“Aprelin 8-dən etibarən Çində karantin bölgəsi qalmayıb” – Baş konsul Cui Vey

12:35 15.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yer kürəsində koronavirus pandemiyası sürətlə yayılmağa davam edir. Son məlumata görə 2 milyondan artıq insan bu virusa yoluxub, 130 minə yaxın adam həlak olub. Əlbəttə, sağalanlar da var – təxminən yarım milyon virus daşıyıcısı sağlamlığına qovuşub. Amma bu bəlaya rast gəlmək bədbəxtliyi kimi, ondan qurtulmaq xoşbəxtliyi də bütün ölkələrə eyni dərəcədə gəlməyib.

Yəni virus ilk dəfə Çində yayılmağa və can almağa başlayanda, ABŞ-da hərə öz işinin başındaydı. Hətta Amerika şirkətləri Çinin düşdüyü bəladan yararlanaraq öz iqtisadiyyatlarını gücləndirmək, dünya bazarındakı Çinə məxsus payları ələ keçirmək və sair yolları düşünürdü. Elə Avropadakı müttəfiqləri də həmçinin. Amma məsəl var: sən saydığını say, gör fələk nə sayır. Bu gün Amerikanın, Avropanın özü pandemiyanın mərkəzinə çevrilib, Çin isə demək olar ki, rahatlığına qovuşub...

Çinin İstanbuldakı Baş konsulu Cui Vey yerli telekanallardan birinə verdiyi müsahibədə bəzi maraqlı məqamlara aydınlıq gətirib. Oxucularımıza maraqlı olar deyə, təqdim edirik:

- İndiki epidemiya ilə mübarizədə Çin çox böyük uğurlar qazanıb. Məndə olan son rəqəmlərə görə, Çində viruslu xəstələrin sayı cəmi 1170 nəfərdir. Onların da çoxu Uhan bölgəsindədir, qalan ərazilərdə barmaqla sayılacaq dərəcədə azdırlar. Uhanda da karantin rejimi ləğv edilib. Ümumiyyətlə, aprelin 8-dən etibarən Çində karantin bölgəsi qalmayıb. Bütün Çində sosial həyat yenidən qaynayıb-daşmaqdadır. Hesab edirəm ki, yenidən coşan həyat istehsalı əvvəlki səviyyəyəyə qaytaracaq və hətta daha da inkişaf edəcək.

- Son vaxtlar az da olsa, Çində yeni yoluxmaların qeydə alınmasına dair rəqəmlər verilir. Bu barədə nə deyərdiniz?

- Bütün Çində insanların ölkədaxili hərəkəti, nəqliyyat sektoru normal axarına düşüb. Buna baxmayaraq biz ölkədə yeni yoluxma faktının olub-olmadığını apardığımız müşahidələr nəticəsində çox dəqiqliyi ilə bilirik. Siz deyən yoluxma sayının böyük hissəsi xaricdən gələnlərdə təsbit edilir. Məsələn, bu günki məlumata görə, Çində 89 yeni yoluxma qeydə alınıb. Araşdırıldıqda məlum olub ki, onlardan 86-sı xaricdən gələnlərdir. Deməli, Çində bir gündə yoluxanların sayı cəmi 3-dür. Beynəlxalq hava limanlarında, xaricdən vətənə qayıdan çinlilər təyyarədən enər-enməz karantinə alınır, müayinə edilir, sağlam çıxanların evlərinə getmələrinə icazə verilir. Təbii ki, bədənində koronavirus aşkarlanan insanlar karantin şəraitində tam müalicə edilir.

- Çin telekanallarından gördüyümüz qədər, Uhanda və digər bölgələrdə karantin rejimi ləğv edilsə də, küçədə insanların sayı yenə azdır, onların da ağzında maskalar...

- Çin normal həyatına qayıdır, amma deyəsən bəzi insanlar keçmişdə olduğu kimi coşqulu yaşamağa davam etmək istəmir. Çölə çıxan insanlar, əlbəttə, hər ehtimala maskalardan istifadə edirlər ki, bu da normaldır. Kafe və restoranlar yenicə açılmağa başlayır, hazırda insanlar bu cür yerlərdə yemək yeyə bilir, amma təbii ki, əvvəl olduğu kimi yeməkxanaların qarşısında uzun-uzadı növbələr yaranmır. Bir sözlə, indiki məqamda Uhan da daxil olmaqla, Çinin heç bir yerində sosial xidmət müəssisələri tam gücüylə işləmir. Amma bu müvəqqətidir, bir neçə aya hər şey əvvəlki normal axarına düşəcək.

- Bayaq dediniz ki, yeni yoluxmalar əksərən xaricdən gələn insanlarda aşkarlanır. İlkin testdə sağlam görünsələr də, onlar sonradan nəzarətdə saxlanılırmı?

- Əslində xaricdən gələnlər tibbi müayinədən keçirilməzsə, bax, risq o zaman yaranar. Amma biz çox ciddi tədbirlər görürük. Bayaq dediyim kimi, təyyarədən enər-enməz hava limanlarındaca test edilirlər, hər hansı şübhə nəzərə çarparsa qeyd-şərtsiz müalicəyə başlanılır və ya tibbi nəzarətdə saxlanılır. Məncə belə davam etsək, insanlar üçün heç bir risq yaranmayacaq.

- Müalicə effektli nəticə verirsə, deməli dərmanını bilirsiniz. Bu istiqamətdə hansı işlər görülür?

- Biz ilk gündən peyvəndi eyni vaxtda beş texniki üsulla araşdırmağa başladıq. Bu beş üsuldan biri ən mükəmməlidir, viruslara öldürücü təsir edir. Peyvənd ilk dəfə mart ayında test olundu. İlk testdən təxminən üç həftə ötüb. Hardasa 108 könüllü üzərində test aparılıb. Onlar xəstəxanada 14 gün saxlanıldı. Həkimlər gözlərinə inanmadılar, nəticələr gözlənildiyindən qat-qat müsbət alınmışdı. İkinci etapdakı 14 günü isə həmin adamlar evlərində karantində saxlanıldı. Bu çox böyük uğurdur. Daha vacibi budur ki, ötən günlərdə sözügedən peyvəndin ikinci etap testinə başlanılıb. Bu prosesdə 500 nəfər iştirak edir ki, indiyədək onlardan 273 nəfərinə test peyvəndi vurulub. İlk etapda alıdığımız nəticəyə əsasən həmin adamların əksəriyyəti daha xəstəxanada qalmayacaq – evə buraxılacaq. Qalanlarının peyvənd testi də bir neçə gün sonra başa çatacaq. Bu 500 nəfər əsasən yaşlı insanlar arasından seçilib və ən böyüyünün 84 yaşı var. Üçüncü etapda da test aparmaq lazım olacaq. Hər etapda 5-6 ay gözləmək lazımdır. Aprelin 12-də və 13-də iki fərqli peyvənd də insan bədəninə yeridilib. Bu peyvəndi sınaqdan çıxarmaq üçün çox sayda könüllülər qeydə alınıb. Texniki müstəvidə araşdırılan daha üç peyvənd də var, sınaq uğurla gedir və onlar artıq heyvanlar üzərində sınaqdan keçirilir. Məncə həmin testlər uzağı may ayında kliniki sınaqdan keçiriləcək.

- Bir halda ki, peyvənd hələ dəqiq deyil, bəs insanları hansı yolla sağaldırsınız?

- Yanvarda virusla mübarizə başlayan zaman əlimizdəki dərmanlarla müalicəyə başladıq. Peyvənd axtarışında olduğu kimi, dərmanla müalicə müstəvisində də geniş proqramlar hazırladıq. Ümumilikdə 27 layihəmiz var. Toplam 152 araşdırma quruluşu 3200 texniklə birlikdə dərmanla müalicə üsulu araşdırması aparır. Bildiyim qədər, 7 layihə ümumən 34 dərmanla müalicə üsulunu özündə birləşdirir. Çin Milli Səhiyyə Komissiyasının bu müstəvidə gündəlik açıqlamaları var və hər bir yeni məlumatı Ümumdünya Səhiyyə Təşkilatına ötürürük. Biz bu məlumatları bütün dünya ilə ilə paylaşırıq. Qan plazması və kök hüceyrəsi müalicəsini dünyaya tanıtdıq. Çinin tarixən istifadə etdiyi ənənəvi dərmanlardan istifadə edirik. Ümumiyyətlə, müalicə prosesində istifadə edilən dərmanların 85 faizdən çoxu ənənəvi dərmanlardır.

Oxunma sayı 851