“Azərbaycanı ikinci vətənimiz olaraq görürük” – Bahadır Yaşık

10:27 20.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin öndə gələn otelləri ilə əməkdaşlığın inkişaf etdirilməsi və şəhər turizminin tanıdılması məqsədilə təşkil olunan workshop zamanı tanış olduğumuz İstanbul Ticaret Odası İdarəetmə Şurasının üzvü, eyni zamanda tədbiri təşkil edən İstanbul Konqres və Ziyarətçi Bürosunun sədr əvəzi Bahadır Yaşıkla ayaqüstü söhbətimiz oldu. Tədbirin mahiyyətindən, məqsədindən söz açdı, İstanbulda turizmin inkişafından, gələcək planlardan danışdı. Maraqlı iş adamıdır. Gəlin Bahadır bəylə söhbətimizin mətnini müsahibəni oxuyaraq tanış olaq:

- İştirakçısı olduğumuz bu tədbiri mütəmadi şəkildə fərqli ölkələrin şəhərlərində keçirməkdəyik. Məsələn, Azərbaycana gəlmədən öncə son olaraq İstanbulumuzu İspaniyada – Barselonada tanıtdıq və bu işləri davam etdirməkdəyik. Azərbaycan bizim üçün çox vacib ölkədir. Niyə, çünki bu ölkəni ikinci vətənimiz olaraq görürük və əminəm ki, Azərbaycanda da Türkiyəyə münasibət eynidir.

- Neçə iş adamı ilə gəlmisiniz?..

- Hazırda 40 otelin nümayəndəsi burada tanıtım işini həyata keçirməkdədir. Əslində bilirsiniz ki, İstanbulu tanıtmağa, reklam etməyə ehtiyac yoxdur. Çünki 8,5 min illik tarixə sahib olan bu şəhər bütün dövrlərdə Bizansdan Romaya, Osmanlıyadək olan dövrlərdə tarixə və ortaq mədəniyyətlərə ev sahibliyi edib. Bu mənada iştirakçısı olduğunuz tədbirləri keçirməklə mədəniyyətimizi, tariximizi təkrarən tanıtmaq borcumuzdur. Şəxsən biz İstanbul Ticarət Odası olaraq bu cür tədbirlərin keçirilməsini vacib sayırıq. Təsəvvür edin ki, biz bir il ərzində 54 sərgidə iştirak etmişik. Bu sərgilərin hamısı heç də turizm sektorunu əhatə etmir. Zərgərlikdən tutmuş inşaata, toxuculuğa – xarici ticarətə aid bütün sahələr üzrə sərgilərdə fəal iştirak edirik.

- İstanbul Ticarət Odasının neçə üzvü var və bu təşkilat üzv qurumlara nə kimi fayda verir?

- Təxminən 430 min üzvümüz var. Bu qədər üzv olduğu üçün xarici ticarətin həcmini artırmağı özümüzdə məsuliyyət olaraq görməkdəyik. İstanbul Ticarət Odası böyüklüyünə görə dünyada üçüncü yerdədir və Türkiyə iqtisadiyyatının 49 faizini özündə cəmləyir. Belə demək mümkündürsə, Türkiyədəki hər dörd şirkətdən biri İstanbul Ticarət Odasının üzvüdür. İşimiz üzvləri tanıtmaq, inkişaflarına dəstək verməkdir. Bu gün toplaşdığımız bu tədbir də gördüyümüz işlərdən biridir.

- Ticarət Odası olaraq Azərbaycanla əməkdaşlığınız hansı səviyyədədir?

- Dediyim kimi, Odanın 430 min üzvü olması ilə yanaşı, 260 Məclüs və 11 nəfər də İdarəetmə Şurasının üzvü var. Bu üzvlərin hər biri dünyanın fərqli regionu ilə əlaqələrlə məşğuldur. Məsələn, biri Amerika bölgəsi, digəri Yaxın Şərqlə, bir başqası Uzaq Şərqlə və sair. Əslində mənim məşğul olduğum bölgə Qafqaz deyil, amma məsələ ondadır ki, İstanbul Ticarət Odası olaraq Azərbaycana çox böyük önəm verməkdəyik. Çünki Azərbaycanın potensialı olduqca böyükdür. Mənəvi yaxınlığı da nəzərə almaq lazımdır. Bir misal çəkim: uzun aradan sonra Türkiyənin Milli Futbol Komandası Avropa çempionatında oynamağa başlayıb. Nəzərə alın ki, komandamız iki oyunu – İsveç və Şotlandiya ilə məhz öz meydanımızda oynayacaq. Təbii ki, bu, Türkiyədə böyük coşqu ilə qarşılanıb. Azərbaycanda gördüyümüz uğurları da eynən belə qarşılayırıq. Türkiyədə Azərbaycanı çox doğma, çox əziz tuturlar. Bir zamanlar Bəxtiyar Vahabzadə yazırdı: İki dövlət, bir millət. İkisi də Cümhuriyyət, biri Türkiyə, biri Azərbaycan.  

- İstanbul kimi böyük turist mərkəzinə gələn milyonlarla turisti qəbul edib, yerləşdirmək üçün çox sayda otellazımdır. Təxmini deyə bilərsinizmi, neçə otel var İstanbulda?

- Məndəki məlumata görə 4500-dən çoxdur. Amma tikintisi davam edənlər də var. Hesab edirəm 2020-ci ilin sonunadək İstanbulda otellərin sayı 5 mini aşacaq.

- Ulduzlarına görə təsnifatı aparılırmı?

- Ulduzlarına görə fərqləndirmək doğru olmazdı. Düzdür, İstanbulda həm ulduzlu, həm də ulduzsuz, yəni bələdiyyə otelləri var. İstanbul Otelçilər Birliyinə ancaq ulduzlu otellər üzv olsa da, biz Ticarət Odası olaraq belə ayrıseçkilik etmirik. Yəni həm ulduzlu, həm də ulduzsuz otellər bizim quruma üzv ola bilər.  

- Məncə daha az ulduzlu otellərin sayı çox olsa, gələn turistlərin də artmasına səbəb ola bilər. Məsələn, Azərbaycanda da indiyədək əsasən çoxulduzlu otellər tikilib, bu da gələn turistlərin cibinə uyğun olmadığı üçün hazırda az büdcəli otellərin tikintisinə başlanılır...

- Türkiyədə, məsələn, beşulduzlu otellər də var, üçulduzlusu da, bələdiyyə oteli, pansionat da. Yəni gələn hər bir turist cibinə uyğun otel tapa bilər. Bu gün əsas məsələ otellərin rəqəmsal sistemə keçməsidir. Dünyanın o başında yaşayan, amma İstanbula gəlmək istəyən bir turist məhz bu sistemin köməkliyi ilə şəhərimizdə özünə uyğun oteli tapa və öncədən otaq kiraləyə bilər. Amma bu gün biz daha çox normadan artıq pul xərcləyən turistlərin gəlməsinə çalışırıq. Məsələn, Konqres turizmini götürək. Bu sahədə gələn turistlər normal turistdən üç dəfə çox – 2 min dollar xərcləyir. Yəni normal turistin xərclədiyi vəsait ortalama 600 dollar civarında olur. Amma bütün hallarda turistlərin sayını artırmaq əsas şərtdir və bunun üçün də yetərli sayda ixtisaslı işçi qüvvəsinə ehtiyac duyulur. Gələn turistə elə xidmət göstərilməli, elə rəftar edilməlidir ki, o, ikinci dəfə də gəlsin və hətta ölkəsinə qayıdandan sonra bu məkan haqqında ətrafındakı insanlara xoş təəssüratlar danışıb, dolayısı yolla reklamımızı etsin.

- Mütəmadi olaraq Türkiyənin turizm bölgələrinə endirimli turpaketlər açıqlanır. Amma maraqlıdır ki, bu cür güzəştlər İstanbuldakı otellər üçün nəzərdə tutulmur. Bunun səbəbi nədir?

- Siz deyən endirimlər adətən Antalya, Kəmər və sair üçün olur. Çünki onlarda otelə girərsən, gündə üç dəfə yeməyini də orda yeyərsən, dəniz yanında, hovuzu, digər istirahət xidmətləri də həmçinin. Amma İstanbul tarix, mədəniyyət mərkəzidir. Heç bir endirim olmadan da İstanbul artıqlaması ilə müştərisini çəkir və hətta son illər gələn turistlərin sayına görə rekord da əldə edib.

- Ən çox turistlər hansı ölkədən gəlir İstanbula, belə bir araşdırma aparılıbmı?

- Son iki ilədək ən çox turistin Yaxın Şərq ölkələrindən gəldiyini görürdük. Amma bu gün onların sayında azalma hiss olunur. Ola bilər biz bazar anlayışımızı dəyişib Avropaya yönəlmişik. Nəticəsi də budur ki, hazırda İstanbula ən çox Almaniyadan turist gəlir. Onları say etibarı ilə İran, İraq izləyir. Bu da təbidir, onlar qonşularımızdır. Şərqi Asiya ölkələrindən gələnlərin sayı artıb. Bilirsiniz, bu gün İstanbulda dünyanın ən böyük hava limanı fəaliyyət göstərir. Bu da tranzit sərnişinlərin sayını xeyli artırıb. Odur ki, biz tranzit sərnişinlər üçün qısamüddətli, məsələn birgünlük şəhərdaxili turlar təşkil edirik ki, gəzib-görsünlər və ölkələrinə qayıdandan sonra yenidən Türkiyəyə gələrək dincəlmək istəsinlər.

- Son illər Azərbaycandan Türkiyəyə gedən turistlərin də sayı artıb...

- Məndəki məlumata görə, 2018-ci ildə 750 minədək azərbaycanlı turist  Türkiyəni ziyarət edib. Bu ilin 10 aylıq statistikasına nəzər saldıqda isə bu rəqəmin daha da artdığını və 780 minə çatdığını görürük. Belə düşünmək olar ki, ilin sonunadək bu rəqəm 850 minədək yüksələcək.

- 2019-cu ili başa vururuq. Bu bir il ərzində İstanbula toplam nə qədər turist gətirə bildiniz?

- 10 aylıq rəsmi statistikaya nəzər salsaq İstanbula 12,7 milyon turist gəlib. Bu isə şəhərimiz üçün rekord rəqəmdir. Planımız vard ki, bu il İstanbula əhalsiinin sayından daha çox turist cəlb edək. Hər halda turistlərin İstanbula böyük axımını görürük. Məncə il başa çatanda, biz bu istəyimizə nail olacağıq. Yəni 15 milyondan çox turistin İstanbula gəldiyini görə biləcəyik.

Oxunma sayı 233