“Azərbaycanı gəzməyə Gəncədən başlayacağam” – Növbər Fərit Veçhi

16:40 14.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda Quzey Kipr Türk Cümhuriyyətinin və qısaca adıyla - Kıprısın ölkəmizdəki təmsilçiliyinə yeni xanım rəhbər təyin olunub – Növbər Fərid Veçhi. Təmsilçilikdə görüşüb, söhbət elədim. O qədər gülərüz, mehriban, istiqanlıdır ki, bir sözlə, həmsöhbət olan hər kəs onu öz doğması bilir. Tanış olduq, ölkəmizə baxışlarını soruşdum, iş həyatından, Azərbaycanda reallaşdırılmasını istədiyi layihələrdən söz açdıq. Deyir dünən Bakının yaxın ətrafında yerləşən bəzi turist məkanlarına baş çəkib, amma pandemiya şəraiti bir az da yaxşılaşsın, bütün Azərbaycanı gəzməyə başlayacaq. Özü də gəzməyə Gəncədən başlayacaq. Çünki bu şəhərin Azərbaycanın ilk paytaxtı olduğunu bilir.

Beləliklə, gəlin Yavru vətən Kıprısın ölkəmizə yeni təyin olunan nümayəndəsi xanım Növbər Ferit Veçhi ilə söhbətimizə misralara göz gəzdirməklə tanış olaq:

- Uzun illərdir Quzey Kipr Türk Cümhuriyyəti Xarci İşlər Nazirliyi sistemində çalışmaqdayam. İndiyədək bir çox ölkədə işləmişəm. Əvvəlki iş yerim Brüssel olub. Daha sonra Strasburqda işimi davam etdirmişəm. Bir neçə il sonra İtaliyadakı – Romada yerləşən təmsilçiliyə rəhbərlik etmişəm. Azərbaycana təyin olunmadan öncə isə, Strasburqda çalışırdım. İşlərim tək xarici təmsilçiliklərdə olmayıb, KKTC Xarici İşlər Nazirliyində Protokol şöbəsinin xeyli meddət müdiri olmuşam.

- Uzun illərin təcrübəsini yığmısınız, neçə ildir diplomatik sistemdəsiniz?

- Hə, xeyli var. 1986-cı ildən Xarici İşlər Nazirliyindəyəm – 34 ildir.

- Ailənizdən kimlərlə gəlmisiniz Bakıya?

- Yoldaşımla birlikdə gəlmişəm. Bir oğlum var, böyük oğlandır – evlidir və hazırda Kıprısda yaşayır.

- Azərbaycan xoşunuza gəldimi, necə gördünüz buraları?

- Azərbaycana gəldiyim vaxtlar hər yan pandemiya səbəbindən qapalıydı deyə, istəsəm də çox yerləri gəzib görə bilmədim. Amma son vaxtlar yumşalma hiss olunur və əlbəttə ki, bir çox yerlərdə karantin tətbiqi aradan qaldırılır. Biz də vəziyyətdən istifadə edərək yaşadığımız Bakının görməli yerlərini gəzməyə, şəhəri kəşf etməyə başladıq. Özü də ayaqla gəzməyə üstünlük veririk - bu daha yaxşıdır...

- Bəyəndinizmi şəhərimizi?

- Əlbəttə, çox gözəldir Bakı, genişdir, dənizin olması heyranediciliyi daha da artırır, təmiz və səliqəli küçələri, memorial baxımdan binaları cəlbedicidir. Binaların çöl divarlarını üzləmək üçün istifadə edilən üzlük daşlar var ha, çox xoşuma gəldi. Belə deyim, Bakının olduqca sakitlik gətirən, adama hüzur verən görünüşü var. Hə, deməyi unutmuşdum, Bakının küləyini də sevdim...

- Bakının özü kimi mətbəxi də zəngindir, bunu ölkəmizə gələn bütün əcnəbi qonaqlar deyir...

- Şirniyyatlarınız məni valeh elədi. Çeşid-çeşid yeməkləriniz var, hamısı da bir-birindən ləziz. Açığını desəm, pandemiya səbəbindən hələlik bu yeməklərdən çoxunu dadmamışam, amma sağ olsun bəzi azərbaycanlı dostlar, onlar məni bəzi yeməklərə qonaq ediblər.

- Hansı yeməklərimiz xüsusi zövq verdi sizə?

- Aşınız superdir. Bir də, Azərbaycanda ət çox dadlıdır. Hətta ət yeməklərini qətiyyən xoşlamayan mən burada sürəkli ət yeməyə başlamışam (gülür). Ümumiyyətlə desəm, özümü doğma vətənimdə hiss edirəm. Azərbaycanda hər yer, hər şey, hər kəs mənə doğmadır. Burada insanlar çox qonaqpərvər, dostcanlıdırlar. Əsas da ki, köməyə ehtiyacın ola, hərə əlindən gələn qədər yardım etməyə çalışır.

- Belə başa düşdüm ki, hələ Bakıdan kənara çıxmamısınız...

- Çıxmışam. Dünən ilk dəfə Qobustana getmişəm. Çox möhtəşəm yerdir, ilk insanların necə yaşadığını təcəssüm etdirir. Daha sonra Atəşgaha baş çəkdim, çox gözəl kompleksdir, xoşuma gəldi. Hə, bir də palçıq vulkanlarını görməyə getmişdim, onlar da heyrətedicidir. Amma yəqin ki, pandemiya belə davam etməyəcək, vəziyyət düzəlsin, bütün Azərbaycanı gəzib görmək istəyirəm. Dağlarınızı, Şəkini, Qəbələni, İsmayıllını, Qubanı... Eşitdiyimə görə, Qubada əllə çox gözəl xalılar toxunur, alması da məşhurdur. Amma Azərbaycanı gəzməyə Gəncədən başlayacağam. Çünki bura Azərbaycanın ilk paytaxtı olub. Əslində bütün Azərbaycanı görmək istərdim. Burada insanlar o qədər mehribandırlar ki... Mən daha əvvəllər Fransada oldum, fransızlarla qətiyyən müqayisə eləmək istəməzdim azərbaycanlıları. Fransızlar daha soyuqqanlı, adamayovuşmaz, pessimistdirlər,  azərbaycanlılar isə istiqanlı, gülərüzdürlər.

- Nə əcəb, əvvəllər heç vaxt Azərbaycana gəlməmisiniz?

- İmkan olmayıb. Bütün illərimi işdə, özü də xaricdə keçirmişəm - Belçikada, Fransada. Əlbəttə, geri dönəndə də ilk olaraq adam öz vətənini görmək, yaxınlarının, əzizlərinin yanında olmaq istəyir. Amma hər işin bir xeyri varmış, nəsib oldu mənə ki, Azərbaycana təyinat aldım və bu gözəl ölkəni gördüm. Bu baxımdan çox xoşbəxtəm.

- Oğlunuza söylədinizmi Azərbaycanda gördüklərinizi, onda da maraq yarada bildinizmi ölkəmizlə bağlı?

- Oğluma nəsə deməyimə ehtiyac yoxdur, onsuz da gələcək. Bakıda “Ralli” keçirilir ha (Formula-1yarışları – V.T.), oğlum bu yarışların vurğunudur. Mən bura gələndə dedi ki, get, yarış başlayanda mən də Bakıda olacağam. İnşallah. Pandemiya vəziyyəti sona çatar, Bakıda yenidən “Ralli” keçirilər və oğlum da ailəsi ilə birlikdə qonağımız olar. İndi də gələ bilərlər, burada problem yoxdur, amma geri qayıdarkən iki həftə karantində qalmağa məcbur olacaqlar. Ona görə də gözləyirlər.

- Bakının havası yormadı sizi? Görürsünüz, hava həm isti, həm də çox rütubətlidir...

- İndi Kıprısda da hava rütubətlidir. Əvvəl yaxşı idi, quraqlıq idi, günün altında gəzəndə tərləməzdin, bu günsə yox, qlobal istiləşmə təbii şəraiti dəyişir adada. Üstəlik, yeni tikililər, yaşıllıqların azalması və sair də Kıprısda təbiəti dəyişməkdədir.

- Tutaq ki, sabah karantin rejimi tamamilə aradan qalxdı, istirahətəmi deyim, işgüzar görüşəmi, hara gedəcəksiniz?

- Gəncəyə. Yalnız bu şəhəri görəndən sonra digər bölgələrə baş çəkəcəm. Amma siz də bildiyiniz maraqlı yerləri tövsiyyə etsəniz sevinərəm...

- Azərbaycana gələn bütün diplomatlar bir qayda olaraq yollarını yaşıl meşələrlə örtülü dağlara – kurort bölgələrə salarlar. O baxımdan daha eksklüziv, həm də yaddaqalan səfər olsun deyə daha çox diqqətdənkənar bölgələrə getməyinizi arzu edərdim. Beyləqana, Biləsuvara, Füzuli rayonuna... Biləsuvarda çoxlu məcburi köçkün qəsəbəsi salınıb, siz o insanlarla təmasda olsanız, həyatınız boyu unutmayacağınız maraqlı xatirələr toplayacaqsınız. Köçkün insanlar bir tikə çörəklərini böləcəklər sizinlə, əsl insanlıq, əsl qardaşlıq və yardımlaşma o qəsəbələrdədir. Ordakı insanlar görüşlərinə gələn hər bir diplomata ümidlə baxırlar...

- Mütləq gedrəm, çox maraqlı olar mənə.

- Hansı planlarla gəldiniz, Çalışdığınız müddətdə ölkələrimiz arasında hansı addımların atılmasını istərdiniz?

- Birincisi, Azərbaycandakı təmsilçiliyimizin statusunun daha da genişləndirilməsini istərdim. Daha sonra, hazırda Kıprısda yüzlərlə azərbaycanlı tələbə təhsil alır, istərdik onların sayı daha da artsın. İstərdim həmin tələbələrin problemlərini araşdırıb, çətinliklərdən qurtulmalarına kömək göstərilsin. Bu yönümdə tələbələrin Kıprısa gedib gəlmələrinin daha ucuz başa gəlməsi üçün nəsə edə bilərik deyə düşünürəm. Çünki birbaşa yol olmadığı üçün əvvəl İstanbula, sonra Lefkoşaya uçurlar deyə, yolxərci də artır. Qarşılıqlı olaraq turistlərin sayını artırmaq lazımdır. Düzdür, birbaşa reyslər olmadığından bu məsələdə çətinlik var, amma çarter reyslər açmaqla bu problemi də ardan qaldırmaq mümkündür.

- Bu gün bir problem var: Azərbaycanda böyüyən yeni nəsil Quzey Kipr Türk Cümhuriyyətini çox az tanıyır və ya heç tanımır. Bu gün ali məktəb oxumaq istəyən gənclər bilmirlər ki, Kıprıs universitetləri Avropa Universitetlər Birliyinin üzvüdürlər və aldıqları diplom bütün Avropada keçərlidir. Məncə Azərbaycanın orta təhsil müəssisələrində Kıprıs universitetləri təşviq olunmalıdır...

- Dərs ilinin ikinci yarısında, yəni yanvardan sonra məktəblərdə bu yönümdə tanıdıcı-təşviqedici fəaliyyətə başlayacağıq.

- Hazırda Kıprıs universitetlərində nə qədər azərbaycanlı tələbə təhsil alır?

- Bildiyim qədər, 2019-ci ildə 400 civarında olub. Amma ümid edirəm gələcəkdə bu sayı daha da artıra biləcəyik.

- Rəhbərlik etdiyiniz təmsilçiliyin əsas işi təcarət əlaqələrini qurmaqdır. Ölkələrimiz arasında ticarətin səviyyəsi necədir?

- İş adamlarını, əmlakçıları və sair bir araya gətirərək tanış etmək və onların öz aralarında razılaşmalar imzalamasına çalışırıq. Bununla yanaşı, turizm sektoru və təhsil sahəsi də iqtisadi əlaqələri genişləndirən vacib vasitələrdir. Son vaxtlar Azərbaycan vətəndaşları Kıprısda mülklər alırlar və bu da bizim əmlakçıların diqqətindən qaçmır. Belə deyim: ilk işimiz iş quracaq şəxsləri və tərəfləri görüşdürməkdir. Yəni biz vasitəçiyik və funksiyamızı yerinə yetirəcəyik.

- Kıprıs portağalı, özünəməxsus kartofu, adını bilmədiyim, kaktusabənzər tikanlı ənciri və sairlə məşhurdur. Həmin məhsulları az həcmdə də olsa, niyə Azərbaycan bazarında görə bilmirik? Olmazdımı ki, burada bir Kıprıs ticarət mərkəzi açasınız, heç olmaya Kıprısı təmsil edən məhsulları oradan ala bilək...

- Çox maraqlı təklifdir və mən fəaliyyətim müddətində çalışacağam ki, bunlar reallaşsın. “Hellin pendiri”ni buradakı marketlərdən birində gördüm, qiyməti də çox yüksək, amma orijinal olub-olmadığını bilmirəm. Deyəsən hansısa türk firması öz brendi kimi gətirir. Portağal, kartof, ənginar, Kıprısın özünəməxsus digər ərzaqları, qeyri-ərzaq məhsulları da var ki, onları Azərbaycan bazarına çıxarmaq yaxşı olardı.   

Oxunma sayı 11287