. Beləliklə, Koreya müharibəsi üç il ərzində 3,1 milyonadək insanın yaşamına son qoyub.

Vyetnam müharibəsi nəinki vyetnamlıların, eləcə də bu müharibədə tərəf olan ABŞ-ın qara kabusu olub. Bu müharibəni eyni zamanda, kommunist və kapitalist qütbləri arasında dünya müharibəsi də adlandıra bilərik. Kommunistlərin idarə etdiyi Şimali Vyetnamın cəbhəsində Çin, SSRİ, Şimali Koreya, Şərqi Avropanın bütün o vaxtlı sosialist ölkələri, Kuba, hətta çox maraqlıdır ki, İsveç və sair, kommunizmə qarşı çıxan Cənubi Vyetnamın tərəfində isə ABŞ, İngiltərə, Kanada, Avstraliya, yeni Zelandiya, qonşu Kamboca, Laos, Filippin, Tailand və sair vuruşurdu. Müharibə nəticəsində Cənubi Vyetnam-ABŞ cəbhəsi 400 min, Şimali Vyetnam-Çin cəbhəsi isə 600 min nəfər itki verdi. Koreya müharibəsində olduğu kimi, 10 il davam edən Vyetnam müharibəsində də sıravi insanlar daha çox itkiyə məruz qalıb. Ümumən Vyetnamda 2 milyon, Kambocada 1 milyon, Laosda isə 50 min mülki şəxs döyüşlərdə yaşamını itirib. ABŞ-ın 60 min hərbçisi həlak olub.

Keçmiş Sovet İttifaqının 1979-cu ildə Əfqanıstana ordu yeritməsi, tarixdə qara hərflərlə yazılmış qanlı müharibəyə səbəb olub. Təxminən 10 il sürən və 1989-cu ildə SSRİ prezidenti Mixail Qorbaçovun qoşunları Əfqanıstandan çıxarması ilə başa çatan müharibə zamanı Sovet İttifaqı 16 min hərbçisini, Əfqanıstan isə 80 min əsgərini itirib.

Tarixi boyu müstəmləkəçilərin, qəsbkarların tapdağı altında inləmiş Afrikada da böyük qırğınlara səbəb verən müharibələr olub. Onlardan biri də 2-ci Konqo müharibəsidir. Dünyamızın ən böyük peşmançılıq atributu sayılan, 1998-2003-cü illər arasında yaşanmış bu müharibə beş il ərzində 5,5 milyon insanın həyatına son qoyub. İldə 1,1 milyon ölüm.

Bəzən müharibələr yalnız dövlətlərarasında deyil, bir dövlətin içində də baş verir. Bu müstəvidə yaşanan ən böyük və acı reallıq Çinin tarixinə yazılıb. “Çin xanədanlıqlar müharibəsi” adıyla qeydlərdə qalan, ümumilikdə Mançu xanədanlığı kimi bildiyimiz Qing xanədanlığı, Çində hökm sürən Ming xanədanlığı ilə hər zaman çəkişib. Bildirilir ki, Qing xanədanlığı rəqib xanədanlıqda ayağa qalxmış kəndlilərin qiyamından istifadə edərək Ming xanədanlığını hissə-hissə ələ keçirir. Qing və Ming xanədanlıqlarının uzun müddət savaşmaları nəticəsində hər iki tərəfdən toplam 25 milyon insan həlak olub.

Çində başqa bir qanlı qırğın tarixdən hər irimizə yaxşı məlum olan Tayping üsyanı nəticəsində yaşanıb. Yüksək vergilərin yükünü daşıya bilməyən kəndli çinlilər qiyam ediblər və təbii ki, cavablarını güzəştlə deyil, qılıncla alıblar. Xeyli müddət davam edən qiyam nəticəsində 20 milyondan çox insanın həlak olduğu deyilir.

An-lu Şan üsyanı da bəşər tarixinin qara ləkələrindəndir. Xüsusilə Orta Asiya türklərini maraqlandıran bir vətəndaş müharibəsidir. Çünki üsyan lideri An-lu Şanın anası türk qızı olub. Təxminən 14 il davam edən bu qarışıq dönəmdə Göytürklər və Uyğurlar Çində müəyyən təsir qüvvəsi qazanıblar. Tarixdə çox qısa sayılacaq bu 14 il ərzində 13 milyon insanın həyatına son qoyulub – ildə təxminən 900 min insanın ölümü.

Dungan üsyanı da Çin tarixinin acı həqiqətidir. Çindəki ərəb-Çin qarışığı olan müsəlman toplum - Dunganlar, XIX əsrdə İpək Yolunu qanla sulayan bir vətəndaş müharibəsinə səbəb olublar. Dini xarakterli qarşıdurma nəticəsində 9 milyon insan həlak olub.

Rusiya tarixinin üz qarası olan və Böyük Oktyabr inqilabı kimi yadımızda qalan vətəndaş müharibəsi 6 milyon insanın yaşamına soy qoyub və nəticədə SSRİ qurulub.

Oxunma sayı 6301
Siyasət rubrikasından digər xəbərlər