Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ordumuza dəstək bəyanatı yayıb

12:39 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə bağlı bəyanat yayıb.

Hafta.az xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan Ordusunun gücünə, qüdrətinə inanırıq. Yaşadığımız bu günlərdə erməni vandallarının işğalçılıq siyasətini yeritdikləri bir daha sübut olundu. Hansı ki, 2016-cı ilin aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradılıb. Bundan nəticə çıxarmayan mənfur erməni silahlı birləşmələri yenə də öz iyrənc niyyətlərini həyata keçirməyə cəhd etdilər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib ki, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətdib. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cəbhədəki düşmən təxribatı ilə bağlı “Instagram” hesabında paylaşım edərək bildirib: “Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub”.

Ermənistanın növbəti təxribatından və onların bütün cəbhəboyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı Ordumuzun əks hücumu nəticəsində düşmənə layiqli cavab verilib. Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində uzun illər işğal altında olan Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. Bu qələbələr bizi çox sevindirir.

Otuz ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistan silahlı qüvvələri yenidən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədərək, hərbi əməliyyatlara başlamış, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutmaqla mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf seçir, nəticədə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində həlak olanlar və yaralıların olması hamı kimi qadın sahibkarlarını da dərindən sarsıtdı.

Sahibkar qadınlar adından qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımızın tezliklə sağalmasını arzulayırıq. Əlbəttə ki, ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə lazımi cavab verilir. Bu hadisələrlə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı çıxış edərək bildirdi: “Heç kəsə sirr deyil ki, Tovuz hadisələrində olduğu kimi bu dəfə də ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geri atmayacaq”.

Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyirik.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına daxil olan müraciətlərdə qadın sahibkarlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd edirlər. İnanırıq ki, xalqımız, o cümlədən qadın sahibkarlar da hərbi vəziyyət elan olunması ilə bağlı olan Fərmanının tələblərinə əməl edərək qələbə üçün bütün imkanları səfərbər edəcəklər.

AQSİA olaraq, hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində, erməni təxribatına qarşı həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edərək əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, hərbi potensialının gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün fəallıq nümayiş etdirməklə var gücümüzlə çalışacağıq.

Belə mürəkkəb şəraitdə Azərbaycanda Qadın Sahibkarlıgının İnkişafı Assosiasiyasının üzvləri və “Bakı Tekstil Fabriki”nin kollektivi adından beynəlxalq ictimaiyyəti Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa və Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırmağa çağırırıq. Bu gün hamının düşüncəsi bütünlüklə Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna köklənib. Bu köklənmə vətənsevərlikdir, Azərbaycan əsgərinin gücünə, qüdrətinə inamdır, Ali Baş Komandanın əmri ilə döyüşən hərbi qulluqçularımıza vətəndaş xeyir-duasıdır. Yurdumuzun hər qarışı bizim üçün əziz və doğmadır. Xalqımız qəhrəman, cəsur xalqdır. Vətənə xidmət etmək, onu qorumaq bizim müqəddəs və şərəfli borcumuzdur. Bu borcu ləyaqətlə yerinə yetirdiyimizə görə qürurluyuq. Əminik ki, rəşadətli ordumuz torpaqlarımızı erməni işğalçılarından təmizləyəcək”.

Oxunma sayı 1128