Islahatlar pandemiya təsirlərinin minimuma endirilməsinə imkan yaratdı - Millət vəkili

13:10 09.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikası Prezidentinin son müşavirədəki çıxışı ölkədə pandemiyanın davam etdiyi aylarda, eləcə də potensial post-pandemiya dövründə dərinləşmiş islahatların davam etdiriləcəyi ilə bağlı siyasi iradənin bir daha nümayiş etdirilməsi kimi xarakterizə olunmalıdır. Nəzərə alsaq ki, pandemiya dövründə islahatlar prioritet olaraq qalmaqdadır və pandemiya dövründə həyata keçirilən tədbirlər və islahatların əsas hədəfi pandemiyanın vətəndaşlarımıza və bütövlükdə iqtisadiyyata təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır”. Bu fikirləri hafta.az-a millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dərinləşmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə həm pandemiya dövründə, həm də pandemiya müddəti uzanarsa onun iqtisadiyyata təsirlərini minimumlaşdırmaq imkanı verir: “Bir məqamı vurğulayım ki, 2018-2019-cu illərdə həyata keçirilən islahatlar Azərbaycanın pandemiyaya daha çevik reaksiya verməsinə və pandemiyanın təsirlərinin minimuma endirilməsinə imkan yaratdı. Xüsusilə də iqtisadi paket çərçivəsində bir tərəfdən dövlət müəssisələrində çalışan 900 min vətəndaşımızın əməkhaqqısı kompensasiya olundu və ödənildi, eyni zamanda 300 minə yaxın özəl sektorda çalışan muzdlu işçinin əməkhaqqısı tam və ya qismən kompensasiya edildi. Təxminən 300 minə yaxın fərdi və mikro sahibkarların dövlətdən birbaşa kompensasiya almaq imkanları yarandı. Eləcə də iqtisadi paket strateji olaraq sahibkarlar üçün vergi güzəştləri və güzəştli kredit portfeli təklif etdi. Bu artıq reallaşmaqdadır. Artıq pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarlar vergi güzəştlərindən faydalanırlar, kifayət qədər çox miqyasda vergi güzəştləri iqtisadi islahatların genişlənməsində bir baza formalaşdırıb. Güzəştli kreditlərə çıxış imkanları artırılıb ki, bu da sahibklarlıq fəaliyyətinin daha yaxından dəstəklənməsi baxımından vacibdir. Bu baxımdan son müşavirədə Prezidentin çıxışı yaxın zamanlarda dərinləşmiş iqtisadi islahatlarla bağlı yeni paketin təqdim olunacağından xəbər verir".

Oxunma sayı 2531