Ali təhsildə sistemində yeni standartlar tətbiq ediləcək

12:32 26.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ali təhsil sistemi yeni mərhələyə qədəm qoya bilər. Bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi gözlənilir. “Ali təhsil haqqında” qanun layihəsi də hazırlanıb və ötən həftə parlametdə müzakirəyə çıxarılan sənədin detalları onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyi daha da artırılacaq.

Bununla bağlı keçirilən müzakirələrdə Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan mühüm məsələ olan “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir: “Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır”.

Sonra nazir hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə məlumat verib. Təhsil naziri təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə də göstərilib ki, yaxın illər ərzində ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək.

Sənəddə həmçinin qeyd olunur ki, hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə yarada bilər. Yüksək ixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək: "Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Hazırda ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər.

Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcək. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcək”.

Sənəddə o da vurğulanıb ki, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.

"Yol xəritəsi”ndə həmçinin göstərilib ki, universitet klasterlərinin yaradılması "təhsil–tədqiqat–innovasiya” zəncirinin effektivliyini artıra bilər. Bu baxımdan, ölkədə, ilk növbədə, bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin yaradılması təşviq ediləcəkdir. Ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaq: "Universitet klasterlərinin yaradılması araşdırma və təkmilləşdirmələrin həyata keçirilməsini, elmi nəticələrin istehsala tətbiqini stimullaşdıracaq, "təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksələcək. Klasterlərin dəstəklənməsi regionlarda insan kapitalının inkişafı üçün də əhəmiyyətlidir. Bundan başqa özəl universitetlərin müstəqilliyinin artırılması və onların inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ali təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi bu sistemin beynəlxalq rəqabətliliyini daha da artıracaq: “Layihənin tam detalları hələlik məlum deyil. Amma açıqlanan detallara əsasən onu deyə bilərəm ki, sənəddə ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlığı önə plana çıxarılacaq.  Bunun həyata keçirməsi üçün yeni qaydalar müəyyən edilib bə bu barədə “Ali təhsil haqqında” Qanun layihəsində maddə yer alıb. Maddəyə əsasən, ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Bildiyimiz kimi, ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilir. Ali təhsil müəssisəsinin bu qanuna, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, beynəlxalq təcrübədən yararlanmaq, xarici ölkələrin ümumi təhsil müəssisələri, təşkilatları və fondları ilə əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək hüququ vardır. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır. Ola bilər ki, ali təhsillə bağlı yeni qanunvericilik bazası yaradılandan sonra bu müəssisələrin sayı artırılsın. Eyni zamanda, Azərbaycanın ali məktəb diplomlarının xarici ölkələrdə daha çox tanınması, təhsilin keyfiyyətinin artırılması, xarici tələbələrin ali məktəblərimizə axınının təmin edilməsi üçün universitetlərə əlavə hüquqi status verilsin. Yəqin ki, sənəddə bu kimi məsələlər öz əksini tapacaq”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov isə bildirib ki, hazırda ali təhsil sahəsində problemlər çoxdur və başlıca məsələlərin layihədə öz həllini tapması vacibdir: “Dünyada təqribən 20 000 universitet var ki, onlardan 2000-ni qabaqcıl universitetlərdir. Demək olar ki, bütün universitetlərlə bağlı qanunlar eynidir. Qabaqcıl universitetlərin qanunlarını tətbiq etsələr, kifayyət edər. Universitetlərə müstəqillik verilməlidir, əməkhaqqı, müəllim-tələbə münasibətləri qanun layihəsində öz həllini tapmalıdır”.

Ekspert hesab edir ki, “Ali təhsil haqqında” qanunda qəbul imtahanları ilə bağlı məsələlər də yer ala bilər: “Bütün dünyada universitetlər giriş qapılarını geniş açır. Yəni universitetlər orta məktəbi bitirib, əlində attestat olan şəxsləri qəbul etməlidir. Amma çıxış qapısını daraldıb, diplomu nadir şəxslərə – proqramı mənimsəyənlərə verməlidir. Bizdə tələbə biletinin olması hər şeydən üstün tutulur, diplomun heç bir əhəmiyyəti yoxdur. Bu natarazlıq da bərpa olunsa yaxşıdır. Biz uzun müddətdir ki, dəyərsizi  dəyərlidən üstün tuturuq. Bu böyük qüsurdur. Mən həmişə nümunə göstərirdim ki, Cənubi Koreyada ali təhsilli insanların sayı 95 faiz təşkil edir. Amerikada da 85 faizdən çoxdur. Yəni küçədə gedən 100 adamın 85-i ali təhsillidir. Bu haqda çox demişəm, amma hələ də mövzu aktualdır.  Biz əlimizdən gələni etməliyik ki, orta məktəbi bitirən gənci küçədə qalmasın, ali məktəbə daxil olsun. Gedib bəzi zərərli dəstələrə qatılmasın və yaxud da başqa ölkələrin bazarlarında göy-göyərti satmasın. Ali məktəbə qəbul olunsun və səliqəli- mədəni mühitdə böyüsün. Əsas məqsədimiz bu olmalı deyil ki, o uşaq universitetə qəbul olunsun və buradan gəlir əldə edim. Dövlətimizin məqsədi o olmalıdır ki, orta məktəbi quraran gənclərin əksəriyyəti ali məktəblərdə təhsil alsın”.

Oxunma sayı 2002