Ağdam alınmaz qala idi... - Müsahibə  

19:39 24.02.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Ağdamda elə bir adam tapılmazdı ki, polis mayoru, Qarabağ müharibəsi veteranı  Eldar Şirinovu tanımasın, onun insanlığından, yaxşılığından və səmimiyyətindən söz açmasın. Eldar Ağdamda və Ağdam camaatının qəlbində “Pasportstol Eldar” kimi qalıb. Eldar Şirinov əslən Qubadlıdandır. 1950-ci ildə bu rayonda doğulub.

 - Yaş kağızımı Qubadlı Rayon Pasport Xidməti versə də, bu gün də mən özümü ağdamlı kimi sayıram. Öna görə ki, Ağdamda doğulub boya-başa çatmışam. 1966-cı ildə  5 saylı Ağdam şəhər  orta məktəbini bitirmişəm.  1966-1970-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Unverstitetini bitirib, bir iqtisadçı kimi Ağdam Rayon Kooperativlər İttifaqında  əmək fəaliyyətinə başladım. 3 il həmin vəzifədə çalışdım. 1974-cü ildə bir il hərbi xidmətdə oldum.

- Eldar müəllim, neçə oldu ki, milis orqanlarında çalışdınız?

- O dövrlərdə Xalq Təsərrüfatı İnstitutunu bitirənləri iqtisadi cinayətkarlığa qarşı mübarizə vəzifəsini icra etmək üçün milis orqanlarına işə götürürdülər. Hərbi xidməti başa vurduqdan sonra, yəni 1975-ci ildə  Ağdam RPİ Pasport Xidmətində əvvəlcə  baş inspektor, sonra isə 1994-cü ilə qədər Pasport Xidmətinin rəisi işlədim. Ağdamın işğalından sonra göndəriş  məktubu əsasında  Bakı Baş Gömrük İdarəsində birinci yük şöbəsinin rəisi təyin olundum. Bir il həmin vəzifəni icra etdim. Sonra dövlət səviyyəsində attestasiyadan keçdim və Güzdək Gömrük Postuna rəis təyin edildim. 1996-cı ilə kimi həmin vəzifədə işlədim.

Sonradan Sumqayıt  Şəhər Polis İdarəsi Pasport Xidməti Bölməsinə rəis təyin edildim və həmin vəzifədən də təqaüdə çıxdım.

- Ağdamlı günlərinizi necə xatırlayırsınız?

- Ağdam  əvəzsiz şəhər idi. Onun gözəl guşələri vardı. Onu qələmlə, sözlə ifadə etmək olmur. İndi yerində qalsaydı, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdi Ağdam.  Ağdamda böyük ziyalı ordusu vardı. Respublikanın ən gözəl pedaqoqlarının, maarif xadimlərinin əksəriyyəti Ağdamda yetişmişdir. Bu gün o müqəddəs torpaqlar üçün burnumun ucu göynəyir. Bütün canımı, həyatımı o yerlər üçün verərdim.

– İndiki zamanla sizin dövrünüzü müqayisə etsək, daxili işlər orqanlarının  fəaliyyətini necə qiymətləndirərdiniz?

– O dövrlərdə daxili işlər orqanlarının böyük hörməti, xalqın milis əməkdaşlarına böyük inamı vardı. Onlara yaxınlaşıb dərdini deyə bilirdin. İndi həmin inam azalıb. Bu da görünür, zamandan, mühitdən asılıdır. Mənim indi də  daxili işlər orqanlarına böyük hörmətim var, çünki polislər xalqın asayişini qoruyurlar.

Polis çətin peşədir. O dövrdə kadrların seçilməsinə ciddi fikir verilərdi. Elə adamlar polis orqanlarına götürülərdi ki, həmin şəxs bu sənətə layiq olsun, özündə yüksək məsuliyyət hiss etsin. İlk öncə qanunları gözəl bilsin və ona vicdanı ilə əməl etsin. Dzerjinski demişkən, əli təmiz, ürəyi isti olsun. Polisin vicdanı təmiz olmalıdır, haqqı nahaqqın ayağına verməməlidir, xalqını sevməlidir. Xoşbəxtəm ki, az müddətdə olsa da, bir polis əməkdaşı kimi fəaliyyətim Daxili İşlər naziri, general-leytenant Arif Heydərovun rəhbərlik etdiyi  dövrə də təsadüf edir.

– Siz generalı necə xatırlayırsınız?

– Arif Heydərovun uzun müddət SSRİ adlı nəhəng bir dövlətin təhlükəsizlik  orqanlarında müstəsna xidmətləri olub. Son dərəcə sadə, yüksək bilikli, fenomenal yaddaşa malik, qayğıkeş bir şəxsiyyət olmaqla,  dövlətin yüksək çinli şəxsiyyətlərindən bir idi. SSRİ Xarici İşlər naziri A. Qromıko, eləcə də Sov. İKP MK-nın Baş katibi, SSRİ Ali Sovet Rəyasət Heyətini sədri L. İ. Brejnev və ulu öndər Heydər Əliyev onun əməyini yüksək dəyərləndiriblər.  O həm də Heydər Əliyevin yaxın dostu və silahdaşı olub.  Arif Heydərov Ulu Öndərin təklifi ilə Azərbaycan Respublikası DİN-ə gəldi. Bir nazir kimi ölkədə daxili işlər orqanlarında kadr dəyişiklikləri apardı, yeniliklər etdi. Bu sahədə böyük işlər gördü. Mən Arif Heydərovda təmizliyi, düzgünlüyü, müdrikliyi gördüm. İlk öncə insan öz ləyaqətini gözləməlidir. Düz, 18 il Ağdamda Polis Bolməsinin rəisi oldum. Ağdam kimi bir rayonda uzun müddət vəzifədə işləmək adama heç də asan gəlməsin. Bu nə qədər çətin olsa da, bir o qədər də şərəfli idi. Ağdam camaatının hörmətini qazanmaq və o elin ağsaqqalına çevrilmək hər kişinin işi deyildi. Məni uşaqdan tutmuş böyüyədək bütün ağdamlılar tanıyır. Bax, elə bu istək, bu hörmət, bu izzət də  Arif Heydərov kimi başıpapaqlı kişilərin bizə verdiyi öyüd-nəsihətdən, kişilik qeyrətindən irəli gəlir. Arif Heydərov həm də mənim qan qohumumdur. Arif Heydərov 9 il nazir işlədi, amma onun  yaxın qohumu olduğumu heç kəsə bildirmədim. Mən öz saflığımla, əməllərimlə  hörmət qazanmışam.

– Siz həm də Qarabağ döyüşlərində olmusunuz...

– Ağdam alınmaz qala idi. Təəssüf ki, daxili çəkişmələrin qurbanına çevrildi.  Ağdam işğal olunmaya bilərdi, çünki onun işğal olunması ehtimalı yox idi. Elə gün olmazdı ki, Ağdam erməni işğalçılarının hücumuna məruz qalmasın. Hər yerdən ona hücumlar edilirdi. Amma hər dəfə hücum zamanı düşmən tərəfi böyük itkilər verir və  məğlub olaraq geri çəkilirdi.   Amma xəyanət nəticəsində Ağdam kimi bir şəhər verildi. Yaxşı olar ki, bu barədə söhbət edib qanımızı qaraltmayaq. 

...Ömrümün 70-ci baharını  arxada qoymuşam. Bu 70 yaşımda  da özümü gümrah hiss edirəm və bir Qarabağ  döyüşçüsü kimi, əlimə silah götürüb döyüş bolgəsinə gedərək Ağdamı, eləcə də  işğal altında qalan torpaqlarımızı azad etməyə hazıram. O vaxt şəhidlərimizin ruhu şad olacaq ki, biz döyüşüb, müharibə yolu ilə torpaqlarımızı düşmən işğalıdan azad edək. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin uzaqgöprən siyasəti nəticəsində torpaqlarımızı tezliklə azad edəcəyik və şəhidlərimizin müqəddəs qanı hopmuş Azərbaycanın  üçrəngli bayrağı tezliklə Xankəndidə dalğalanacaq.