“Azərbaycan Qazaxıstan üçün qardaş, Qafqazda əsas tərəfdaşdır” – Qazaxıstanlı millət vəkili

17:15 18.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Parlament Məclisinə keçirilən son seçkidə deputat mandate qazananlardan biri də Əbülfəz Həmidovdur (Əbilfas Xamedov). Partiya siyahısı ilə deyil, Qazaxıstan Xalqları Assambleyası tərəfindən deputat seçilən azərbaycanlı millət vəkilinin bu ölkədə yayımlanan “Novaya Epoxa” saytına verdiyi müsahibəni oxuculara təqdim edirik. O, söhbətə Xalqlar Assambleyası haqda fikirlərini bildirməklə başlayıb:

- Qazaxıstan Xalqları Assambleyası 1 mart 1995-ci il tarixində ölkənin Birinci Prezidenti - Elbaşı Nursultan Nazarbayevin təşəbbüsü ilə quruldu. Bu vətəndaş cəmiyyəti institutu bütün etnik qrupların mənafelərini birləşdirən, milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların hüquq və azadlıqlarına ciddi əməl olunmasını təmin edən Qazaxıstanın siyasi sisteminin vacib bir elementidir. Qazaxıstan 130-dan çox etnik qrup üçün sözün həqiqi mənasında vətənə çevrilib və bu, Birinci Prezidentimiz Nursultan Nazarbayevin böyük xidmətinin nəticəsidir. Müstəqillik illərində vahid bir millət formalaşıb, eyni zamanda azərbaycanlılar da daxil olmaqla bütün etnik qruplar öz dilini, mədəniyyətini inkişaf etdirmək və öz medianı yaratmaq imkanı əldə etdi. İstisnasız olaraq bütün etnik qruplarla barışıq və əmin-amanlıq içində yaşamaq istəyirik. Yanvarın 11-də Nur-Sultan şəhərində, Qazaxıstan Xalqları Assambleyasının (QXA) XXVIII sessiyası açılıb və orada Parlament Məclisinin 9 deputatı bəlli oldu. Səsvermənin nəticələrinə görə, Qazaxıstan Xalqları Assambleyası tərəfindən seçilən bütün deputatlığa namizədlər, o cümlədən də mən Məclisə seçildik.

- Uzun müddətdir “Qazaxıstan Azərbaycanlıları Assosiasiyasına” rəhbərlik edirsiniz. Soydaşlarımızın qazax torpağındakı mövqeyini necə qiymətləndirirsiniz?

- Bu gün Qazaxıstanda 150 minə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti bu ölkəy çoxdan gəlmişdi - repressiyaya məruz qalanlar və ya Sovet hakimiyyəti illərində ümumittifaq inşaat sahələrinə və toxunulmamış torpaqlara gələn, Sovet Ordusu sıralarında hərbi xidmətdən sonra qalanlar. Qazaxıstan hamımız üçün həqiqətən ortaq bir evə, ikinci vətənə çevrildi və bir çoxları üçün, məsələn, burada doğulub böyüyən mənim üçün bura birinci vətəndir. Mən, 2003-cü ildən “Azərbaycanlılar Assosiasiyası” Respublika ictimai təşkilatının sədri və Qazaxıstan Xalqları Assambleyasının üzvüyəm. 2018-ci ildə QXA sədrinin müavini idim. Dini və etnik mənsubiyyətimizdən asılı olmayaraq, Qazaxıstanda özümüzü bərabər hiss etməyimiz üçün hər cür şəraitin yaradıldığını vurğulamağı vacib hesab edirəm. Əlavə olaraq, bu, heç bir konfessiyaya üstünlük verməyən həqiqətən dünyəvi bir dövlətdir və burada heç kim öz dini mənsubiyyətinə görə sıxışdırılmış hiss etmir.

- Azərbaycan mədəniyyətinin, dilinin, ənənələrinin qorunub saxlanılması və inkişafı üçün şərait yaratmaq mümkün olurmu?

- Adət-ənənələrimizi və mədəniyyətimizi inkişaf etdirərək, bir Azərbaycan musiqi ansamblı və bir rəqs qrupu yaratdıq, "Vətən" Respublika qəzetini nəşr etdik, Azərbaycan dilində radio yayım proqramı açdıq. Bundan əlavə, müxtəlif dil, mədəniyyət və idman dərnəkləri təşkil edilib. Hər il müxtəlif mədəni tədbirlər keçiririk, qazaxlarla birlikdə həm Azərbaycan, həm də qazax milli bayramları qeyd edirik. Qazaxıstan Respublikasının iqtisadi və mədəni həyatında fəal şəkildə iştirak edirik – bizim hüquq-mühafizə orqanlarında, tibb müəssisələrində, biznesdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan Azərbaycan millətindən olan nümayəndələrimiz var. Azərbaycan etnomədəni birliklərinin bir çox nümayəndələri orden, medal və yüksək dövlət mükafatlara layiq görülüb. Aramızda müxtəlif elmlər namizədi və doktoru adlarına layiq görülən insanlar var. Biz tez-tez sosial yönümlü humanitar aksiyalar həyata keçiririk. Belə ki, Almatı vilayətinin Kızılağaş şəhərində baş verən faciəli hadisələr zamanı bir sıra evlər tikdik və təmir etdik, bu kənddə yeni idman zalı və hamam kompleksi yaratdıq. Almatıda məşhur yazıçı Sabit Mukanovun adını daşıyan parkı yenidən qurduq. Qərbi Qazaxıstan vilayətində və Türküstan vilayətinin Maktaral rayonundakı daşqınların nəticələrinin aradan qaldırılmasında iştirak etdik. Qida və isti paltarları təmin etməklə, ilk tələb olunan yardım göstərdik, Türküstan vilayətinin Arıs şəhərində hərbi anbarın partlaması nəticəsində zərər çəkənlərə kömək etdik. Fəaliyyət göstərdiyim illər ərzində müxtəlif beynəlxalq və respublika konfranslarının və dəyirmi masaların iştirakçısı olmuşam. Bunun vacib olduğunu düşünürəm, çünki hamımız unutmamalıyıq ki, harada yaşayırıqsa, köklərimizi, ənənələrimizi, mədəniyyətimizi və tariximizi heç vaxt unutmamalıyıq. Hər zaman layiqli əməllərimizlə tarixi Vətənimizi şöhrətləndirməli, insanları qədim tariximiz və zəngin mədəniyyətimizlə tanış etməliyik. Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Eyni zamanda, biz unutmuruq ki, yaşadığımız ölkədə etdiyimiz hərəkətlər yalnız şəxsən bizim haqqımızda deyil, o cümlədən Azərbaycan xalqımız barədə təəssüratlar qoyur.

- Qazaxıstandakı Azərbaycan diasporu Azərbaycanla Qazaxıstan arasında qardaş münasibətlərinin qurulmasında mühüm amillərdəndir. Yəqin ölkələriniz arasında münasibətlərin necə qurulduğuna bələdsiniz. Azərbaycanla Qazaxıstan arasında mövcud əməkdaşlığı təsvir edə bilərsinizmi?

- Qazaxlarla azərbaycanlılar arasındakı münasibətlər uzun bir tarixə malikdir, Azərbaycan Qazaxıstan üçün qardaş, Qafqaz bölgəsində əsas tərəfdaşdır. Ölkələrimiz ikitərəfli ticarət və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verirlər. Hökumətlərarası komissiyası öz fəaliyyətini davam etdirir, mütəmadi olaraq biznes forumları keçirilir. Neft və qaz sahələrində ənənəvi əlaqələr gücləndirilir. Azərbaycanda Bakının küçələrindən birinə qazax xalqının dahi oğlu, maarifçi və mütəfəkkir Abay Kunanbayevin, Almatı şəhərində küçələrdən birinə isə şair Məhəmməd Füzulinin adı verilib. Bu yaxınlarda Bakıda Abay mədəniyyət günü, eyni zamanda Almatıda Azərbaycan mütəfəkkiri və şairi İmadəddin Nəsiminin mədəniyyət günü keçirilib. Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri və Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilir. Almatıdakı Qazaxıstan Milli Universitetində Heydər Əliyev adına muzey açılıb. Xalqlarımız arasındakı dostluğun xüsusi əlaməti bu idi ki, 2020-ci ilin noyabrında bir neçə qazax politoloq və kinorejissor Azərbaycana gedərək Dağlıq Qarabağdakı müharibədən bəhs edən sənədli film çəkdi. Film Almatıda və Nur-Sultanda nümayiş etdirildi. Filmin müəllifləri Azərbaycanın ədalətli mövqelərini müdafiə etdilər. Bu, xalqımıza olan xüsusi münasibətin və ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə daha bir töhfənin göstəricisidir.

- Yaxın gələcəkdə Qazaxıstanla dostluğumuzun perspektivlərini necə görürsünüz?

- Qazaxıstanla Azərbaycan arasında anlaşılmazlığa və ya fikir ayrılıqlarına səbəb olacaq heç bir siyasi məsələ yoxdur. İqtisadi əməkdaşlıqda hər şey çox yaxşı gedir, artım var, amma inanıram ki, bu istiqamətdə əməkdaşlıq potensialı tükənməyib və bunun üzərində çalışmalıyıq. 90-cı illərin əvvəllərində ölkələrimiz arasındakı əməkdaşlığın əsası Ulu Öndər Heydər Əliyev və Elbaşı Nursultan Nazarbayev arasındakı dostluğu olub. Günümüzdə bu kurs iki ölkənin prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir. Hesab edirəm ki, hazırda Qazaxıstan-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və "Azərbaycanlılar Assosiasiyası"nın idarə heyətinin rəhbəri olaraq, dost və iqtisadi münasibətlərimizin çiçəklənməsi və daha da möhkəmlənməsi üçün mümkün olan hər şeyi edəcəyəm.

Oxunma sayı 3079