Azərbaycan əsgərinin dözümü bizi heyrətləndirirdi - Cəbhəyə könüllü yollanan həkimlərimiz danışır

14:51 24.11.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

45 gün davam edən Böyük Vətən Müharibəsi bir daha bizi bir yumruq kimi eyni amalın ətrafında cəmləşdirdi. Hər kəsin bir arzusu var idi, 30 illik həsrətə son qoyub, gələcəyə bütöv Azərbaycan ilə addımlamaq. Biz qələbəni, qüdrətli ordumuz, dövlətimiz və xalqımız sayəsində qazandıq. Uşaqdan-böyüyə, ürəyi Azərbaycanla döyünən hər kəsin izi var şanlı qələbəmizdə.

Elə peşə sahibləri var ki, onların rolu əsgər və hərbi qulluqçularımız qədər böyükdür.  Söhbət Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərimizə, eləcə də erməni təxribatı nəticəsində xəsarət alan mülki əhaliyə kömək göstərən tibb işçilərindən gedir.

Hafta.az-ın əməkdaşı, tarixi döyüşlərin könüllü iştirakçısı olan həkimlərimizlə həmsöhbət oldu.

Cəbhədə könüllü olaraq xidmət göstərən tibb işçisi Aynurə Hidayətqızı deyir ki, Bakıda özəl klinikaların birində müalicə və UZİ həkimi kimi fəaliyyət göstərir. Hər zaman inanıb ki, bir gün vaxt gələcək, torpaqlarımız işğaldan azad ediləcək. Elə buna görə də gecikmək istəməmək üçün öncədən, hələ 2010-cu ildə könüllü olaraq, Hərbi Komissarlıqdan qeydiyyatdan keçib.

“Mən sentyabr ayında, müharibə başlamamışdan bir neçə gün öncə əməliyyat olundum. Əməliyyatdan sonra 6 ay gözləmə müddəti olsa da, baş verən hadisələri izlədikcə ürəyim sızlayırdı, burada əlim-qolum bağlı gözləyə bilməzdim. Əvvəlcə əsgərlərimizə əlimdən gəldiyi qədər yardım etdim – geyim, qida və tibbi ləvazimatlar göndərdim, daha sonra isə burada işlərimi dondurub, özüm də cəbhəyə əsgər qardaşlarımın yanına yollandım”.

Həkim bildirir ki, ön cəbhədə yaralı əsgərlərə xidmət göstərib. O, burada Azərbaycan əsgərinin qüdrətindən ağızdolusu söz açdı: “Azərbaycan əsgəri möhkəm iradəyə, güclü milli ruha sahibdir. Mən saysız-hesabsız könüllünün necə canfəşanlıqla döyüşə getmək istədiyinin şahidi oldum. Orada rütbəsindən asılı olmayaraq hər kəs Qarabağ könüllüsü idi”.

A.Hidayətqızı söyləyir ki, cəbhədə Azərbaycan əsgəri ölümdən yox, müharibənin yarımçıq dayandırılmasından qorxurdu:

“Əsgərlərimizin başlıca amalı torpaqlarımızı işğaldan azad etmək və heç tanımadıqları, üzünü belə görmədikləri şəhid general Polad Həşimovun qisasını almaq idi. Ön cəbhədə bizə ən böyük stimul isə Ali Baş Komandanın çıxışları idi. Yaralı əsgərlərin fikirləri, söylədikləri isə tibb işçilərini, eləcə də hər həkimi qürurlandırır.  Həkimlər bildirir ki, yaralı əsgərlər deyirdilər ki, “Həkim, nə olur-olsun bircə deyin ki, sağlamdır, təki bizi döyüşə geri göndərsilər”.

Həkim neyrocərrah Azər Zeynalov lap öncədən - Aprel döyüşlərindən adını cəbhəyə könüllü olaraq yazdırdığını deyir:

“Döyüşlər başladığı ilk saatlardan, 26-sı gecədən cəbhə bölgəsinə yollandım. Səhəri topun, qradın səsi ilə açdım. Goranboy, Naftalan, Suqovuşan istiqamətlərində xidmət göstərirdim. Müharibə dövründə  burada diqqətimi çəkən əsas məqamlardan biri xalqın birliyi və Azərbaycan əsgərində olan ruh yüksəkliyidir”.

Cərrah söyləyir ki, Haqq işində Tanrı da Azərbaycanın yanında idi. Əməliyyatlarda baş verən möcüzələr də belə deməyə əsas verir: “Gətirilən yaralı əsgərlər deyirdilər ki, həkim, yaramıza tez müdaxilə edin, biz yenidən döyüşə qayıdaq. Halbuki əksəriyyətinin xəsarəti olduqca ciddi idi. Mən beyin cərrahıyam, buna görə də şəxsən özümə təəccüblü gələn məqamlar da etdiyim əməliyyatlarla bağlı idi. Möcüzəvi şeylər olurdu. Xəstələr əməliyyatdan sonra ayılırdılar. Halbuki mülkidə eyni əməliyyatları edəndə, həmin xəstələrin komadan  ayılması uzunçəkən prosesdir. Bu, nə isə İlahi qüvvənin təsiri idi ki, Azərbaycan  əsgəri keçirdiyi ağır əməliyyatdan 3-4 saat sonra ayılırdı və yenidən cəbhəyə qayıtmaq istəyirdi”.

Təəssüflər olsun ki, müharibə qan-qadasız ötüşmür. Böyük Vətən müharibəsində həkimlərimiz yaralı əsgərimizə öz şəfalı əlləri ilə məlhəm oldular.

Biz də hafta.az olaraq şərəfli peşənin cəsur nümayəndələrinə öz təşəkkürlərimizi bildirir, gələcək işlərində uğurlar arzulayırıq.

 

 

 

Oxunma sayı 1493