Ağstafa Rayon Polis Şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı – Günün təzadları

18:55 11.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad edildilər.

Hafta.az  xəbər verir ki, Report"un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl  Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

 

İsrail müsəlman qəbirlərini  dağıtmağa başladı

Rəsmi Təl-Əvivin Fələstinin  1948-ci ildə İsrail tərəfindən işğal edilmiş  Yaffa şəhərində apardığı qanunsuz qazıntı işləri nəticəsində  işğal zamanı qətlə yetirilmiş yüzlərlə fələstinlinin qalıqları üzə çıxdı.

Hafta.az xəbər verir ki, yerli  “Palinfo” nəşrinin yazdığına görə, qəbiristanlıqda aparılan qazıntılar zamanı fəhlələr olan yüzlərlə kişi, qadın və uşaq  qalıqları olan bir neçə kütləvi məzarlıqla rastlaşıblar. Cəsədlərin üzərində vəhşilik və zorakılıq izləri aşkarlanıb. Müsəlman ictimaiyyətinin qəbiristanlığı rahat  buraxmaları tələblərinə rəğmən israillilər məzarların köçürülməsini özündə ehtiva edən bir tikinti layihəsi çərçivəsində qəbiristanlıqda mühəndislik işləri aparmağa başlayıblar.

Yüzlərlə etirazçı Fələstin bayraqları ilə şəhərin mərkəzi küçələrinə çıxıb və soydaşlarının cəsədlərinin təhqir olunmasını dayandırmağı tələb edib. Polis gözyaşardıcı qaz və vakuum qumbaraları ilə kortəbii mitinqi dağıtmağa çalışıb.

 

Sumqayıtda 69 yaşlı kişi içki məclisindən sonra öldü

Sumqayıtda ölüm hadisəsi baş verdi.

Hafta.az  xəbər verir ki,  APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda mənzillərin birində qeydə alınıb. Belə ki, 42-ci məhəllə sakini, 1951-ci il təvəllüdlü Əzizov Nofəl Təvəkkül oğlunun içki məclisindən sonra qəflətən vəziyyəti pisləşib. Aparılan tibbi müdaxilələrə baxmayaraq, 69 yaşlı kişi ürək çatışmazlığından ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Bakıda “Şuşa” kafesi cərimələndi

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkarlandı.

Hafta.az  yazır ki, Musavat.com-un xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) və Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Yuxarı Sulutəpə qəsəbəsində “Faxralı”, Biləcəri qəsəbəsi Natəvan qəsəbəsi Natəvan küçəsində “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kefesinin icarədarı 1 500 manat, digərləri 100 manat cərimə olunublar.

 

Şəkinin kəndində qonur ayı göründü

Şəkinin kəndində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb oldu.

Hafta.az  xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, yırtıcı axşam saatlarında rayonun Baş Layısqı kəndində görünüb.

Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib. Sürücü hərəkətdə olan avtomobilin qarşısı ilə kənd istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb.

Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.

Sakinlər bildiriblər ki, son günlər bu ərazidə bir neçə ayı görünüb.

Qeyd edək ki, mayın 31-də saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

 

Paytaxtda tanınmış klinika fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən tanınmış sağlamlıq mərkəzi “İntermed” MMC ləğv olundu.

Hafta.az yazır ki, “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 115 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “İntermed” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 101,2 min manatdır.

 

Sultan Laçın

Oxunma sayı 2329