Azərbaycanda qısamüddətli hava proqnozları daha dəqiq hazrlanacaq

18:44 26.08.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın "Baron" şirkətinin Azərbaycanda "Vahid milli hidrometeoroloji sistemin yaradılması" Proqramı çərçivəsində quraşdıracağı Hava Radar Sisteminin təqdimatı keçirilib. Qeyd edək ki, bu proqramla Azərbaycanda dopler radar müşahidə sistemi tətbiqinə başlanılır.

“Baron” şirkətinin nümayəndəsi Brıan Bellevin dediyinə görə, bu sistem meteoroloji prosesləri və bulud sistemlerinin 3D formatında vizullaşdırılmasına imkan yaradacaq: "Digər sistemlər buna imkan vermir. Bizim firma dünyada ən qabaqcıl radar sistemi istehsal edir. Dopler radar sistemlərimiz ölkədə bütün hidrometeoroloji müşahidə sistemini vahid şəbəkədə birləşdirmək imkanı yaradır".

Şirkət nümayəndəsi onu da bildirib ki, dopler radar sistemi meteorologiya sisteminə yararlı olacaq: "Sistemin əsas funksiyalarından biri, təbii hadisələri öncədən əldə edib ictimaiyyətə məlumat verməkdir. Bu, ən son mövcud olan texnologiyadır ki, bununla da dəqiq və vacib məlumatları vermək olacaq".

O deyib ki, sistem vasitəsilə iki saat qabaqcadan yağıntının neçə mm düşmə ehtimalını, dolunun diametrini də ehtimal etmək olar. B. Bellev bu səbəbdən sistemi kənd təsərrüfatı üçün də vacib sayıb.

Baron” şirkətinin nümayəndəsi Sergey Brayl isə öz açıqlamasında bildirib ki,

Milli Hidrometeorologiya Departamenti ilə bağladıqları müqaviləyə əsasən, dopler radar sistem ilin sonuna kimi Azərbaycana çatdırılacaq və 2020-ci ilin birinci rübündə quraşdırma tam başa çatacaq. Onun sözlərinə görə, radarın radiusu 250 kilometr, yağıntılar zonasının hündürlüyü isə 6 kilometri əhatə edəcək: "Bütün əraziləri əhatə etmək üçün xüsusi prinsipdən istifadə olunur. Əgər düzənlikdirsə, quraşdırılacaq qüllələrin məsafəsi 400 kilometri əhatə edəcək. Bütün ölkəni əhatə etmək üçün mürəkkəb və çətin hesablamalara ehtiyac var. 250 kilometr deyən zaman biz dənizi də nəzərdə tuturuq. Ona görə, bu cihaz sahildə də quraşdırılmalıdır. Hətta qonşu ölkədən hava axınını görmək üçün sərhəddə də quraşdırılmasına ehtiyac var. Bütün bunları etmək üçün vaxt lazımdır".

Mütəxəssis qeyd edib ki, cihaz Azərbaycanda sentyabrda sınaqdan keçiriləcək: "Daha sonra radar məlumatlarını oxuya bilmələri üçün, biz radar mütəxəssisləri və meteoroloqlara təlimlər keçəcəyik. Sistem istismara verildikdən sonra real məlumatları öyrətmək üçün də təlim keçiriləcək".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva isə deyib ki, dopler radar sistemi dünyada geniş istifadə olunur: “Bu sistemin tətbiqi Milli Hidromoteorologiya xidməti üçün rahatlıq yaradacaq. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə daha hazır olmaq imkanı yaradır və texniki imkanlarımız bununla güclənir. Belə bir sisteminin dünyada alternativi yoxdur".

U.Tağıyevanın sözlərinə görə, bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək: "Bu sistem 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış, daha dəqiq formada verilməsini  təmin edir. İndiyə qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi dəqiqliklə deyə biləcəyik ki, regionlar üzrə hansı təbii proseslər qeydə alınacaq. Bu günə kimi bu dəqiqliyi demək çətin idi".

U.Tağıyeva qeyd edib ki, dopler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq: "Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Dəqiqliyi təmin etmək üçün iki dopler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın beş regionunda quraşdırılacaq. Bütün işlər dövlət investisiyası ilə reallaşır. Dopler radar sistemi yerli qurumları hava ilə bağlı daha dəqiq xəbərdarlıq etməyə imkan yaradacaq".

Qeyd edək ki, “Baron” radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.

Yeri gəlmişkən, dünyada mövcud olan 13 iqlim qurşağından yalnız 2-si Azərbaycandadır. Belə ki, subtropik ölkənin 65 faizini, mülayim isə 35 faizini əhatə edir. Azərbaycan mövcud olan 2 iqlim qurşağının daxilində aşağıdakı iqlim tipləri mövcuddur:

1) Yarımsəhra və quru çöl iqlimi. Mərkəzi Aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonasını, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 42 °C-dən yuxarı olur.

2) Qışı quraq keçən mülayim-isti iqlim. Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200–500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400–1500 m hündürlükdə) yayılmışdır. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir.

3) Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur.

4) Qışı quraq keçən soyuq iqlim. Böyük Qafqazın şimal-şərq yamacında (1000–2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400–2700 m) hissəsindədir. Yayı sərin, qışı nisbətən az sərt keçir.

5) Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000–3000 m) əhatə edir. Qışı soyuq və qarlı, yayı sərindir.

 

6) Yağıntısı bərabər paylanan mülayim-isti iqlim. Böyük Qafqazın cənub (600–1500 m) və şimal-şərq (200–500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. Qışı yumşaq, yayı mülayim-istidir.

7) Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. Yalnız Böyük Qafqazın cənub yamacı (1500–2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. Qışı soyuq, yayı sərindir.

8) Dağlıq tundra iqlimi. Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən, Azərbaycanda hava temperaturunun rejimi hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14-15 °C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4-5 °C, 3000 yüksəklikdə isə 1-2 °C-dir.  İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26-27 °C, digər düzənliklərdə və dağətəyi ərazilərdə 24 °C-dən aşağı düşmür. İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0 °C-dən aşağı düşmür. Abşeron adası və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda  hətta 3-4 °C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6 °C (Naxçıvan MR-da -7 °C), 3000 m-də isə  təqribən -12-13 °C-dir. Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14-16 °C, 3000 m-də 8-10 °C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46 °C) və minimum (-32 °C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilib.

Azərbaycanda atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150–200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür. Respublika ərazisində maksimum yağıntı isə Lənkəran rayonunun Gəgəran kəndinə düşüb.

Oxunma sayı 46