Azərbaycanda səhralaşma problemi

20:41 15.07.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə bu problemin qarşısının alınması məqsədilə hansı tədbirlər həyata keçirilir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin müavini, BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının Baş Katibi İbrahim Tyao ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər barədə fikir mübadiləsi aparılıb. Həmçinin bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Buna görə Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxsılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998-ci il 24 aprel tarixində "Səhralaşmaya qarşı mübarizə" Beynəlxalq Konvensiyasına qoşulub. Dünyanın 170 ölkəsinin qoşulduğu Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

Məlumat üçün bildirək ki, Yer kürəsinin 30 faizini tutan meşələr yalnız ərzaq təhlükəsizliyi və sığınacaq rolu oynamır, həm də iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir, bioloji müxtəlifliyi saxlamağa və əhalinin gün-güzəranını təmin edir. Hər il 13 milyon hektar meşə sahəsinin sıradan çıxması və torpaqların deqradasiyası 3,6 milyard hektar ərazinin səhralaşmasına səbəb olur. Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji və sosial-iqtisadi problemdir və onun yaranmasının əsas səbəbi antropogen faktorlar və iqlim dəyişkənliyidir. Həmin problem Yer kürəsi əhalisinin 250 milyon nəfər sakininə təsir edir və təqribən yüzdən artıq ölkədə bir milyarddan çox əhalinin həyatını təhlükə altına qoyur. Onlar dünyanın ən kasıb və siyasi cəhətdən ən zəif ölkələrində yaşayırlar.

Birləşmiş Millətlər Təşkilatının Konvensiyasında tərəflərin ümumi öhdəliklərinə gəlincə, tərəflər bu Konvensiya üzrə öhdəliklərini, əsas diqqəti bütün səviyyələrdə uzunmüddətli strategiyanın hazırlanması və cəhdlərin əlaqələndirilməsinin vacibliyinə yönəldərək, şəraitdən asılı olaraq və mövduc və yaxud gələcək iki tərəfli və çoxtərəfli müqavilələrdə, yaxud belələrinin qarşılığında fərdi və yaxud birlikdə yerinə yetirir. Səhralaşma və quraqlıq proseslərinin fiziki, bioloji və sosial-iqtisadi amillərinə münasibətdə kompleks yanaşmanı qəbul edir, sabit inkişafın məqsədlərini əldə etməyə yardım edən əlverişli beynəlxalq iqtisadi ab-havanın yaradılması üçün, beynəlxalq ticarətə və marketinq haqqında müqaviləyə aid məsələlərdə toxunulan inkişaf etməkdə olan ölkələrin-Konvensiyanın tərəflərinin vəziyyətinə uyğun beynəlxalq regional təşkilatlar çərçivəsində xüsusi diqqət yetirilir. Bundan başqa, səhralaşma ilə mübarizəyə və quraqlığın nəticələrinin yüngülləşdirilməsinə, yoxsulluğun aradan qaldırılmasına yönəldilmiş strategiyanı həvəsləndirir, subregional, regional və beynəlxalq əməkdaşlığı möhkəmləndirir və uyğun hökumətlərarası təşkilatlarla əməkdaşlıq edirlər.

Konvensiyanın Tərəflərinin xüsusi öhdəlikləri də var. Belə ki, bu ölkələr

səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin zəiflədilməsinə birinci növbəli diqqət yetirmək və onları özünəməxsus şəraitləri və imkanlarına uyğun olan bərabər ehtiyatlar ayırmaq, səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin zəiflədilməsi üzrə sabit inkişaf planları və strategiyası çərçivəsində strategiya hazırlamaq və prioritetləri müəyyənləşdirmək, səhralaşmanın əsasını təşkil edən səbəblərin aradan qaldırılması məsələlərinə baxmaq və səhralaşma prosesinin inkişafına şərait yaradan sosial-iqtisadi amillərə xüsusi fikir vermək, yerli əhalinin məlumatlandırılmasının təmin edilməsinə yardım etmək və səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin aradan qaldırılmasında onun, xüsusilə də qeyri-dövlət təşkilatlarının yardımı ilə qadınların və gənclərin iştirakını təmin etmək kimi öhdəliklərə malikdirlər.

Konvensiyaya əsasən, Milli Fəaliyyət proqramlarının məqsədləri ondan ibarətdir ki, səhralaşmaya şərait yaradan amillər və səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin zəiflədilməsi üçün lazımi praktik tədbirləri müəyyən etsin. Milli Fəaliyyət proqramlarında hökumətin, yerli ictimaiyyətin və torpaqdan istifadə edənlərin uyğun rolları göstərilir və tələb olunan ehtiyatlar müəyyən edilir. Həmçinin milli hərəkət proqramı, o cümlədən quraqlığın zəiflədilməsi üzrə bütün aşağıdakı tədbirləri və yaxud onlardan bəzilərini özünə daxil edə bilər:

  1. a) şəraitdən asılı olaraq ilkin xəbərdarlıq sistemlərinin, yerli və milli vasitələr daxil olmaqla, həmçinin ekoloji nöqteyi-nəzərdən köçürülmüş şəxslərə subregional və regional səviyyələrdə yardım göstərilməsi mexanizminin birgə sistemlərinin yaradılması və yaxud möhkəmləndirilməsini;
  2. b) həm mövsümü və həm də illərarası iqlim proqnozlarını nəzərə almaqla yerli, milli, subregional və regional səviyyələrdə quraqlıqla mübarizənin fövqəladə planları daxil olmaqla quraqlığa və onun nəticələrinin aradan qaldırılmasına hazırlığın potensialını artırmaq;
  3. c) xüsusilə kənd rayonlarında, yığım və satış vasitələri də daxil olmaqla, şəraitdən asılı olaraq ərzaq təhlükəsizliyi sisteminin yaradılması və yaxud möhkəmləndirilməsi;
  4. d) quraqlığa məruz qalmış rayonlarda gəlirlərin alınmasını təmin edə biləcək alternativ yaşayış vasitələri mənbələri üzrə layihələrin hazırlanması;
  5. e) həm əkinçilikdə və həm də heyvandarlıqda etibarlı süni suvarma sistemlərinin işlənib hazırlanması.

Bu gün Azərbaycanda səhralaşma prosesinin sürətləndiyini yerli mütəxəssislər də təsdiqləyirlər. AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə deyib ki, səhralaşma Mil-Muğan bölgəsinin cənub-şərq hissəsində müşahidə olunur və getdikcə intensivləşir: "Bu prosesin qarşısını almağın ilkin yolu həmin ərazilərdə çoxlu sayda ağacların əkilməsidir, orada geniş yaşıllıqlar salınmalıdır".

Akademikin sözlərinə görə, Azərbaycanda müşahidə olunan səhralaşmanın səbəbi iqlim dəyişikliyi və insan fəaliyyətidir: "Hazırda Mil-Muğan bölgəsində otarmalar normadan dəfələrlə artıqdır. Əgər müəyyən əraziyə 5 qoyun düşməlidirsə, orada 20 qoyundur. Qoyun sürüsü harada gəzərsə, həmin yerdə yaşıllıq əmələ gəlmir, səhralaşma gedir. Əgər tez bir zamanda bunun qarşısı alınmazsa, səhralaşma getdikcə artacaq, özü də bu tək ekoloji deyil, həm də sosial problemə çevriləcək. Getdikcə torpağın münbitliyi məhv olur, bitki yetişmir və nəticədə insanlar həmin ərazilərdən köçürlər”.

Ölkəmizdə səhralaşmanın qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə gəlincə, bununla bağlı müvafiq dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilir. Belə ki, ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı"na, "Meşələrin artırılması və bərpa olunmasına dair" və "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli proqramlara uyğun olaraq müvafiq işlər görülür. Ümumilikdə hər il ölkə ərazisində 10 min hektardan artıq meşəbərpa işləri aparılır. Proqramlarda nəzərdə tutulmuş normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və zəruri təşkilati tədbirlərin həyata keçirilməsi, aqrar bölmə üzrə mərkəzi və yerli idarəetmə orqanlarının struktur və funksiyalarının təkmilləşdirilməsi üzrə müvafiq işlər aparılıb. Yay və qış otlaqları massivləri üzrə yaxşılaşdırma tədbirlərinin, bu sahədə elmi-tədqiqat işləri, kadr hazırlığı, idarəetmənin yeni iqtisadi münasibətlərə uyğun aparılmasının təmin edilməsi istiqamətində tədbirlər görülüb.Yay və qış otlaqlarının mövcud vəziyyətinin araşdırılması, şiddətli eroziyaya və şoranlaşmaya məruz qalmış ərazilərin dəqiqləşdirilməsi və xəritələşdirilməsi, eləcə də torpaq kadastrı və qeydiyyat sisteminin yaradılması üzrə işlər davam etdirilir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 29