“İtaliyada həyat əvvəlki vəziyyətinə dönməyə başlayıb” – Diaspor rəhbəri  

13:05 19.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çində pandemiya yayılmağa başlayanda Avropa qitəsində düşünürdülər ki, virus ora çatmayacaq. Amma az sonra ilk yoluxmalar İtaliyada zühur etdi – qısa müddətdə minlərlə italiyalı koronavirusun daşıyıcısına çevrildi. Səhiyyə sistemi çökmək risqi ilə üzləşdi, eyni bayraq altında birləşən Avropa Birliyi ölkələri İtaliya ilə sərhədlərini bağladı və sair. Bəs indi vəziyyət necədir, İtaliya böhrandan çıxdımı? Bu müstəvidə Azərbaycan - İtaliya Gənclər Assosiasiyasının (AİGA) sədri Emin Rüstəmovla söhbətləşdik. Nə dedi, nə danışdıq, gəlin birlikdə oxuyaq:

- Təəsüflə bildirmək istəyirəm ki, dünyada, xüsusilə də Avropada son günlərə qədər İtaliya ölüm sayına görə ilk yerlərdə qərarlaşırdı. Mart ayının sonu, aprel ayında isə demək olar ki, vəziyyət nəzarətdən çıxmışdı. Martın 9 -da İtaliya höküməti olkəni bütünlüklə “Qırmızı zona” adlandırdı və İtaliyada karantin rejimi tətbiq olundu. Karantin rejiminin tətbiqinə baxmayaraq, İtaliyada yoluxma və ölüm halları getdikcə artmaqdaydı. Təbii ki pandemiyanın fəsadları yalnız insan tələfatı ilə deyil, eyni zamanda ölkə iqtisadiyyatına vurduğu çox ciddi zərərlərlə özünü göstərdi. Amma artıq İtaliyada həyat tədricən əvvəlki vəziyyətinə dönməyə başlayıb. Karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına start verilib. Artıq iyun ayının 3-dən etibarən Avropa Birliyi ölkələri, iyul ayından etibarən isə qeyri Avropa ölkələri ilə sərhədlərin açılmasına qərar verilib.

- ÜST-ün saytına baxıram, İtaliya siyahıda az vaxt öncə birinci olduğu halda bu gün altıncıdır. Deməyə əsas varmı ki, İtaliyada pandemik təhlükə geridə qaldı, artıq hər şey yaxşıya gedir?

- Bu barədə təəsüf ki, ciddi praqnoz verməyə çəkinirəm. Mənim subyektiv fikrimcə, İtaliya höküməti yumşalma prosesinə biraz erkən başladı və hesab edirəm ki, bir müddət də gözləmək olardı. Bununla bərabər, yumşalma prosesinə başlanılsa da, sosial məsafənin saxlanılması kimi bir sıra karantin qaydalarına əməl edilməsi əhali qarşısına qoyulmuş əsas tələblərdəndir. İndi ümid qalıb əhalinin bu qaydalara nə qədər ciddi əməl edib etməməsinə. Təbbi ki, əgər qaydalara əməl olunmazsa, yenidən pandemiyanın alovlanmasına münbit zəmin yaranacaq.

- Maraqlıdır, çox ağır vəziyyətdə olan İtaliyada yaşayan və ya təhsil alan əcnəbilərə də italiyalılarla eyni cür tibbi dəstək verilirmi? Yəni onlar da İtaliya vətəndaşları ilə eyni səviyyədə müalicə olunurmu və sair...

- Bilirsiniz, həkimlər İtaliyada əllərindən gələnin artığını etdilər. Düşünmürəm ki, bu peşənin sahibləri xəstələr qarşısında onların vətəndaşlığına görə ayrıseçkilik etsinlər. Bütün tibbi personal hərkəsə xüsusi diqqət göstərirdilər. Amma bunu da etiraf etmək lazımdır ki, pandemiyanın pik vaxtında, hansı ki, palatalarda yer yox idi, süni nəfəs aparatları çatmırdı, o zaman həkimlərin özləri məcburiyyətdən dolayı kimin yaşayacağına dair qərar verməli olurdular.

- Əcnəbilərdən söz düşmüşkən, hazırda İtaliyada təxminən neçə azərbaycanlı yaşayır və pandemik şəraitdə onların vəziyyəti necədir, aralarında yoluxma və ya ölüm halları qeydə alınıbmı?

- Müxtəlif mənbələrə görə İtaliyada yaşayan azərbaycanlıların sayı fərqlidir. Bizim hesablarımıza görə, hazırda İtaliyada 2500 nəfərə yaxın azərbaycanlı yaşamaqdadır. Onların da əksəriyyəti tələbələrdir. Amma hazırda mövcud vəziyyətlə əlaqədar İtaliyada qalan həmyerlilərimizin sayı kifayət qədər azalıb. Italiyada karantin rejimi elan olunana qədər soydaşlarımızın əksəriyyəti vətənə dönüb. Pandemiyanın ən qızğın vaxtında isə - martın 17-də İtaliyanın müxtəlif şəhərlərində yaşayan 161 nəfər həmyerlimiz, İtaliyadakı səfirliyimizin təşkilatçılığı ilə Roma - Bakı çarter reysi ilə Azərbaycana qayıdıb. Xoşbəxtlikdən İtaliyadan gedən və İtaliyada qalan həmyerlilərimiz arasında yoluxma faktı qeydə alınmayıb.

- İtaliyada diaspor təşkilatlarımız pandemik şəraitdə azərbaycanlılara hər hansı yardım edə bilirmi, bu məsələdə səfirliklə hər hansı təmas olurmu? Sualın davamı olaraq, eyni zamanda, milli təşkilatlarımız, ayrı-ayrı soydaşlarımız ümumilikdə İtaliya əhalisinə hər hansı yardım filan göstərirmi?

- İstər pandemiya dövründə, istərsə də pandemiyadan öncəki dövrlərdə rəhbəri olduğum Azərbaycan İtaliya Gənclər Assosiasiyası (AİGA), Azərbaycanın İtaliyadakı səfirliyi, eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi ilə mütəmadi olaraq əlaqədə olub. Bununla yanaş, hazırda İtaliyada qalan azərbaycanlılarla da ünsiyyətimizi kəsməmişik. Pandemiya dövründə İtaliyadakı səfirliyimiz və Diasporla İş üzrə Dövlət Komitəsi 24 saatlıq iş rejiminə keçib, yaradılmış qaynar xətt vasitəsilə vətəndaşlarımıza xidmət göstərib. Bütün bunların fonunda səfirlik və komitə tərəfindən bir sıra vətəndaşlarımıza müvafiq yardım göstərilib. Bunlardan əlavə , Azərbaycan - İtaliya birliyi ilə birgə başlatdığımız yardım kompaniyası çərçıvəsində İtaliyada təhsil alan 37 azərbaycanlıya maddi yardım paylanılıb.

- İtaliyada yoluxmanın sürətlə getməsinin və ölüm hallarının çox olmasının səbəbi nə idi? Rəqəmlərə baxıram, ümumi yoluxanların hardasa 127 mini sağalıb evə gedib, amma 32 min insanın ölməsi və hələ də 67 minədək adamın müalicə olunduğunu nəzərə alsaq, fikirləşmək olar ki, İtaliya səhiyyəsi arzulanan səviyyədə deyil? Yaxud da düşünə bilərikmi ki, pandemiyanın önlənməsi üçün İtaliya hökuməti gec səfərbər olunub? 

- Bu mövzuda sizinlə razılaşa bilmərəm. İtaliya səhiyyəsi dünyada öndə gedən səhiyyə sistemlərindən biridir. Sadəcə, digər dünya ölkələri kimi İtaliya da bu kimi pandemiyanın fəsadlarının bu qədər miqyassız və nəzarətə götürülə bilməyəcək qədər təhlükəli olması barədə məlumatsız idi. Covid-19 İtaliyada bir göz qırpımında yayıldı. Bunun da bir neçə əsas səbəbləri var idi. Bildiyiniz kimi İtalyanlar dünyanın ən çılğın və emosianal xalqlarından biridir. Bu dəfə proses onlar üçün heç də yaxşı nəticələnmədi. Ölkədə xəstəliklə bağlı müsisələr bağlananda xalq bunu ələ düşmüş fürsət kimi dəyərləndirib küçələrə, parklara, meydanalara axışdı. İkinci səbəb isə, onlar bu xəstəliyə inanmır, ciddiyə almırdılar. Üçüncü səbəb isə, digər ölkələrlə müqayisədə İtaliyada yaşlı nəslin daha çox olması idi. Son səbəb kimi də onu göstərə bilərik ki, İtaliya ilk növbədə karantin rejimini şimal bölgələrində elan etmək istəyəndə əhali kütləvi şəkildə mərkəzə və cənuba doöru hərəkət etməyə başladı. Beləliklə, asimptomatik virus daşıyıcıları xətəliyi özləri də bilmədən İtaliyanın hər yerinə yaydılar.

- Sonda, İtaliya azərbaycanlıları olaraq, Azərbaycan dövlətindən pandemiyadan xilas olma məsələsində hər hansı yardım və sair şəklində gözləntiləriniz varmı?

- Azərbaycan dövləti pandemiya dövründə İtaliyada yaşayan soydaşlarımızın təxliyyəsi ilə bağlı zəruri addımı ataraq bir çoxlarının vətənə dönməsinə şərait yaratdı. Eyni zamanda, adını çəkidyim dövlət qurumları və səfirliyimiz mütəmadi əlaqə saxlayaraq azərbaycanlıların tək olmadığını bir daha sübut etmiş oldular. Hazırda vəziyyət yaxşıya doğru gedir. Ümid edirik ki, yenidən əvvəlki vəziyyətə qayıtmayacağıq. Əgər belə bir hal yaşanarsa, dövlətimizin yenə də bizi tək qoymayacağına inanıram.

Oxunma sayı 190