Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib - FOTO

15:50 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti Avropa İttifaqının siyasi mərkəzi olan Brüssel şəhərində səfərdə olub. Mərkəzin sədri Fərid Şəfiyevin başçılıq etdiyi nümayəndə heyəti Avropa İttifaqını təmsil edən rəsmi nümayəndələr, müstəqil düşüncə mərkəzləri, vətəndaş cəmiyyəti institutları, mətbuat orqanları və Avropadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşlər keçirib.

Hafta.az BMTM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin də təmsil olunduğu heyət dekabrın 5-də nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) Aİ–Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi haqqında dəyirmi masada iştirak edib. Daha sonra Avropa Siyasi Araşdırmalar Mərkəzində (CEPS) təşkilatın təmsilçiləri ilə görüş keçirilib və BMTM ilə CEPS arasında əməkdaşlıq imkanları müzakirə edilib. Mərkəzin əməkdaşlarına Azərbaycanın xarici siyasəti, Ermənistan – Azərbaycan münaqişəsi, Aİ ilə Azərbaycan arasındakı münasibətlər və birgə layihələr haqqında məlumat verilib.

BMTM-in sədri Fərid Şəfiyev səfər çərçivəsində Azərbaycanın Aİ-dəki nümayəndə heyətinin rəhbəri Fuad İsgəndərovla birlikdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumun 11-ci Assambleyasında iştirak edib. Tədbirdə çıxış edən və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandıran sədr ölkəmizlə Aİ arasında növbəti çərçivə sazişi üçün aparılan danışıqlar haqqında fikirlərini bölüşüb. O, Azərbaycanla Avropa İttifaqının əlaqələrinin çoxsaylı enerji və nəqliyyat layihələri nəticəsində güclü potensiala malik olduğunu vurğulayıb.

Nümayəndə heyəti, həmçinin Avropanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşüb. Fərid Şəfiyev və Tural Gəncəliyev gəncləri ölkəmizin milli maraqlarını müdafiə etməyə çağırıb və torpaqlarımızın 20 faizinin işğal altında saxlanılmasından doğan narahatlığı ifadə etmək və haqq səsini yaşadıqları ölkələrdə səsləndirmək üçün daha mübariz olmağa çağırıb.

Nümayəndə heyəti səfərin sonunda Xurşidbanu Natəvanın Belçikanın Vaterloo şəhərindəki abidəsini ziyarət edib.

Oxunma sayı 34