İran səfirindən Azərbaycan xalqına bayram təbriki

13:32 22.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycan dövlətini və xalqını Respublika Günü münasibətilə təbrik edib.

Hafta.az-a daxil olan təbrik müraciətində deyilir:

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri kimi böyük İran xalqı və dövləti adından hazırda müqəddəs Ramazan bayramı günləri ilə eyni vaxta təsadüf edən, qarşıdan gələn Azərbaycanın milli bayramı 28 May - Respublika Günü münasibətilə dost və qardaş ölkə olan Azərbaycan Respublikasının şərafətli xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan Azərbaycanın davamlı inkişaf və tərəqqi əldə etməsini arzulayıram".

Təbrikdə daha sonra deyilir ki, İran İslam Respublikası ilə Azərbaycan arasında dil ortaqlığı ilə yanaşı, mövcud tarixi, dini və mədəni bağlar, iki qonşu ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün təsirli bir amildir. Diplomat ölkələrimizin yüksək səviyyəli rəsmilərinin mövcud dostluq əlaqələrinə və nümayiş etdirdikləri güclü iradəyə arxalanmaqla birgə səylərimiz nəticəsində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik üzrə münasibətlərin inkişafını parlaq gələcəyə doğru apara biləcəyinə əmin olduğunu bildirib.

"Bütün dünyada, xüsusən də Azərbaycanda koronavirus xəstəliyinin tezliklə yoxa çıxmasını arzulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin koronavirusla mübarizə aparmaq məqsədilə səxavətlə İrana göstərdiyi yardıma görə təşəkkür və minnətdarlığımı bildirir, bir daha Azərbaycanın əziz xalqına və möhtərəm dövlət rəsmilərinə möhkəm cansağlığı, xoş günlər arzulayıram", - səfir C.Cahangirzadənin təbrikində deyilir.

Oxunma sayı 221