“İstərdim Rumıniya universitetlərinin birində Azərbaycan dili bölməsi açılsın” - Jozefina Batto

14:20 17.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Neçə illərdir ki, Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Özü də ilk gündən ictimaiyyətlə, xüsusilə də biz media nümayəndələri ilə sıx əməkdaşlıq içində olublar. Təxminən iki il əvvəl Rumıniya hökuməti Azərbaycanda Dil və Mədəniyyət Mərkəzi də açıb. Dillər Universitetinin üçüncü qatında, iki balaca otaqda yerləşən mərkəzin əsas fəaliyyət istiqamətləri hansılardır, nə kimi proqramlar həyata keçirəcəklər, cəmiyyətlə əlaqələri necədir? Suallarıa cavab tapmaq ümidi ilə üz tutdum ora. Mərkəzin rəhbəri olan sarışın və mehriban, böyük ünsiyyət qurma bacarıqlı Jozefina Batto ilə söhbətləşib, oxucularla bölüşmək üçün cavablar almağa çalışdım. Beləliklə, gəlin müsahibəyə birlikdə nəzər salaq:

- Əslində mən 2017-ci ilin noyabrından Bakıdayam. Amma Rumıniya Dil və Mədəniyyət Mərkəzi 2018-ci ilin mart ayında açılıb. Çox təmtəraqlı açılış mərasimi olub və hətta tədbirdə Rumıniyanın keçmiş prezidenti də iştirak edib.

- Mərkəzin açılmasında məqsədiniz-məramınız nə idi?

- Üç istiqamətdə fəaliyyət göstəririk: Milli mədəniyyətlərin təbliği, tələbələr üçün dərsdənkənar mədəni tədbirlərin təşkili və nəhayət, rumınca öyrənmək istəyən digər istənilən şəxslərlə iş. Fəaliyyətimiz dövründə həm ölkə daxilindən, həm də xaricdən çox sayda qonaqlarımız olub. Rumıniyadan, Niderlanddan, Avropanın başqa ölkələrindən mütəmadi şəkildə mərkəzimizə gələnlər burada mühazirələr oxuyur, fikir mübadiləsi aparırlar.

- Yeni olsanız da, gələcəkdə mərkəzi genişləndirmək niyyətiniz varmı?

- Hə, əlbəttə, artıq bu müstəvidə bir sıra təşkilatlarla müqavilələr də imzalamışam. Bir sıra universitetlərlə fəal əməkdaşlıq edirik. Belə ali təhsil müəssisələrindən Buxarest, Sibiu və digər universitetləri misal göstərə bilərəm. Biz həmçinin Erasmus proqramı çərçivəsində də layihələr həyata keçiririk. Burada Azərbaycan və Rumıniya universitetlərinin müəllim və tələbələrinin mübadiləsini qeyd etmək istəyərdim. Artıq Rumıniyadan üç müəllim Bakıya, buradan isə iki müəllim Buxarestə gedib. Hesab edirəm, bu il daha çox tələbə sözügedən layihələrdə iştirak edə biləcək. Yeri gəlmişkən, artıq bir şagird Erasmus proqramı çərçivəsində Rumıniyada təhsil almaqdadır. Biz Niderland universiteti ilə də əlaqələr qurmuşuq. Məhz bizim sayəmizdə Azərbaycan Dillər Universiteti ilə Niderlandın bir universiteti arasında sıx əməkdaşlıq yaradılıb. Hazırda çalışırıq ki, bu əlaqələr daha da genişləndirək.

- Niderlandın adını çəkdiniz, niyə məhz bu ölkə?..

- Mən Qazaxıstanda səfərdə olarkən orada təsadüfən niderlandlı bir nəfərlə tanış oldum. O, Niderlanddakı universitetlərdən birinin rektoru idi. Biləndə ki, Bakıda belə bir mərkəz açmışıq, özü əlaqə qurmaq istədiyini dedi. Təbii ki, mən də onun təşəbbüsünü müsbət qarşıladım.

- İndi divardan asılan rumın şəxsiyyətlərin şəkillərinə baxıram, amma heç birini tanımıram. Bu mənada maraqlıdır: rəhbərlik etdiyiniz mərkəzin Rumıniyanın tarixi və ədəbi şəxsiyyətlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq üçün hansı proqramları var?

- Dillər Universitetində rumın dilini öyrənən tələbələr var ki, onlarla vaxtaşırı görüşlər keçirib, Rumıniyanın tanınmışları barədə söhbətlər aparırıq (Əli ilə divardan asılan şəkillərə işarə edir). Bizim həmçinin Rumıniya səfirliyi ilə də bir sıra fəaliyyətlərimiz mövcuddur. İşlərimiz sadəcə mərkəz daxilində qalmır, Bakının bir sıra universitetlərinə də Rumıniyanın tarixi şəxsiyyətləri haqda məlumatlar vermişik. Bakı Mühəndislik Universiteti, eləcə də Texniki Universitetlə əməkdaşlıq haqda müqaviləmiz var. Odur ki, həmin təhsil müəssisələri ilə məlumat mübadiləsi həyata keçiririk. Planımız var ki, Rumıniyanın tarixi, mədəniyyəti, milli ənənələri, folkloru ilə bağlı çoxsaylı tədbirlər keçirək və bu yolla Azərbaycan ictimaiyyətini daha çox məlumatlandıraq.

- Belə başa düşdüm ki, mərkəzin işlərində əsasən rumın dilini öyrənən tələbələr və bu qrupdan olan digər insanlar iştirak edir. Mümkündürmü ki, gələcəkdə mərkəzin fəaliyyətini bir az da genişləndirməklə onun qapılarını daha geniş ictimai sferaya açasınız? O cümlədən, Azərbaycanın tanınmışları da Rumıniyada təbliğ edilsin...

- Mənim işin birmənalı şəkildə Rumıniya tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri haqqında Azərbaycanda məlumat yaymaqdır. Buna baxmayaraq deyə bilərəm ki, keçirdiyimiz tədbirlər vasitəsilə dolayısıyla Rumıniya ictimaiyyəti də Azərbaycanla bağlı məlumata malik olur. Azərbaycanın bizim ölkədə daha yaxşı tanınması üçün, çox istəyərdim ki, Rumıniya universitetlərinin birində Azərbaycan dili bölməsi açılsın. Bunun üçün kadr bazası da var. Bayaq dediyim kimi, Azərbaycandan Rumıniyaya artıq iki müəllim göndərilib, mart ayında isə daha dörd müəllim gedəcək.

- Azərbaycanın rayonlarında olmusunuzmu?

- Qəbələ, Quba və Şəkidə olmuşam, Nar festivalında iştirak etmək üçün Göyçaya getmişdim və çox da yaddaqalan səfər oldu.

- Mədəniyyət mərkəzinin rəhbəri olaraq o yerləri necə gördünüz, yerli mədəniyyətlə tanış ola bildinizmi?

- Əlbəttə, getdiyim yerlər məndə xoş ovqat yaratdı. Həm gəzib gördüm, həm də insanlarla, yerli mədəniyyətlərlə tanış olmağa çalışdım. İsmayıllıda olarkən dağların qoynunda yerləşən qədim bir qəsəbədə oldum – Lahıcda. Bu yer təəssüratlarımı çox zənginləşdirib.

- Maraqlıdır, Rumıniya məktəblərində sizə Azərbaycan barədə az da olsa məlumat verilirdimi?

- Mən kommunist Rumıniyasında təhsil almışam. O zaman isə Azərbaycan müstəqil deyildi – SSRİ-nin bir parçasıydı və bizə Sovet İttifaqı bütöv şəkildə tədris edilirdi. O cümlədən, Azərbaycan haqqında da məlumatlar alırdıq. Bu gün də ona görə Azərbaycandayam ki, ölkəniz haqda daha çox məlumat toplayım.

- Azərbaycanla Rumıniya arasında nə kimi bənzərliklər tapa bilmisiniz?

- Çox oxşarlıqlar var. Məsələn, Azərbaycan xalçası Rumıniya xalçalarına ornamentlərinə görə çox bənzəyir. Çox sözlərimiz eynidir. Məsələn, bizdə albalıya vişnə deyirlər, sizdə də həmçinin. Sizdə tavan sözü var, bizdə də eyni məna bildirən tavan sözü işlədilir. Bu da onunla bağlıdır ki, Rumıniyada türk dilindən keçmə sözlər çoxdur. Axı Rumıniyanın böyük bir hissəsi - Valaxiya və Moldova uzun illər Osmanlı İmperiyasının təsiri altında olub.   

- Yenə mərkəzə qayıdaq: nə qədər üzvləriniz var, burada hansı hallarda toplaşırsınız?

- Hər hansı tədbir proqramı olanda, mən gəlirəm və qonaqları da dəvət edirəm. Düzdür, rumın dili dərsləri Dillər Universitetinin əsas binasında keçirilir, ora isə mərkəzdən xeyli məsafədə olsa da, toplantımız olanda hamı gəlir.

- Yeri gəlmişkən, rumın dilini neçə tələbə öyrənir?

- Ümumi sayları 10 nəfərdir, amma mən 8 tələbəyə dərs deyirəm.

- Bu gün bir çox ölkənin Bakıda fərqli adlar altında mədəniyyət mərkəzləri fəaliyyət göstərməkdədir. Məsələn, İtaliya, İndoneziya, Koreya, Fransa, İran, Misir və sair ölkələrin mədəniyyət mərkəzlərini misal göstərə bilərik. Maraqlıdır, Mədəniyyət Mərkəzləri olaraq bir araya gələ, ortaq müzakirələr apara bilirsinizmi?

- Adlarını çəkdiyiniz və çəkmədiyiniz mədəniyyət mərkəzləri ilə sıx əlaqələrim var. Xüsusilə də Hindistan, Macarıstan, Avstriya, İtaliya və sair ölkələrin mərkəzləri ilə. Müxtəlif mövzulu tədbirlərdə bir yerdə oluruq.

- Bəs mərkəz əyani vəsaitləri necə əldə edir, dövlət verir, yoxsa öz kanallarınızla gətirdirsiniz?

- Gördüyünüz kitabların çoxunu özüm almışam. Bir hissəsini mənim Rumıniyada təmsil etdiyim universitet göndərib, bir neçəsini isə Rumıniya səfiri Dan İanku bağışlayıb. Kitabların çoxu Rumıniya ədəbiyyatından, tarixindən və mədəniyyətindən bəhs edir.

- Mərkəzdə hər hansı Azərbaycan əsərini rumıncaya və ya əksinə, rumın əsərlərini azərbaycancaya tərcümə etmək kimi təcrübəniz olub?

- Əlbəttə olub. Rumın şairlərin bəzi şeirlərini Azərbaycan dilinə çevirmişik. Eləcə də, Azərbaycan uşaq ədəbiyyatının incilərindən olan bir neçə nağılı rumın dilinə çevirmişik və yaxın vaxtlarda daha üç əsəri də çevirməyi planlaşdırırıq. Bunlardan “Məlikməmmədin nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və “Narqızı”nı göstərə bilərəm. Yeri gəlmişkən, sujest xəttinə görə bu nağılların demək olar ki, eynisi rumın uşaq ədəbiyyatında da mövcuddur. Rumıniya ədəbiyyatından tərcüməyə gəlincə, klassiklərin şeirləri, Ana Blandiananın əsəri tərcümə edilir və ediləcək. Eləcə də, rumın-ingilis-Azərbaycan dili lüğətini də hazırlayırıq.

- Mərkəz olaraq, Rumıniyanın Bakıdakı səfirliyi ilə birlikdə hansısa rumın müğənnini və ya aktyoru Azərbaycana dəvət edə bilərsinizmi?

- Çox istəyədim ki, gəlsinlər. Amma təəssüf ki, bizim onların səfərini təşkil edəcək qədər maddi imkanlarımız yoxdur...

Oxunma sayı 1012