Azərbaycan artıq 90-cı illərin geridə qalmış, oturuşmamış ölkəsi deyil - Millət vəkili

11:33 16.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanın xəyanətkar hücumları nəticəsində, Tovuz istiqamətində gedən döyüşlərdə xalqımızın qəhrəman oğulları şəhid oldular. Ordumuz düşmənə layiqli cavab verdi. Şəhidlərin intiqamı alındı. Təbii olaraq ölkəmizin bir çox bölgələrində, o cümlədən paytaxt Bakıda on minlərlə gənc Ordumuza və Ali Baş komandana dəstək vermək üçün küçələrə axışdı".

Bu fikirləri hafta.az-a  millət vəkili Nəsib Məhəməliyev iyulun 14-də bir qrup təxribatçının Milli Məclisə qanunsuz olaraq daxil olub zərər vürması və polisə qarşı zorakılıq tətbiq etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə,  koronavirus pandemiyası ilə bağlı karantin rejiminin qüvvədə olmasına, insanların kütləvi toplanmasının təhlükəli olmasına baxmayaraq, hakimiyyət gənclərin vətənpərvərlik hisslərinə hörmətlə yanaşdı və maneçilik göstərmədi: "Ancaq çox təəssüflər olsun ki, 90- cı illərin əvvəllərində olduğu kimi, vətəndaşların səmimi duyğularından öz çirkin məqsədləri üçün sui-istifafə etmək istəyən, sapı özümüzdən olan xain, satqın qüvvələr yaranmış vəziyyətdən xaos, anarxiya yaratmağa cəhd etdilər.

Xeyli suallar ortaya çıxır.

— Ordumuzun düşmənlə müharibə apardığı, şəhidlər verdiyimiz vaxtda, gecə vaxtı Milli Məclisin binasına daxil olaraq, divarları, mebeli, müxtəlif əşyaların dağıdılmasının məqsədi, məramı nədir?

— Qarabağa, orduya dəstək çağırışlarının, sonradan bəzilərinin “Allahu əkbər” şüarları səsləndirmələri, kimlərin, hansı təşkilatların tapşırıqlarını icra edirdilər. Gecə vaxtı Parlament binasında kafir, ermənimi axtarırdılar.

Hadisələrlə yerində tanış olmaq üçün Milli Məclisin binasına girərkən əsil vandallığın şahidi oldum. Heç bir normal Azərbaycan gənci bu hərəkəti etməz. Düşünürəm ki, bu bilavasitə uzun illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən, ölkəmizin müstəqilliyini həzm edə bilməyən qüvvələrin tapşırıqlarını icra edənlərdir.

90-cı illərin əvvəllərində biz tez-tez bu tipli iğtişaşların şahidi olurduq. Azərbaycana düşmən münasibət göstərən qüvvələr, öz aqentləri vasitəsilə insanlar arasında dezinformasiya yayır, panika yaradır və kütlə psixologiyasından istifadə edərək xaos, anarxiya yaratmaqla rayonlarımızın işğalı üçün münbit şərait formalaşdırırdılar.

Burada xüsusi olaraq, heç bir idarəetmə təcrübəsi olmayan, dövlət idarəetmə, beynəlxalq münasibətlər sistemindən bixəbər insanların apardığı vəzifə davasını da vurğulamaq lazımdır. Belə kreslo uğrunda mübarizə aparan ,, qəhrəmanların,, fəaliyyəti nəticəsində, cəbhə bölgələrindən ağır texnika, şəxsi heyət çıxarılaraq Bakıya gətirilirdi və bir-birinin ardınca iradəsiz dövlət başçıları canlarını götürüb qaçırdılar.

Azərbaycan xalqının yaxşı yadındadır. Müharibənin getdiyi dövrdə, tez tez Milli şurada bəzi deputatların tələbi ilə, Müdafiə naziri, digər güc strukturlarının hesabatları dinlənilirdi və bu dinləmələrin qapalı keçməsinə baxmayaraq, azərbaycan xalqından fərqli olaraq, düşmən detallarına qədər məlumatlı olurdu.

Bu yaxınlarda, Yaxın Şərq reqionunda gedən proseslərdə öz aktiv fəaliyyəti ilə seçilən bir generalı öldürdülər. Bu hərbiçi heç vaxt ölkəmizə qarşı müsbət münasibətilə seçilməmiş, əksinə, əzəli düşmənimizə əhəmiyyətli şəkildə dəstək vermişdir.

Cənublu soydaşlarımızın əksəriyyətinin adekvat münasibətinə baxmayaraq, bir çox vətəndaşlarımızın dini mənsubiyyəti, milli mənsubiyyətdən üstün tutmaları təəssüf edici və dövlətçiliyimiz üçün təhlükəli vəziyyəti aydınlaşdırdı.

Müharibə aparan dövlət üçün cəmiyyətin bütün təbəqələrinin davranışlarından tutmuş, psixoloji vəziyyəti və s. ən kiçik detallarına qədər öyrənilməli və nəzərə alınmalıdır. Müxtəlif yad təsirlərə məruz qalmış insanlarla peşəkar psixoloqların, sosioloqların, ziyalıların, din xadimlərinin ciddi izahat işlərinin aparması vacibdir.

Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm. Azərbaycan artıq 90-cı illərin geridə qalmış, oturuşmamış ölkəsi deyil. Azərbaycan dünya miqyasında söz sahibi olan, hər tərəfli inkişaf etmiş müstəqil siyasət aparan güclü dövlətdir və fəaliyyətə başladığı gündən düşmənə bir santimetr torpaq verməyən, əksinə mürəkkəb şəraitdə bir çox torpaqları azad etmiş qətiyyətli Prezidenti var.

Hüquq mühafizə orqanlarından xahişim budur ki, xalqımızın, dövlətimizin gələcəyi naminə xalqın müqəddəs hisslərindən çirkin məqsədlər üçün istifadə edərək düşmən dəyirmanına su tökən təxribatçılar müəyyənləşdirilərək qanuna uyğun şəkildə cəzalandırılsınlar. İmkan vermək olmaz ki, bu tipli təxribatçılar, dövlətimiz üçün həssas məqamda arxadan balta vursunlar. Müharibə şəraitində uşaqdan böyüyə hər kəs ayıq olmalıdır. Allah şəhidlərə rəhmət eləsin! Allah Azərbaycanı qorusun!"

 

Oxunma sayı 2078
Siyasət rubrikasından digər xəbərlər