Ailənin tək oğul övladı – şəhid Eldar Şirinov

11:49 23.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

"El igidləri ilə tanınar", – deyirlər. Vətənimizin hər bir qarışı tarixdən bu günə uğrunda can alıb-can verənlərin bizlərə əmanətidir. 30 ilə yaxın yolunda yüzlərlə şəhid verdiyimiz, hər bir azərbaycanlının Vətəni olan Qarabağın həsrətinə, nəhayət ki, ötən il son qoyuldu. Tovuz cəbhəsində baş verənlər, ardınca isə 27 sentyabr günü  olan düşmən təxribatı bardağı daşıran son damla oldu. Azərbaycanın hər bir vətəndaşının ürəyi uzun  illərdir ki, düşmənlə haqq-hesab çəkmək, ondan öc almaq, ən əsası isə torpaqlarımızı işğaldan azad etmək üçün alışıb-yanırdı. 44 günlük müharibənin hələ danışılacaq çox qəhrəmanları var. Bu gün sizə Şirinovlar ailəsinin igid övladından söz açmaq istəyirəm.

Eldar Bağır oğlu Şirinov 12 iyul 2001-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olub. O, ailənin ən kiçiyi, iki bacının bir qardaşı idi. Eldar 2007-ci ildə Çərəkə kənd orta məktəbinin birinci sinfinə yollanır. Məktəbi bitirdikdən sonra, elə həmin rayonda kollecə qəbul olur.  Ardınca isə təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanır. Xidmətini Beyləqan rayonunun “N” saylı kəşfiyyat bölüyündə davam etdirən Eldar 2 oktyabrda cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Hafta.az şəhidin valideynləri ilə həmsöhbət oldu.

Şəhidin atası Bağır Şirinov deyir ki, oğlumla sonuncu dəfə şəhid olmamışdan 2 ay əvvəl görüşmüşdüm. Ondan savayı da nə vaxt danışsaq deyirdi ki,  "Burada hər şey yaxşıdır. Mənə görə narahat olmayın".

"Eldar mənim həm ən yaxın dostum, həm oğlum idi. Elə müharibə vaxtı da Füzuliyə getdiyini tək mənə bildirmişdi. Yenə də müharibədə olduğunu yox, təlimlərə qoşulduğunu deyirdi. Anasına ümumiyyətlə bu barədə heç nə demək istəmirdi. Bilirdi ki, narahat olacaq. Əsgər yoldaşlarının  dediyinə görə, Eldar da daxil olmaqla, 6 nəfərlik qrup mühasirədə olan Azərbaycan əsgərlərini xilas edərkən şəhidliyə ucalıb. Gedən döyüşlərdə əsgərlərimizi mühasirədən çıxara bilsələr də, özləri şəhid oldular.

Bağır bəy deyir ki, oğluma atamın adını qoymuşdum, elə ona görə də Edi deyə müraciət edirdik: "Nə vaxt zəng vursaq ki, Edi, vəziyyət necədir? Deyirdi ki, sən başını dik tut gəz, gerisi mənlikdir". Dediyi kimi də oldu, indi onsuz boynum bükükdür, ancaq şəhid atasıyam. Gedişi ilə həm də başımızı uca etdi. Elə bil o sözləri deyəndə, bu günlər, şəhid olacağı ürəyinə damıbmış".

Şəhidimizin anası Fərqanə xanım da göz yaşları və titrəyən səsi ilə övladı haqqında xatirələrini bizimlə bölüşdü. Ana deyir ki, şəhid olduğu günə qədər oğlumun müharibədə olduğunu bilmirdim:

"Çox narahat idim, hər dəfə soruşurdum ki, "Bala haradasan?". Deyirdi, "Ay ana, harada olacam ki, öz hərbi hissəmdə, Beyləqandayam. Niyə narahat olursan, Beyləqan nə vaxtdan cəbhə xətti olub?". Bir dəfə də olsun demədi Füzuliyə aparıldığını. İndi əsgər yoldaşları ilə danışıram. Oğlumun xəbərlərini onlardan alıram...".

Fərqanə ana Eldarın yarımçıq qalan arzularından da bəhs etdi. Sən demə, şəhidimiz elə hərbi xidmətdə qalıb işləməyi düşünürmüş:

“Arzuları çox idi. Universitetə hazırlaşırdı, balı az oldu deyə kollecə qəbul oldu. Bakı Dövlət Universitetində oxumaq istəyirdi. Hərbi xidmətə gedəndən sonra, dedi ki, icazə verin burada qalım, işləyim.  Kəşfiyyat bölümündə olduğu üçün orada qalıb işləməyə çox həvəsli idi.  Nə mən, nə də atası razı deyildi bu fikri ilə. Deyirdik ki, "Gəl gözümüzün qabağında məktəbini oxu, bizim də içimiz rahat olsun".  Eldar mənim dördüncü oğlum idi. Ondan öncə 3 övlad vermişəm torpağa. Allah onu mənə gec verib tez aldı...".

Şəhid anası söyləyir ki, hər kəsin övlad özünə şirin olur, amma mənim balam 19 illik ömründə nə qəlb qırdı, nə də könül incitdi.

"Onu tanıyan hər kəsin sevgisini, hörmətini qazanmışdı. Kəndimizdə kimi danışdırsanız, Eldarla bağlı xoş düşüncələri var. Elə hərbi xidmətdə də yüksək mədəni keyfiyyətləri ilə fərqlənirdi. Həm yaşarkən, həm də bu dünyadan köçəndə öz adını da, bizim adımızı da uca etdi"…

Qeyd edək ki, 19 yaşlı qəhrəman şəhidimiz, kəşfiyyatçı əsgər Eldar Şirinovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. Ölümündən sonra,  "Vətən uğrunda", "İgidliyə görə", "Füzuli uğrunda" və "Füzuli fatehi" medalları ilə təltif edilib.

Allah rəhmət etsin!

 

Oxunma sayı 1263
Gündəm rubrikasından digər xəbərlər