Azərbaycanda zubrların sayı 14-ə çatıb

19:15 04.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində davamlı olaraq müvafiq işlər görülür. Artıq bu istiqamətdə həyata keçirilən işlər uğurlu nəticələr verməkdədir. Məsələn, İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədovanın sözlərinə görə, artıq zubr balalarının sayı ikiyə çatıb: "Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub. Şahdağ Milli Parkı ilə İDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 14-ə çatıb".

Xatırladaq ki, 2012-ci ilin sonlarından etibarən zubr (bizon) növünün ölkəmizin vəhşi təbiətinə introduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında bu sahədə imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş bizonların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 12 baş bizon gətirilib. 2020-ci ildə daha 8 bizonun ölkəmizə gətirilməsi planlaşdırılır.

Məlumat üçun onu da vurğulayaq ki, vaxtilə Avrasiyada çox geniş yayılan zubrların ötən əsrin əvvəllərindən etibarən nəsli kəsilməyə başlayıb. Vəhşi təbiətdə demək olar ki, bu heyvanlara artıq çox az rast gəlinir. Qafqaz dağlarında isə sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan az sayda zubrlar var ki, onların da böyük əksəriyyəti zooparklarda saxlanılır. Bu yolla onların sayının artırılmasına çalışılır. Dağ kəli də adlandırılan bu heyvanlar qışda söyud, qovaq və s. ağacların qabığını, həmçinin ağac və kolların zoğ və tumurcuqlarını, yayda isə ot və yarpaq yeyir. Sürü ilə yaşayır. Tarixi dövr ərzində dağ kəli Mərkəzi Avropa meşələrində və Rusiyanın Avropa hissəsinin qərbində yayılıb. XX əsrədək vəhşi dağ kəlilərinin yalnız Rusiyada 2 yarımnövü — Belovejskaya puşşada (100 baş təmizqanlı dağ kəli) düzənlik, Belovejsk dağ kəli və Şimal-Qərbi Qafqazın dağ meşələrində dağ, Qafqaz zubru qalmışdı. Qafqaz dağ kəlisinin erkəyi ilə Belovejsk dağ kəlisinin dişisindən Qafqaz—Belovejsk dağ kəlisi alınmışdır. Zubrların sayını bərpa etmək məqsədi ilə xüsusi məntəqalər yaradılmışdır. 25 ölkədə, o çümlədən ABŞ və Kanadada yetişdirilir. Rusiyada Okaboyu-Terras və Oka (Rusiya Federasiyasının Ryazan vilayəti) qoruqlarında, Polşada dağ kəli yetişdirilməsi daha müvəffəqiyyətlə həyata keçirilir. Artıq Belovejskaya puşşada, Karpatda və Qafqazda vəhşi dağ kəlilərinin yeni sürüləri yaradılıb.Zubrlar saatda ən azı 80 kilometr sürətlə qaçırlar. Ancaq onları başqalarından fərqləndirən ən əsas məqam zubrların bu sürətlə sürü şəklində qaçmalarıdır.

Yeri gəlmişkən, araşdırmalara görə, son 27 ildə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan heyvanların sayı 2 dəfə artıb, növbəti illərdə isə prosesin daha da sürətlənəcəyi gözlənilir.“Qırmızı kitab”ın 1989-cu ilin nəşrinə ümumilikdə 107 növ heyvan adı (40 növ həşərat, 5 növ balıq, 5 növ amfibi, 7 növ sürünən, 36 növ quş, 14 növ məməli heyvan) daxil edilsə də, kitabın 2013-cü il nəşrinə 223 növ heyvan salınıb. Ötən müddət ərzində azalma ən çox məməlilər, quşlar, balıqlar arasında qeydə alınsa da, daha təhlükəli vəziyyət məməli heyvanlarla bağlıdır. Qərb alimləri isə apardıqları uzun araşdırmalar nəticəsində müəyyən ediblər ki, planetimizdə ciddi iqlim dəyişiklikləri və insan fəaliyyəti üzündən təxminən 8600 heyvan növü nəsli kəsilmək təhlükəsilə üzləşib. Mütəxəssislər bildirirlər ki, nadir heyvanların 72 faizi insanın kənd təsərrüfatı fəaliyyəti nəticəsində məhv ola bilər. Bundan başqa, bir çox fauna da ov ucbatından məhv olmaq təhlükəsilə üzləşib. Alimlərin fikrincə, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasına dair təcili tədbirlərin siyahısı hazırlanmalı və bunun üçün lazımi vəsait ayrılmalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin  sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində bir sıra tədbirlər planı nəzərdə tutulub. Tədbirlər planında təhsilin bütün pillələrində ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, ekosistem xidmətləri ilə əlaqədar məsələlərin tədrisinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunması üzrə resurs, informasiya və təlim mərkəzlərinin yaradılması, insan resurslarının bilik və bacarıqlarının artırılması üçün texniki potensialın gücləndirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm potensialı ilə bağlı məlumat bazasının genişləndirilməsi, təbiət abidələrinin inventarlaşdırılmasının həyata keçirilməsi, reklam xarakterli infoturların keçirilməsi, milli parklarda ekoloji turizmlə məşğul olan turoperatorların müəyyən edilməsi, media nümayəndələri, yerli və xarici turistlər üçün infoturların keçirilməsi nəzərdə tutulur. Tədbirlər planına görə, bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi,

bitki və heyvan növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron məlumat bazasının yaradılması, bioloji müxtəliflik üzrə İnformasiya və Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması, bioenerji resurslarının dəqiq uçotunun aparılması, Azərbaycan Respublikasının daxili sularında, sərhəd sularında və Xəzər dənizinin Azərbaycan sektorunda bioloji müxtəliflik komponentlərinin idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və məişət tullantıları ilə çirklənmənin qarşısının alınması, böyük yaşayış məntəqələri ətrafındakı su hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına dair tədbirlərin hazırlanması həyata keçirilməlidir.

Sənəddə habelə, bioloji müxtəlifliyin davamlı inkişafına təsir edən amillərin öyrənilməsi, antropogen təsirlərə məruz qalan torpaqlarda meşəbərpa zonalarının və süni meşəliklərin yaradılmasına dair təkliflər hazırlanması və pilot layihələrin həyata keçirilməsi, otlaqların idarə olunmasında qabaqcıl təcrübənin tətbiqi və otlaq sahələrinin səmərəli idarə olunması məqsədi ilə tədbirlər görülməsi, idarəetmə planlarının hazırlanması və pilot layihələrin tətbiqi,“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əməl olunmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, meşə ilə örtülü ərazilərin inventarlaşdırılmasında və monitorinqinin aparılmasında müasir metodikanın tətbiqi planlaşdırılıb.

Məsələyə münasibət bildirən ekoloq Telman Zeynalovun isə hesab edir ki, təbiətə ən çox ziyan insanların istifadə etdiyi silahlar vasitəsilə dəyir: “Əslində Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman respublikanın təbiətinə çox ağır zərbələr vurulmuşdu. Amma ölkəmiz müstəqilliyini əldə etdikdən sonra bu sahədə müəyyən işlər görülüb. Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 min hektara yaxın meşə zolağı salıb. Bu da biomüxtəlifliyin qorunmasında görülən mühüm işlərdəndir. Ümumiyyətlə, təbiətə ən çox ziyan insanların istifadə etdiyi silahlar vasitəsilə dəyir. Təbiətdə müxtəlif fauna və flora növləri yox olduqca, onlar yeniləri ilə əvəzlənir. Yəni, təbiət ona uyğunlaşır. Bu, təbiətin qanunudur. Heç kəs ona müdaxilə edə bilməz. Ancaq son zamanlarda insanlar müxtəlif cür silahlardan istifadə edirlər. Bu silahların zərəri təbiətin üzərində çox mənfi fəsadlarla görünür”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 557