İşğaldan azad edilmiş ərazilərin Baş Planları 2-3 aya hazırlana bilər - ARAŞDIRMA

15:03 24.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər hesab edirlər ki, yeni salınacaq şəhərlərin layihələrində bəzi özəlliklərin nəzərdə tutulması vacibdir

Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız artıq düşməndən azad edilib. Hazırda həmin ərazilərin yenidən qurulması, infrastrukturun yaradılması istiqamətində bütün güclər səfərbər olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev bu yaxınlarda Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bildirib ki, ərazilərin bərpası ilə bağlı yeni böyük baş plan tərtib ediləcək: “Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik. Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.

Mövzu ilə bağlı hafta.az-a danışan Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyib ki, işğaldan azad olunan ərazilərin bərpası şəhərsalma prinsiplərinə uyğun həyata keçirilməlidir:

"Şəhərsalma qanuna əsasən, şəhərlər salınmamışdan öncə orada nə qədər əhali yaşayacağı, nə qədər və neçə mərtəbəli binalar tikiləcəyi dəqiqləşdirilməlidir. Bundan sonra şəhərdə yeraltı və yerüstü kommunikasiya işləri aparılmalıdır. Şəhərsalma qaydalarına görə, hər bir şəhərin mərkəzi olmalı və bu mərkəzlər sputniklərlə əlaqələndirilməlidir. Müxtəlif sputniklər yaradılsa, yeni şəhərlərdə gələcəkdə kortəbii tikintinin də qarşısı alınar. Hesab edirəm ki, yenidənqurma işləri zamanı bu ərazilərin seysmikliyi də nəzərə alınmaqla çoxmənzilli binaları maksimim doqquz mərtəbəli inşa etmək lazımdır. Amma daha çox 3,5 və 7 mərtəbəli binaların tikintisi nəzərdə tutulmalıdır”.

Dağılmış şəhərlərimizin bir hissəsi tarixi abidə kimi saxlanılmalıdır

Mütəxəssis bildirib ki, yeni salınacaq şəhərlərin layihələrində bəzi özəlliklərin nəzərdə tutulması da vacibdir: “Biz nümayiş etdirilən görüntülərdən müşahidə edirik ki, ermənilər 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizi tamamilə dağıdıblar. Təbii ki, bu barbarlığı unuda bilmərik . Hesab edirəm ki, işğaldan azad edilmiş yaşayış məntəqələri bərpa edilərkən bu yaşayış məntəqələrində, xüsusilə də şəhərlərdə ermənilər tərəfindən məhv edilmiş maddi-mədəni irs nümunələri, evlər təxminən 1 hektar ərazini əhatə etməklə tarixi abidə kimi saxlanılmalıdır. Əsas məqsəd isə erməni barbarlığını əyani şəkildə gələcək nəsllərə, qonaqlara, xüsusən də xarici ölkələrdən gələn rəsmilərə və turistlərə göstərmək olmalıdır. Biz bununla həm tarixi abidə kimi saxlayacağımız dağılmış əraziləri, həm də yeni salacağımız şəhərləri dünyaya  nümayiş etdirmiş olacağıq. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə işğal və işğaldan azad olunma tarixi ilə bağlı da abidələr ucaldılmalıdır ki, bu məsələ gələcəkdə unudulmasın”.

Z.Budaqova öz açıqlamasında onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərin əhali sayında artım olduğundan şəhərsalma zamanı demoqrafik vəziyyət mütləq nəzərə alınmalıdır:

“Hazırda işğaldan azad olunmuş ərazilərdə qeydiyyatda olan əhalinin sayı 28 il əvvəlki sayla eyni deyil. Təbii ki, demoqrafik artım var. 28 il bundan əvvəl 15 yaşında olarkən doğulduğu yeri tərk edənlər indi ailə-uşaq sahibidir. Məsələn, 28 il bundan əvvəl 2000 nəfərin yaşadığı kəndin əhalisi indi 4-6 min olub. Şəhərsalma layihəsi hazırlanarkən mütləq bu məsələ diqqət mərkəzində saxlanılmalıdır ki, sonradan hansısa çətinliklər meydana çıxmasın”.

Dağılmış ərazilərin bərpasında hansı ölkələrin təcrübəsindən istifadə oluna biləcəyinə gəlincə, memar hesab edir ki, Azərbaycanda bu sahədə kifayət qədər təcrübəli kadrlar var: “Bizim memarlar həmişə zəngin memarlıq nümunələri yaradıblar və həmin modellərdən qərb ölkələri də yararlanıb. Məsələn, memar Əcəminin müəllifi olduğu “arka” modelindən indi bütün dünyada memarlıq işlərində istifadə olunur. Demək olar ki, bu gün də istedadlı mütəxəssislərimiz kifayət qədərdir. Hesab edirəm ki, 2-3 ay ərzində kənardan dəstək olmadan hər bir şəhər üçün xüsusi baş plan hazırlamaq mümkündür. Yəqin ki, elə bu proses təxminən 3 aya tamamilə yekunlaşacaq”.

Hər bir ərazi üçün spesifik şəhərsalma planı

Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən şəhərsalma məsələləri üzrə mütəxəssis Cahangir Qocayev isə hesab edir ki, hər bir ərazi üçün spesifik şəhərsalma planı tərtib olunmalıdır.

Onun fikrincə, baş plan hazırlanarkən əhalinin məşğulluğu ön plana çəkilməlidir: “İşğaldan azad olunmuş ərazilərin bərpası xüsusi əhəmiyyət kəsb edir. Bu həm məsuliyyətli, həm də tarixi bir hadisədir. Ona görə də dağıdılmış şəhərlərin baş planı hazırlanarkən bəzi məqamlara diqqət çəkilməlidir. İlk növbədə əhalinin demoqrafik durumu və məşğulluğu ön planda olmalıdır. Çünki nə qədər gözəl şəhərlər salsaq da, lazımı sayda iş yerləri açılmadan həmin əraziləri canlandıra bilmərik. Digər tərəfdən Prezident İlham Əliyev çıxışlarında bildirirdi ki, indi yeni tarix yazırıq. Hesab edirəm ki, biz bu tarixi şəhərsalma layihələrində də görməliyik. Məsələn, yeni tikiləcək binaların yerləşməsi elə olmalıdır ki, bu tarixi yazan şəxsin, yəni İlham Əliyevin nişanəsi qalsın. Yəni, binalar elə düzülməlidir ki, hündür bir zirvədən baxanda həmin binalarda Prezidentin ad və soyadını oxumaq mümkün olsun”.

Məsələnin hüquqi tərəfi

Məsələnin hüquqi tərəflərinə toxunan hüquqşünas Sahib Məmmədov isə bizimlə söhbətində bildirib ki, işğaldan azad olunmuş ərazilərin baş planları hazırlanarkən vaxtilə orada yaşamış insanların rəyi öyrənilməlidir:

“Məsələn, bu gün dövlət keçmiş məcburi köçkünlərə ailə tərkibinə uyğun mənzillər tikib təhvil verməyi vəd edir. Burada bir məqam var ki, adətən müasir şəhərlərin mərkəzi çoxmənzilli binalardan ibarət olur. Ola bilər ki, yeni hazırlanacaq baş planlarda kimlərəsə məxsus torpaq sahələrində çoxmənzilli binalar və yaxud dövlət əhəmiyyətli obyektlərin, məktəb binalarının, hansısa idarələrin və s. tikintisi nəzərdə  tutulsun. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna əsasən, həmin torpaqlar dövlət tərəfindən mülkiyyətçisindən alına bilər. Ona görə bu məsələdə vətəndaşların rəyi mütləq nəzərə alınmalıdır və mülkiyyətçiyə müxtəlif variantlar təklif olunmalıdır. Tutaq ki, vətəndaşa həmin torpaq sahəsinin müqabilində başqa bir ərazi təklif edilə bilər. Mən inanmıram ki, hansısa vətəndaş bu məsələdə narazılıq yaratsın. O ki qaldı kənd yerlərinə məlum məsələdir ki, indiyədək işğal altında olan torpaqlar istisna olmaqla, Azərbaycanın hər yerində torpaq islahatı həyata keçirilib və vətəndaşlara pay torpaqlar ayrılıb. Kəndlərdə ilk öncə bu məsələdən başlamaq lazımdır və vətəndaşlara pay torpaqları verilməlidir. Eyni zamanda, işğaldanəvvəlki həyətyanı sahələri bərpa olunmalıdır. Amma burada bir məsələ də var ki, müasir kənd planı icra olunacaqsa, müəyyən uyğunsuzluqlar ortaya çıxacaq. Çünki işğaldan öncə əksər kəndlərin baş planı yox idi, evlər necə gəldi tikilmişdi, küçə sistemi yox idi və s. Yəni, bütün bunlar hamısı müzakirə  mövzusudur. Amma bunlardan əvvəl ilk olaraq həmin ərazilər minalardan təmizlənməlidir. Yenidənqurma işlərinə isə hələ vaxt var və zamanla əhalinin rəyi yəqin ki, öyrəniləcək”.

Hüquqşünas onu da bildirib ki, bir neçə il öncə  yenidən qurulmuş Cocuq Mərcanlı qəsəbəsi işğaldan azad olunmuş yaşayış yerlərinin yenidənqurulması üçün ən yaxşı təcrübədir: “Bizdə kənd və qəsəbələrin salınması ilə bağlı kifayət qədər təcrübə mövcuddur. Elə bir neçə il bundan əvvəl işğaldan azad olunmuş və qısa müddətdə yenidən qurulmuş Cocuq Mərcanlı qəsəbəsini buna nümunə göstərmək olar. Bu kəndin düşmən tərəfindən yerlə-yeksan olunmasına baxmayaraq biz həmin ərazini qısa müddətdə müasir yaşayış yerinə çevirə bildik. Lakin hesab edirəm ki, Ağdamda, Cəbrayılda, Zəngilanda, Füzulidə olduqca müasir şəhərlərin salınması nəzərdə tutularsa, o zaman xaricdən mütəxəssisə də ehtiyac duyula bilər”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə hafta.az-a bildiriblər ki, ölkə Prezidenti tərəfindən məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına bu istiqamətdə tapşırıqlar verilib.

Hazırda isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad olunmuş şəhər, rayon və qəsəbələrin mövcud ərazi planlaşdırma sənədləri təhlil olunur, məlumatlar toplanır. Yeni ərazi planlaşdırma sənədlərinin işlənilməsi üçün hazırlıq işləri görülür.

Oxunma sayı 1686
Sosial rubrikasından digər xəbərlər