Azərbaycan havanın keyfiyyətinin yaxşılaşdırılmasına səy göstərir  

19:23 02.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Finlandiya Meteorologiya İnstitutu və Finlandiya Ətraf Mühit İnstitutu Azərbaycanda havanın keyfiyyətinin idarə edilməsi və monitorinqinin inkişafı üzrə Tvinninq layihəsində iştirak ediblər. Finlandiya XİN-nin saytına yer alan məlumata görə, layihə iki il yarım davam edib və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə icra olunub. Layihə çərçivəsində fin ekspertləri tərəfindən Bakıya və Azərbaycanın digər regionuna 80 səfər həyata keçirilib.

Tvinninq layihəsinə 2016-cı ilin noyabrında başlanılıb. Layihə Azərbaycanda ətraf mühitin vəziyyətinə nəzarətin gücləndirilməsinə yönəldilib. Layihəni həyata keçirən konsorsiumda Avropa İttifaqına üzv ölkələrdən Finlandiya, Avstriya və Latviya iştirak edib. Aİ-yə üzv dövlətlər Tvinninq layihələri üçün müsabiqəli tenderlərdə iştirak edir, qalib gələn dövlət layihəni həyata keçirən ölkəni seçir. Layihə uğrunda rəqabət güclüdür, bu da təklifin keyfiyyətinin mühümlüyünü vurğulayır. Azərbaycana gəlincə, Aİ-yə üzv ölkələrin konsorsiumunda işlərin strukturu və paylaşdırılması hazırlıq mərhələsində ətraflı nəzərdən keçirilib.

Finlandiya XİN-də qeyd ediblər ki, əməliyyat mühiti ilə bağlı problemlərə baxmayaraq, layihə qarşısına qoyulan bütün məqsədlərə nail olunub. “Azərbaycan havanın keyfiyyətinin yaxşılaşdırılmasına səy göstərir”, - deyə xarici siyasət qurumunda bildiriblər. Tədbirlərin yüksək keyfiyyəti nəticələrə yönəldilmiş xülasədə də qeyd edilib. Layihənin gedişində Azərbaycanda havanın keyfiyyətini ölçmə sisteminin dəstəklənməsi üzrə fəaliyyət planı işlənib hazırlanıb. Layihə çərçivəsində nəticələr barədə məlumatın şəffaflığına və yayılmasına xüsusi diqqət ayrılıb. Havanın keyfiyyətinin mühümlüyü barədə məlumatlılığın yüksəldilməsi üçün seminarlar təşkil olunub.

Tvinninq üzrə Aİ-nin müşavir-rezidenti Katya Loven bildirib ki, bu istiqamətdə Azərbaycanın islahatlara və yeni layihələrə bağlılığı mühüm əhəmiyyət kəsb edir: “Məlumatlılığın yüksəldilməsi baxımından çox mühümdür ki, bu məsələyə cavabdeh olan yerli nazirliklər bizim məqsədimizə sadiq olsunlar, nəticələri hamı üçün əlçatan etsinlər. Hazırda monitorinqin göstəriciləri Bakıdakı stansiyaların birində real vaxt rejimində nazirliyin veb-saytında yerləşdirilib. Bu, hətta layihə başa çatsa belə, havanın keyfiyyəti məsələsinin aktuallığını qoruyub saxlayır. Bu, ölkənin 2019-2023-cü illərdə yeni avtomatik monitorinq stansiyalarını quraşdırmaqla, ölçmə stansiyaları şəbəkəsini möhkəmləndirmək qərarına gəlməsində öz təzahürünü tapıb”. Məlumatda o da qeyd olunur ki, Azərbaycan, ümumilikdə müasir texnologiyalarla təchiz olunan 25 ədəd avtomatik hava keyfiyyətinin monitorinqi stansiyası əldə etməyi planlaşdırır. İlk beş yeni stansiya Bakıda, qalan 20 stansiya isə ölkənin müxtəlif yerlərində quraşdırılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərovun fikrincə isə atmosfer havası ilə bağlı aparılan monitorinqlər göstərir ki, isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır. Şöbə müdirinin sözlərinə görə, hazırda paytaxtda havanın çirklənməsinin 70 faizdən çoxu avtonəqliyyatın payına düşür. Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir.

Atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələrinin təşviqi təmin edilməli, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalı, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri minimuma endirilməli, mühərriki kiçikhəcmli avtomobillərə üstünlük verilməlidir.

2021-ci ildə ölkədə istehsal olunan yanacağın avro-5 standartına uyğunlaşdırılacağını nəzərə alsaq, nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalmasına nail oluna bilər.

Qeyd edək ki, bu gün Azərbaycanda atmosfer havasının mühafizəsi “Atmosfer havasının mühafizəsi haqqında” qanunla tənzimlənir. Sənədə görə, atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri insan sağlamlığının qorunmasının üstünlüyü,  insanın həyatı, əmək fəaliyyəti və istirahəti üçün əlverişli ekoloji şəraitin təmin edilməsi, atmosfer havasının çirklənməsindən ətraf mühit üçün bərpa olunmayacaq nəticələrinə yol verilməməsi, atmosfer havasının mühafizəsinə elmi cəhətdən əsaslandırılmış, sistemli və kompleks yanaşmadan ibarətdir.

Qanunda göstərilib ki, atmosfer havasına atılan zərərli maddələrin və olan zərərli fiziki təsirin mənbələrinə malik olan hüquqi və fiziki şəxslər atmosfer havasının mühafizəsinə dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırdıqdan sonra həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin həcminin azaldılmasına dair tədbirləri, atmosfer havasının monitorinqi üzrə məlumatları, zərərli maddələrə nəzarətin və onların yayılması miqyasının nəticələrini nəzərə alaraq atmosfer havasının mühafizəsinə dair məqsədli (müəyyən dövr üçün) proqramlar hazırlayır və həyata keçirir.

Sənəddə vurğulanıb ki,atmosfer havasının mühafizəsinə dair tədbirlər ətraf mühitin digər obyektlərinə zərər vurmamalıdır. Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsində əhalinin və qeyri-hökumət təşkilatlarının təkliflərini nəzərə almaq məqsədilə atmosfer havasının mühafizəsinə dair proqram layihələri onların müzakirəsinə çıxarıla bilər.

Qanuna əsasən, atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvəqqəti razılaşdırılmış atılma atmosfer havasına zərərli maddələrin atılmasının texniki normativlərinə əməl edilməsi və onların miqdarının azaldılması üzrə tədbirlər planının olması şərti ilə, atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması müddəti üçün müəyyən edilir. Atılmanın yol verilən həddinə mərhələlərlə nail olma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İnsan sağlamlığına və ətraf mühitə təhlükə dərəcəsi nəzərə alınmaqla, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması tədbirlərini hüquqi və fiziki şəxslər hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra həyata keçirirlər.

Sənəddə habelə qeyd olunub ki, təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Şəhər və digər yaşayış məntəqələrinin hüdudlarında, yanında, habelə şəhər və digər yaşayış məntəqələrinin salınması, yenidən tikintisi zamanı atmosfer havasının keyfiyyət normativlərinə zərərli təsir edən təsərrüfat obyektləri layihələşdirilərkən, yerləşdirilərkən atmosfer havasının çirklənməsinin fon səviyyəsi və təsərrüfat fəaliyyətinin həyata keçirilməsi nəticəsində onun keyfiyyətinin dəyişməsi nəzərə alınmalıdır.

Qanuna görə, əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitar-mühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir.

Digər tərəfdən, yeni salınan və ya yenidən qurulan təsərrüfat obyektlərində atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin atılmanın texniki normativlərindən və yol verilən həddindən, zərərli fiziki təsirlərin yol verilən həddindən artıq olmaması təmin olunmalıdır. Atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır.

Oxunma sayı