Azərbaycanda yeni yaşıllıq zolaqları salınacaq

17:09 06.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində bununla bağlı sorğu keçiriləcək

“Təbiəti hər bir vətəndaş qorumalıdır. Bütün Azərbaycan vətəndaşları, yəni uşaqdan tutmuş böyüyədək hər kəs təbiətin könüllüləridir. Hər kəs təbiətə olan sevgisini söz ilə deyil, əməli ilə göstərməlidir”. Bunu jurnalistlərə müsahibəsində Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, ötən ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində, ümumilikdə 2 milyona yaxın ağac əkilib. Bu il isə daha çox ağac əkmək planlaşdırılır.

Nazirliyin yaşıllaşdırma işlərinin aparılmasında ictimaiyyətin dəstəyinə maraqlı olduğunu bildirən nazir müavini deyib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində “Hansı əraziləri yaşıllaşdırmaq istəyirsiniz” sualı altında sorğu keçiriləcək. Vətəndaşlar yaşıllaşdırmaq istədikləri ərazilərin adlarını bu sorğularda açıqlaya, biz də həmin əraziləri vətəndaşların öz iştirakı ilə yaşıllaşdıra bilərik.

F.Əliyev bildirib ki, ötən il Azərbaycanın bütün regionlarında, o cümlədən Abşeron yarımadasında da yaşıllaşdırma işləri görülüb: “Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisini sağlamlaşdırdıq, damcılı suvarma sistemi quraşdırdıq və yerli şəraitə uyğun 55 minə yaxın ağac əkdik. Əkilən ağacların bitiş faizi 95 faizdir. Onların suvarılması üçün damcılı suvarma sisteminin quraşdırılması həm suya qənaətdir, həm də ağacların yüksək bitişinə zəmin yaradır”.

O qeyd edib ki, bu il Suraxanı rayonunda daha 200 hektara yaxın ərazidə yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulub: “Bu il BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) maliyyə dəstəyi hesabına Abşeron rayonunun Ceyranbatan qəsəbəsində müasir standartlara cavab verən böyük tingçilik təsərrüfatı yaradılacaq və orada il ərzində 1,2 milyon yüksəkkeyfiyyətli ting tədarük olunacaq. Burada yetişdirilən tinglər ölkəmizin yaşıllaşdırılmasında istifadə olunacaq. Artıq tingçilik təsərrüfatının yaradılması istiqamətində işlərə başlanılıb. Payız mövsümündə onun istifadəyə verilməsi nəzərdə tutulur. Digər tərəfdən, bildiyimiz kimi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il “Könüllülər ili” elan olunub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Könüllülər qərargahı” yaradılıb. “Könüllülər ili” çərçivəsində görüləcək işlər artıq planlaşdırılıb. Düşünürəm ki, könüllülər hərəkatının geniş vüsət alması ekologiya və ətraf mühit məsələlərinə də töhfə verəcək. Bu il könüllülərin iştirakı ilə ekologiyanın sağlamlaşdırılması istiqamətində bir çox işlər görüləcək”.

Yeri gəlmişkən, yaşıllaşdırma şəhərsalma siyasətinin mühüm tərkib hissəsi olaraq şəhər və şəhərətrafı ərazilərdə ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir. Son illər xüsusilə Bakı şəhərində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə kəskin ehtiyac yaradıb. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadratmetr təşkil edir. Bu baxımdan mütəxəssislər hesab edirlər ki, yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi hallarının olması yolverilməzdir.

Ekspertlər vurğulayırlar ki, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda mümkündür.

Mütəxəssislər hesab edirlər ki, yaşıllaşdırma, meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılmasına nail olunacaq.  Müasir ekoloji tələblərə görə isə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir. Ölkəmiz üzrə bu rəqəm təxminən12 faizə bərabərdir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi diqqət yetirilir. Təkcə bir faktı xatırlayaq ki, 2010-cu ildə - "Ekologiya ili"ndə ölkəmizdə 20 milyondan çox ağac əkilib. Sonraki illərdə də bu tendensiya davam etdirilib və etdirilməkdədir.

Xatırladaq ki, Azərbaycanda çox iri və iri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7 kv.m olmalıdır. Bu normalar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda öz əksini tapıb.  Sənədə görə, normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir. Normalara əsasən, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi isə həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Məlumat uçun xatırladaq ki, Azərbaycanın dövlət əhəmiyyətli meşə fondunun ümumi sahəsi 1159,2 min hektardır, o cümlədən meşə ilə örtülü 935,5 min ha, ümumi oduncaq ehtiyatı isə 124,54 min m3-dir. Ümumiyyətlə meşə sahələrinə və oduncağın ehtiyatına görə Azərbaycan azmeşəli (meşəsi çatışmayan) respublikadır. Burada hər adambasına 0,14 ha meşə sahəsi və 18,4 m3 oduncaq düşür. Respublika ərazisinin meşəliliyi 11,4 faizdir və onlar ərazidə heç də bərabər şəkildə yerləşməyib. Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min ha, Qarabağda 187,7 min ha, Talışda isə 139,7 min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-43faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvan MR-da isə 0,4 faiz təşkil edir.

Araşdırmalara görə, respublikada meşələrin əhali üçün rekreasiya məqsədlərilə istifadəsinin geniş perspektivləri vardır. Belə ki, meşələrin nəhəng oksigen istehsaledici qüvvəsi, təbiətdə rast gəlinən ayrı-ayrı mənfi halları və antropogen təsiri yox etmək və ya azaltmaq (sel axınlarının, güclü küləklərin, ciddi mənfi hərarətin, günəşin yüksək şüalanmalarının, hava hövzəsinin, torpağın, suyun çirklənməsinin, səs-küyün qarşısını almaq) qabiliyyəti inkaredilməzdir. Eyni zamanda havanı tozdan, küləkdən, tüstüdən, hısdən və s. kimi insanlara ziyan verən qarışıqlardan təmizləməkdə meşələrin çox böyük sağlamlaşdırıcı rolu mövcuddur. Müəyyən edilib ki, 1 hektar palıd meşəsi gün ərzində 56 ton, fıstıq meşəsi 68 ton, şam meşəsi 38 ton tozu öz çətirləri (yarpaqları) arasından süzdürür və tozdan təmizləyir. Bir sözlə, respublikanın meşələri təmiz və müalicəvi havanın əsl mənbəyidir, onu oksigenin aktiv forması ilə zənginləşdirir. Meşələr özlərinin müalicəvi və estetik xüsusiyyətləri ilə insanların yüksək dərəcədə iş qabiliyyətini təmin etməyə, səhhətlərini və uzunömürlülüyünü qorumağa qadirdir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı