İqlim dəyişikliyi ilə mübarizə niyə ciddi nəticə vermir?

19:17 15.05.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər il mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsində əsas məqsəd cəmiyyətin diqqətini indiki və gələcək nəsillərin rifahına təsir edən və əhəmiyyətli resurs olan iqlimin müdafiəsinə yönəltməkdir.

Qeyd edək ki, iqlimin qorunması hazırda bəşəriyyət qarşısında duran qlobal problemlərdən biridir. Qlobal istiləşmə, atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi - bunlar hamısı Yer kürəsinin iqliminin pisləşməsinə səbəb olur. Nəticədə insanların ərzaq, həyati və mülki təhlükəsizliyi sual altında qalır, təbii resursların vəziyyətinə və dövlətlərin dayanıqlı inkişafına mənfi təsir göstərir.

Müasir elm Yer kürəsinin temperaturunda daha çox artım olacağı halda faciəli iqlim dəyişikliyinin nə qədər tez bir zamanda baş verəcəyi sualına cavab tapa bilmir. Ancaq ekoloq və meteoroloqların fikrincə, bu dəyişikliyi bəşəriyyətin gücü ilə təxirə salmaq lazımdır.

Dünyada və Azərbaycanda havanın orta temperaturu artmaqda davam edir. İqlim dəyişməsinə təbii və antropogen amillər təsir göstərir. Təbii amillərə Günəşin aktivliyi, Yerin oxunun Günəşə nisbətən 15 dərəcə dəyişməsi və vulkan püskürməsini misal göstərmək olar. Antropogen amillər isə ümumi təsirin beşdə dörd hissəsini təşkil edir və bu sahədə istixana effekti qazları əsas yer tutur.

İstilik artımı dünyada müxtəlif cür paylanıb. Məsələn, Azərbaycanda elə ərazilər var ki, son illər havanın orta temperaturu 0,4 dərəcə artıb. Böyük Qafqazın yüksək dağlıq ərazilərində isə orta temperaturun 1,1-1,4 dərəcə yüksəlməsi müşahidə olunub.

Yer kürəsinin iqliminin stabil saxlanılması planetin hər bir sakinindən asılıdır. Avtomobildən çox istifadə etməməklə, mənzillərdə işıqlandırma məqsədilə enerjiyə qənaət edən mənbələrdən istifadə ilə, ağac əkinlərinə və yaşıllıqların müdafiəsi aksiyalarına qoşulmaqla iqlimin qorunmasında pay sahibi olmaq olar. Hər kəsə kiçik görünən bu əməllər əslində Yer kürəsi üçün böyük mənanı ifadə edir. Bu baxımdan da, hazırda iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Anomal hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Təbii ki, son illər Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Məsələn, temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb. Bütün bunları nəzərə alan Azərbaycan hökuməti iqlim dəyişmələri üzrə milli səviyyədə fəaliyyətləri daha da genişləndirib. Belə ki, Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya edib. Bundan başqa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş Töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb və hazırda həmin tullantıların azaldılması üçün müvafiq layihələrin reallaşdırılması davam etdirilir. Belə ki, ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə yeni meşə massivlərinin salındığı, Günəş elektrik stansiyaları üçün panelləri istehsal edən zavodun fəaliyyətə başladığı və elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 600 milyon ton karbon tullantısı azaldılmışdır. Bütün bu tədbirlər Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçirilir.

Yeri gəlmişkən, ABŞ-ın Atmosfer Tədqiqatları Milli İdarəsinin hesabatında da deyilir ki, dünyanın 48 ölkəsindən olan 300-dən artıq alim qlobal istiləşmənin qaçılmaz olduğuna əmindir. Sənəddə qlobal istiləşmənin səbəbləri göstərilmir. Lakin bildirilir ki, qarşıdakı illərdə bütün dünyada hərarətin yüksəlməsi və buzlaqların əriməsi prosesi davam edəcək. Ekoloqların fikrinə görə, əgər dünya birliyi qlobal istiləşmə ilə bağlı vaxtında qabaqlayıcı tədbirlər görməsə, qarşıdakı onilliklər ərzində bəşəriyyət iqlim dəyişikliyinin fəlakətli nəticələri ilə üzləşəcək. Mütəxəssislər hesab edirlər ki, hazırda əhalinin sürətlə artması və elmi texnikanın inkişafı nəticəsində atmosferə buraxılan qazların miqdarı çoxalıb. Aramid effekti yarandığı üçün də qlobal istiləşməyə təsir edir. Amma çox təəssüflər olsun ki, bəzi ölkələr həmin konvensiyanın müddəalarına əməl etmir. Ekspertlərin fikrincə, xüsusilə ABŞ və inkişaf etmiş digər kapitalist ölkələri atmosferin çirklənməsinin qarşısını almaq üçün ərazilərindəki bəzi sənaye obyektlərini bağlamalı və ya müasir texnologiyalardan istifadə etməklə qlobal istiləşmənin qarşısını almalıdırlar. İstiləşmənin qarşısını almaq üçün ilk növbədə atmosferi çirkləndirən qazların miqdarı azaldılmalıdır. Bu istiqamətdə görülən tədbirlər az effekt verdiyi üçün qlobal istiləşmə hazırda ən böyük problemlərdən birinə çevrilib. Alimlərin fikrincə, dünya miqyasında bir azdan soyuqlaşma prosesi başlayacaq. Yəni iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təxminən 15-20 il sonra soyuqlaşma müşahidə edilə bilər. Hazırda alimlər qlobal istiləşmənin nələrə səbəb olacağını müəyyənləşdirməyə çalışırlar. İngiltərənin "EDDI" Mərkəzi dünyanın xəritəsini hazırlayıb. Orada Yer kürəsində temperatur 2 dərəcə artarsa, harada nələrin baş verəcəyi təsvir olunub. Xəritədə əsas təhlükəli ərazilər kimi Qərbi Avropa, Hind-Çin yarımadası, Cənubi Afrika və Amerika, Şimali Amerikanın sahil zonaları, ada əraziləri və Avstraliya göstərilib.

Məsələyə münasibət bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib ki, dünyada iqlim dəyişikliyi hər 40-50 ildən bir özünü göstərir: “Azərbaycan dövləti öz daxilində iqlim dəyişiklikləri ilə mübarizə aparmalıdır. Bu, müəyyən proqram, plan əsasında həyata keçirilə bilər. Yaşıllıqlar artırılmalıdır, su kanalları çəkilməlidir ki, torpaqlar erroziyaya məruz qalmasın. Buxarlanma minimuma endirilməli, torpaqların münbitliyi qorunmalı, torpaqlardan düzgün istifadə edilməli və tullantılar düzgün idarə edilməlidir. Düzdür, ölkəmizdə son illərdə yaşıllıqların sayının artırılmasına xüsusi fikir verilir. Bu tədbirlər iqlim dəyişikliklərinə qarşı mübarizənin göstəricisidir. Amma təəssüf ki, bəzi böyük dövlətlərin istifadə etdiyi bioloji silahlar iqlim dəyişikliyini sürətləndirməkdə davam edir”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 884
Sosial rubrikasından digər xəbərlər