İnvestisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsi yüksəldiləcək - Ekspert 

17:13 10.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də şəffaflığın artırılması baxımından çox vacib məqamdır. Bildiyiniz kimi, Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da keçirdiyi videoformat şəklində müşavirədə iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinin prioritetliyini önə çəkərək dövlət şirkətlərinə və müəssisələrinə həlli vacib tapşırıqlarını çatdırdı. Prezident vurğuladı ki, bu tapşırıqlar lazımi səviyyədə yerinə yetirilməlidir. Qarşıya qoyulan əsas tələblərdən biri bu oldu ki, dövlət şirkətlərinin işində yeni idarəetmə sistemi qurulmalıdır. Yəni, açıq desək dövlətin ayırdığı pullar göyə sovrulmamalı və səmərəli xərclənməlidir”. Bu fikirləri hafta.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib.

Onun sözlərinə görə, yeni yaradılan qurumun fəaliyyəti nəticəsində dövlət müəssisələrində hesabatlılıq artacaq, ictimai nəzarət imkanları genişlənəcək: “Belə bir qurumun formalaşması nəticəsində dövlət müəssisələrinin fəaliyyəti təkmilləşdiriləcək, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsi yüksəldiləcək, qabaqcıl korporativ idarəetmə prinsipləri tətbiq olunacaq, idarəetmə strukturları və konsepsiyaları modernləşdiriləcək. Eyni zamanda, səmərəliliyin artırılması nəticəsində dövlət müəssisələrinin xarici bazarlara çıxış imkanları da genişlənəcək”.

Oxunma sayı 1653