Azərbaycanda ərzaq böhranı gözlənilirmi? - Araşdırma

12:41 23.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son dövrlər koronavirusla bağlı bəzi insanların panikaya düşərək mağazalardan kütləvi alış-veriş etməsi müşahidə olunur. Sosial şəbəkələrdə paylaşılan videolardan da görünür ki, ailələrin çoxu bir məhsuldan hətta 10-15 ədəd əldə ediblər.

Əslində son günlər ticarət mərkəzlərində, mağazalarda müşahidə olunan istehlakçı davranışına virusla bağlı dünyanın hər yerində rast gəlinir. Lakin mövcud şəraitdə insanların belə mərkəzlərdə kütləvi toplaşması, Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə uyğun deyil. Aidiyyəti qurumlar isə bəyan edirlər ki, hazırda əhalinin gündəlik təlabat  malları, o cümlədən qida məhsulları ilə təlabatının ödənilməsində heç bir problem yoxdur. Ölkə yerli ərzaq məhsulları ilə yanaşı, xaricdən idxal olunan yeyinti məhsulları ilə də tam təchiz olunub.

Ümumiyyətlə isə, iqtisadi təhlükəsizlik məsələsi daim Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilir. Hazırda koronovirus təhlükəsi ilə əlaqədar ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər isə yükdaşımalara şamil olunmur.

Digər tərəfdən, Prezident İlham Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamı ilə 2001-2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”, 2008-ci il 25 avqust tarixli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib, həmçinin digər sənədlər qəbul olunub. Bunlardan əlavə və ən əsası isə ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, sözügedən sahədə şəffaflığı artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək üçün dövlət başçısının 2017-ci il 10 fevral tarixli müvafiq fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda aqrar sektorda aparılan islahatların artıq real nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi sayəsində 2019-cu təsərrüfat ilində yüksək nəticələr əldə olunub: “Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir. Eyni zamanda, Aqrar sığorta mexanizminin işlənməsinə start verilmişdir. Əminəm ki, bu il bu məsələ də öz həllini tapacaq”.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normaları bunlardır:

Çörək və çörək məhsulları (una çevirməklə) - əmək qabiliyyətli yaşadək əhali üçün illik 100,5, əmək qabiliyyətli yaşda əhali üçün 136,8, əmək qabiliyyətli yaşdan yuxarı əhali 107,9 kq

Kartof- əmək qabiliyyətli yaşadək əhali üçün illik 42,0, əmək qabiliyyətli yaşda əhali üçün 54,8, əmək qabiliyyətli yaşdan yuxarı əhali 40,2 kq

Tərəvəz və bostan məhsulları- əmək qabiliyyətli yaşadək əhali üçün illik 100,7, əmək qabiliyyətli yaşda əhali üçün 97,2, əmək qabiliyyətli yaşdan yuxarı əhali 85,2 kq

Meyvə və giləmeyvə - əmək qabiliyyətli yaşadək əhali üçün illik 76,0, əmək qabiliyyətli yaşda əhali üçün 38,0 əmək qabiliyyətli yaşdan yuxarı əhali 32,0 kq

Ət və ət məhsulları- əmək qabiliyyətli yaşadək əhali üçün illik 29,6, əmək qabiliyyətli yaşda əhali üçün 32,9, əmək qabiliyyətli yaşdan yuxarı əhali 25,6 kq

Süd və süd məhsulları (südə çevirməklə)- əmək qabiliyyətli yaşadək əhali üçün illik 258,6, əmək qabiliyyətli yaşda əhali üçün 223,6, əmək qabiliyyətli yaşdan yuxarı əhali 233,8 kq

Balıq və balıq məhsulları- əmək qabiliyyətli yaşadək əhali üçün illik 8,0, əmək qabiliyyətli yaşda əhali üçün 7,7, əmək qabiliyyətli yaşdan yuxarı əhali 6,8 kq

Yumurta- əmək qabiliyyətli yaşadək əhali üçün illik 183,0, əmək qabiliyyətli yaşda əhali üçün 150,0, əmək qabiliyyətli yaşdan yuxarı əhali 100,0 kq

Şəkər və qənnadı məmulatları (şəkərə çevirməklə)- əmək qabiliyyətli yaşadək əhali üçün illik 19,7, əmək qabiliyyətli yaşda əhali üçün 16,9, əmək qabiliyyətli yaşdan yuxarı əhali 15,8 kq

Bitki yağları, marqarin və digər piylər- )- əmək qabiliyyətli yaşadək əhali üçün illik 7,0, əmək qabiliyyətli yaşda əhali üçün 10,9, əmək qabiliyyətli yaşdan yuxarı əhali 8,4 kq

Kərə yağı- əmək qabiliyyətli yaşadək əhali üçün illik 6,0, əmək qabiliyyətli yaşda əhali üçün 7,0, əmək qabiliyyətli yaşdan yuxarı əhali 5,8 kq .

Respublikada əsas növ ərzaq məhsulları ilə təminatda idxaldan asılılıq və özünütəminetmə səviyyəsi isə belədir:

Təmizlənmiş düyü- 80,6  (özünütəminetmə -19,4 faiz)

Un (bütün növləri)- 4,4 (özünütəminetmə -95,9 faiz)

Yarmalar (bütün növləri)- 73,8 (özünütəminetmə -26,2 faiz)

Tərkibində sirop, yumurta, pendir və ya meyvə cemi olmayan təzə çörək-  0,01 (özünütəminetmə -99,99 faiz)

Makaron məmulatları- 76,0 (özünütəminetmə -28,7 faiz)

Şəkərli-unlu qənnadı məmulatları- 80,2 (özünütəminetmə -25,6 faiz)

Bitki yağları-72,7 (özünütəminetmə -34,3 faiz)

Marqarin- 6,9 (özünütəminetmə -98,8 faiz)

Meyvə və tərəvəz şirələri- 13,0 (özünütəminetmə -117,9 faiz)

Meyvə və tərəvəz konservləri- 14,1 (özünütəminetmə -90,4 faiz)

Yağlılığı 1-6 faiz olan süd və qaymaq- 1,0 (özünütəminetmə -99,1 faiz)

Yağlılığı 6 faizdən çox olan süd və qaymaq- 5,7 (özünütəminetmə -94,3 faiz)

Kərə yağı- 29,4 (özünütəminetmə - 71,3 faiz)

Bütün növ pendirlər- 13,2 (özünütəminetmə -87,9 faiz)

Qatıq, qaymaq, yoqurt və s. məhsullar- 5,9 (özünütəminetmə -94,7 faiz)

Şəkər istehsalı üçün xammal- 90,8 (özünütəminetmə -9,2 faiz)

Şəkər- 37,9 (özünütəminetmə -81,7 faiz)

Çay- 62,1 (özünütəminetmə - 44,6 faiz)

Duz- 26,0 (özünütəminetmə -103,1 faiz)

Şirinləşdirilməmiş mineral və qazlı sular- 3,8 (özünütəminetmə -96,6 faiz)

Şirinləşdirilmiş mineral və qazlı sular- 22,3 (özünütəminetmə -77,8 faiz)

Bütün növ mal-qara və quş əti- 17,5 (özünütəminetmə -82,7 faiz)

mal əti və ət məhsulları – 15,0 (özünütəminetmə -85,1 faiz)

qoyun (keçi) əti və ət məhsulları – 2,1 (özünütəminetmə -98,1 faiz)

quş əti və ət məhsulları – 24,4 (özünütəminetmə -75,9 faiz)

Süd və süd məhsulları- 13,8 (özünütəminetmə -86,7 faiz)

Yumurta – 1,1 (özünütəminetmə -101,5 faiz)

Balıq və balıq məhsulları – 17,6 (özünütəminetmə -83,1 faiz)

Qeyd edək ki, Azərbaycanda hər il ərzaq balansının tərtib olunması aşağıdakı məhsul növləri üzrə aparılır: buğda, sair dənlilər, dənli paxlalılar, un, çörək və çörək məmulatları, düyü, kartof, soğan, tərəvəzlər, bostan məhsulları, meyvə və giləmeyvələr, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları, kərə yağı, çay və s.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, ərzaq balanslarının təhlili onu göstərir ki, ölkədə ərzaq bazarında vəziyyət qənaətbəxşdir:

“Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır və bu sahədə ehtiyatlarımız son illər 1-1,2 milyon ton olub. Bir qayda olaraq dənlilər üzrə ilin əvvəlinə qalıq, ərzaq məhsullarının istehsalı üçün istifadə edilən məhsulun 40 faizindən çox olur. 2019-cu ildə kartofla özünü təminetmə səviyyəsi 87,8 faiz olub. Azərbaycanda kartof üzrə də ilin əvvəlinə qalıq, həmişə ərzaq kimi istehlak olunan məhsulun 70 faizindən çox olur. Ölkəmizdə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 112 faiz, bostan məhsulları üzrə 100,8 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, ət və ət məhsulları üzrə 82,5 faiz, yumurta üzrə 101,8 faiz, süd və süd məhsulları üzrə 86,2 faiz, duz üzrə 111,4 faiz və çörək və çörək məmulatları üzrə 100 faizdir. Bütün növ ərzaq məhsulları üzrə ehtiyatlarımız kifayət qədərdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov da bildirib ki, ölkəyə məhsulların, o cümlədən, ərzaq məhsullarının gətirilməsində heç bir çətinlik yoxdur. Üstəlik, dövlətin də ərzaq ehtiyatları var ki, istənilən fors-major halında əhalinin təminatı həyata keçirilə bilər".

Mərkəzin icraçı direktoru qeyd edib ki, nüfuzlu beynəlxalq qurumların hesabatlarına əsasən, son illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib: "Bu baxımdan, "The Economist Group" tərəfindən hazırlanan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksinə (The Global Food Security Index) baxmaq kifayətdir. Bu hesabata əsasən son 7 il ərzində Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə edilib. Hesabata görə bu yüksəliş 7 il ərzində 12,7 faiz bəndi təşkil edib, ölkəmiz bu göstərici üzrə siyahıya liderlik edir. Məlumat üçün qeyd edək ki, digər ölkələr üzrə bu göstərici ən yaxşı halda 6-7 faiz olub. 2019-cu ildə Azərbaycan bu hesabatda daha 3 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Hazırda Azərbaycan ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunur. Həmçinin ölkəmiz bu reytinqdə keçmiş SSRİ-yə daxil olan bir çox respublikanı qabaqlayıb. Qeyd edək ki, sözügedən hesabata əsasən son 7 il ərzində qlobal ərzaq təhlükəsizliyi indeksi üzrə Azərbaycanda müşahidə olunan artım dünya üzrə ən yüksək nəticədir. Hətta son 7 ildə hesabatın əhatə olunduğu 113 ölkənin bir hissəsində bu göstərici mənfi olub. Azərbaycan isə ardıcıl olaraq qlobal ərzaq təhlükəsizliyi indeksində mövqeyini yaxşılaşdırıb".

Oxunma sayı 99